Modern.az

Baş redaktor “Nuşirəvan və "bayquşlarının” sərgüzəştləri"nə görə məhkəməyə verildi

Baş redaktor “Nuşirəvan və "bayquşlarının” sərgüzəştləri"nə görə məhkəməyə verildi

21 Sentyabr 2015, 17:49

“Bu iddia “AzPolitika”ya təzyiq cəhdidir. Məhkəməyə iki maddi sübut təqdim edəcəyik”

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi polkovnik Nuşirəvan Səfərov “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib. Polis rəisi bu saytın 31 avqust tarixli buraxılışında yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib və E.Məhərrəmlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edib.

İddia ilə bağlı hazırlıq iclası sentyabrın 22-də Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, sözügedən yazıda Dövlət Yol Polisi İdarəsi (DYPİ) Azərbaycanda əhalinin ən çox narazılıq etdiyi, vətəndaşları dövlətdən incik salan, rüşvətin geniş yayıldığı dövlət qurumlardan biri kimi təqdim olunub və bu iddia konkret faktlarla əsaslandırılıb. Həmçinin, Azərbaycanda, xüsusən də paytaxt Bakıda yol polisinin yarıtmaz, qanunlara sayqısız, dövləti gözdən salan, rüşvətə geniş meydan verilmiş fəaliyyətinə rəvac verən faktorlar sadalanıb və təbii ki, bu sistemin başında duran konkret şəxslər, o cümlədən Nuşirəvan Səfərov da haqlı tənqid olunub.


Bu tənqidlərə görə N.Səfərovun təkzib, üzrxahlıq tələb etmədən, yazıdakı iddialara aydınlıq gətirmədən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi düşündürücüdür.E.Məhərrəmli hesab edir ki, bu məhkəmə iddiası “AzPolitika”ya qarşı təzyiq və hətta şantaj cəhdidir:

“Hörmətli N.Səfərovu qəzəbləndirən yazıda iddia olunub ki, ən yüksək səviyyədə tənqidlərə, xəbərdarlıqlara, hüquqi müstəvidə və KİV-də ifşalara baxmayaraq, DYP-nin işində ciddi dönüşə nail olunması mümkün olmur. DYP-də korrupsiya və rüşvət var. DYP vətəndaşları sortlara bölür və hansısa maraqların təmin olunması qarşılığında “imtiyazlı sürücülər” təbəqəsi formalaşdırıb. Buna görə bu sistemin başında duranlar hüquqi və mənəvi məsuliyyət daşıyır. Yalandırmı? Nə vaxtdan “yol polisində rüşvət var” demək təhqirdir və buna görə jurnalistləri həbs etdirirlər? Məgər Azərbaycanda yol polisində rüşvətin tuğyan etdiyi yeni söhbətdir? Yəni bunu bilməyən var?!
Cənab Səfərov hesab edirsə ki, bunlar yalan və böhtandır, biz əlavə sübutlarımızı məhkəmənin və saytımızın çoxminli oxucularının diqqətinə çatdırmağa hazırıq.”

Baş redaktor deyir ki, sözügedən yazıda bir neçə ciddi məsələ qoyulub, lakin N.Səfərov məhkəməyə təqdim etdiyi iddia ərazəsində bu məsələlərin üzərindən sükutla keçir. “N.Səfərov mahiyyəti bir kənara buraxaraq, 2-3 sözün “quyruğundan tutub”. Yazıda N.Səfərovun üzərindən sükutla keçdiyi 3 məqamı xatırlatmaq istəyirəm.

Birincisi, BŞDYPİ-də sərxoş sürücülərlə bağlı şöbəyə rəhbərlik edən Nuşirəvan Səfərovunbacısı oğlu Namiq Kərimovun sürücüdən 2500 manat rüşvət alarkən həbs olunduğu haqda iddialar var. Ötən il KİV-lər bu haqda geniş materiallar dərc edib. N.Səfərov heç vaxt bu haqda danışmayıb, indi iddia ərizəsində də söz açmır. Ümid edirəm ki, məhkəmədə bu məsələyə aydınlıq gətiriləcək.

