Modern.az

Partiyalar seçki kampaniyasını necə aparacaq? - SORĞU

Partiyalar seçki kampaniyasını necə aparacaq? - SORĞU

21 Sentyabr 2015, 17:03


Milli Məclisə keçiriləcək seçkilərə az vaxt qalır. Artıq Dairə Seçki Komissiyasında (DSK) bir çox namizədlər deputatlığa namizədliklərini təsdiq etdiriblər. Hətta, imzatoplama kampaniyasına da start verilib.

Maraqlıdır, siyasi partiyalar öz seçki kampaniyalarını necə aparacaqlar? Təbliğat-təşviqat kampaniyasını necə qurmağı düşünürlər? Maliyyə vəsaiti necə təşkil olunacaq?

Modern.az saytı bir neçə siyasi partiya ilə əlaqə saxlayıb.

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə seçki kampaniyasını qapı-qapı formasında həyata keçirəcəyini deyib.

“Yəni qapı-qapı gəzib vətəndaşlarla görüşüb, seçki kampaniyamı o formada aparacam. Bundan başqa üsul düşünmürəm. Maliyyə məsələsinə gəlincə, vəsaitim olsa, televiziyada çıxış etmək üçün adımı yazdıraram. Ona görə də öz şəxsi vəsaitim hesabına seçkilərdə iştirak edəcəm”.

Azərbaycan Demokrarik İslahatlar Partiyasının sədri Asim Mollazadə seçki kampaniyasına başlamaq üçün partiyasının təcrübəsindən yararlanacağını bildirib.

“Çünki seçkilərlə bağlı bizim partiyanın böyük təcrübəsi var. Kampaniya aparmaq üçün bir neçə üsullardan istifadə edəcəyik. Təbii ki, seçicilərlə birbaşa ünsiyyət, o cümlədən seçiciləri qapılarında ziyarət etmək kimi üsullardan istifadə edəcəyik.  Maliyyə məsələsinə gəlincə, deyə bilərəm ki, qanunda necə tələb olunursa, o formada da olacaq”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn hələ ki, seçki kampaniyasına başlamadığını deyib.

Hələ ki, təbliğat-təşviqat kampaniyasına başlamamışam. Başlayacağımız tədbirdə maliyyə məsələsini öz hesabımıza həll edəcəyik”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə seçki kampaniyasının Seçki Məcəlləsinin sənədlərinə  uyğun olaraq aparılacağını deyib.

“Seçki təbliğat kampaniyası dövründə qanunla nəyə icazə verilirsə,  həmin  icazə verilən formalarınn hər birindən istifadə etmək haqqında düşünürük. Maliyyə məsələsini isə hər bir namizəd özünün şəxsi vəsaiti hesabına, yəni, qohumlarından, dostlarından topladığı vəsait hesabına həyata keçirmək məcburiyyətindədir”.

Yeni Azərbaycan Partiyası mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev hakim  partiya tərəfindən irəli sürülən deputatlığa namizədlərin seçicilərə tanıdılmasında bütün vasitələrdən istifadənin mümkünlüyünü vurğulayıb. 

“Təbliğat-təşviqat kampaniyası 21 bir gün ərzində davam edəcək. Seçki qanunvericiliyinin bizə verdiyi bütün imkanlardan maksimum dərəcədə yararlanmağa çalışacağıq. Təbii ki, bura İctimai Televiziyadan qeydiyyatdan keçmiş partiyalar üçün ayrılmış efir vaxtından tutmuş fərdi namizədlər üçün pulsuz efir vaxtı, o cümlədən, kütləvi informasiya vasitələrində partiya tərəfindən irəli sürülən namizədlərin seçicilərə təqdimatı, tanınması üçün bütün mümkün vasitələrdən istifadə ediləcək. Yeni Azərbaycan Partiyası seçki komissiyasında qeydiyyatdan keçmiş  partiya kimi özünün seçki fondunu yaradacaq.

Bu seçki fondu partiya üzvlərindən könüllülük prinsipi əsasında toplanmış ianələr hesabına formalaşır. İrəli sürülən namizədlərin seçicilər tərəfindən tanınması və dəstəklənməsi üçün bütün vasitələrdən maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Bu istiqamətdə kifayət qədər təcrübəmiz var”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir