Son günlər ölkə ərazisində baş verən yol nəqliyyat hadisələrinin sayı artmaqdadır. Bir neçə gün ərzində aramsız yağan yağışlar zamanı isə dəhşətli qəzaların şahidi olduq. Maraqlıdır, yol nəqliyyat hadisələri daha çox həftənin hansı günlərində və hansı saatlarda qeydə alınır?
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Modern.az saytına bildirib ki, bu günə qədər baş verən hadisələr təhlil edilən zaman, yol nəqliyyat hadisələrinin əsasən şənbə və bazar günləri, günün qaranlıq saatlarına təsadüf etdiyi meydana çıxır.
Onun sözlərinə görə ümumi hadisələrin yarıdan çoxu məhz bu zamanlarda qeydə alınır: “ Əsasən şənbə və bazar günləri saat 18:00-dan 24:00-a qədər”.
Hamının xatirindədir ki,ötən günlərdə polisin iştirakı ilə bir neçə yol nəqliyyat hadisəsi baş vermişdi. Məsələyə dair polkovnikdən polislərin iştirakı ilə baş verən qəzaların statistikasını soruşduqda, şöbə rəisi qəzəbini gizlətmədi:
“Sürücü polis, alim, müəllim, fəhlə də ola bilər. Sükan arxasında oturanları hansı səbəbdən kateqoriyaya bölürsünüz? Siz nəyə görə polislərin iştirakı ilə baş verən qəzalarla maraqlanırsız?! Niyə sükan arxasında oturan xanımların iştirakı ilə bağlı statistikanı soruşmursunuz?!Bu araşdırmanı nədən ötrü aparırsınız?! Maddi marağınız nədir?! Bununla nə əldə edəcəksiniz?!”..
V.Əsədova elə özünün, xanımların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin statistikasını açıqlamasını xatırlatdıq: “Bu qaydalara ziddir, amma nə edim? Hamınız zəng edib soruşursunuz, mən də açıqlamaq məcburiyyətində qalıram”.
P.S. Hörmətli, Vaqif Əsədov! Nəzərinizə çatdırmaq istəyirəm ki, bu məqaləni yazmaqda heç bir maddi marağımız yoxdur. Ən azından nəzərə alın ki, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olaraq jurnalistin sizə ünvanlandığı sualı cavablandırmaq vəzifəsini daşıyırsınız. Xoşunuza gəlməyən sualı “sizin maddi marağınız nədir?!” deyərək yola verməyin...
Gülşən RAUFQIZI