İkincisi, BŞDYPİ tarixinin ən böyük ifşasını Nuşirəvan Səfərov bu idarəyə rəis təyin olunduqdan bir neçə ay sonra yaşayıb. Söhbət tarixə yol polislərinin “bayram şənliyi” kimi keçən videokadrlardan gedir. Kadrlarda yol polisi əməkdaşlarının Bakının mərkəzində – Təhsil Nazirliyi yaxınlığında maşınları saxladıb, sürücülərdən açıq-aşkar, qorxub-çəkinmədən rüşvət yığdıqları əks olunmuşdu. N.Səfərov bu biabırçılıq haqda da heç vaxt danışmayıb və iddia ərizəsində də söz açmır.
Ümid edirik ki, məhkəmədə bu rüsvayçılığa görə N.Səfərovun hüquqi və mənəvi məsuliyyəti məsələsi də aydınlaşacaq.

Üçüncüsü, yazıda DYP-nin sürücü-vətəndaşları sortlara bölməsi məsələsi qoyulub və konkret sübut göstərilib. Sual olunub ki, N.Səfərov hansı qanuna əsaslanaraq, Nəcməddin Sadıkovun qayda pozan oğlunu saxladığına görə DYP inspektorunu danlayıb və işdən çıxarıb. N.Sadıkovun oğlunu DYP niyə saxlaya bilməz?! Hansı qanun ona toxunulmazlıq hüququnu verir? N.Səfərovun məhkəmədə bu məsələyə də aydınlıq gətirəcəyini gözləyirəm.”


Sayt rəhbəri deyir ki, DYP-də rüşvətə geniş meydan verildiyinə və sürücülərin “imtiyazlılar” – “imtayazsızlar”, olaraq, iki qrupa bölünduyunə dair xüsusi sübutlar göstərilməsinə ehtiyac olmasa da (Dövriyyədə minlərlə belə sübut olduğuna görə), məhkəmədə iki maddi sübutun araşdırılmasına xüsusi diqqət yetiriləcək. “Məhkəməyə biri videokadr, biri audioyazı olmaqla, iki maddi sübut təqdim edəcəyik. Videokadrlarda “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri” yazısı yayımlandıqdan 3 gün sonra – N.Səfərovun iddia ərizəsi məhkəməyə təqdim olunan tarixdə elə mənim maşınımın DYP tərəfindən saxlanılması və rüşvət istənilməsi görüntüləri öz əksini tapıb. DYP işçisi həyasızcasına sürücüdən 50 manat tələb edir, sonda 30 manata razılaşır. “Bizim işimiz budur, saxlayıb 30-40 manat alıb buraxırıq”, deyə sırtıqlaşaraq bildirir. Bilmək istəyəcəyik ki, bu görüntülərin Nuşirəvan müəllimin “tər-təmiz mənəvi dünyasına” aidiyyatı varmı?
Audioyazıda isə Nəcməddin Sadıkovun oğlunun saxlanmasına görə Nuşirəvan Səfərovun öz işçisinə təzyiqləri haqda danışıqlar öz əksini tapıb. DYP rəisinin hansı əsasla N.Sadıkovun oğlunu qanunların fövqündə saxladığını da bilmək maraqlı olacaq.”

E.Məhərrəmli hesab edir ki, N.Səfərovun xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi “AzPolitika”nı təzyiqlə “yazının sifarişçisini” açıqlamağa məcbur etmək məqsədini daşıyır. “Yazı yayımlandıqdan sonra N.Səfərovun “elçiləri” bir neçə dəfə redaksiyamızda olublar. N.Səfərovun yazının sifarişlə yazıldığına əmin olduğunu bildiriblər. “Niyə 5 gün əvvəl yox, indi yazılıb” deyə, ortaya məntiqsiz suallar atıb, “sifarişçinin” DİN sistemində olduğunu bildiklərinə eyham vurublar. İnsan nə qədər xoflu olmalıdır ki, mətbuatda barəsində dərc olunmuş tənqidi yazının sifarişçisi kimi, özünün böyük rəislərindən, rəhbərlərindən şübhələnsin və müxtəlif vasitələrlə bu barədə redaksiyadan “ifadə almağa” cəhd etsin…”

Yeri gəlmişkən, son illərdə Azərbaycanda xüsusi ittiham qaydasında iddiaya görə jurnalistin həbs olunması faktına rast gəlinməyib. Prezident İlham Əliyev bir neçə dəfə məmurları tənqidə dözümlü yanaşmağa, jurnalistlərlə məhkəmə çəkişmələrindən çəkinməyə çağırıb. Əksəriyyət Prezidentin bu çağırışına əməl edir. Lakin arada N.Səfərov kimi, mətbuatı susdurmaq, hansısa məlumatı əldə etmək, kimlərəsə qarşı kompromat toplamaq üçün məhkəmədən təzyiq kimi istifadə etmək yolunu tutanlar da olur…

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir