Qırğızıstan üçün son texnologiyalar əsasında seçkilər keçirmək çox vacib idi. Qırğızlar demokratik və şəffaf seçkilər keçirmək üçün çətin yol keçib.
Bunu AKİPress agentliyinə müsahibəsində TürkPA-nın xətti ilə Qırğızıstanda keçirilən parlament seçkilərini müşahidə edən Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
Deputat bildirib ki, demokratik və şəffaf səsvermə keçirməklə Qırğızıstan bütün dünyaya seçkiləri yüksək səviyyədə keçirə bildiyini nümayiş etdirdi. Seçkilərdə fəallığın kifayət qədər yüksək olduğunu deyən deputat yaşlı seçicilərin xüsusilə fəqrləndiyini bildirib. Onun sözlərinə görə, fəal seçicilər arasında slavyanlar və digər xalqların nümayəndələri də çoxluq təşkil edib.
Qeyd edək ki, oktyabrın 4-də keçirilən parlament seçkilərində 6 partiya 7 faizlik həddi keçərək parlamentə yer əldə edib. Ölkənin hakim Qırğızıstan Sosial-Demokrat Partiyası 28 faizə yaxın səs toplayıb.
Modern.az