Milli Məclisin bugünki iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərlə bağlı layihənin müzakirəsi zamanı deputat Elmira Axundova yol nəqliyyat hadisələrinə səbəb olan dəmir arakəsmələrin ekspertizadan keçirilməsini təklif edib:
“Mən internetdə videoçarxa baxdım, Qərbdə belə dəmir arakəsmələr var, amma onları ağır tonlu maşınlar sındırmır. Bizdə isə kiçik ölçülü maşınlar həmin dəmir arakəsmələri sındırır. Ona görə təklif edirəm ki, ekspertizadan sonra bu arakəsmələrin keyfiyyəti artırılsın, yaxud digər qurğularla əvəz edilsin. Bu, insanların təhlükəsizliyi baxımından əhəmiyyətlidir”.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az saytına deyib ki, arakəsmələr kifayət qədər keyfiyyətlidir:
“Azərbaycan yollarında istifadə olunan arakəsmələr beynəlxalq standartlara uyğun olaraq istehsal olunur və ölkəmizə xaricdən gətirilir. Dəmir arakəsmələrin keyfiyyətində problem yoxdur. Xaricdə də həmin arakəsmələrdən istifadə edilir. Problem bizim sürücülərimizdədir”.
A.Nəcəfli sürücüləri məsuliyyətsizlikdə ittiham edib:
“Sürücülərimiz avtomobili normal idarə etmir, hava şəraitini nəzərə almır, yol nişanlarına məhəl qoymur, nasaz avtomobillə yola çıxır, nəticədə də qəzalar baş verir.
Əgər sürücü avtomobili saatda 120 kilometrlik sürət nəzərdə tutulan yolda saatda 150-160 km-lə sürürsə, dəmirə çırpılıb qəza törədirsə, ona heç bir arakəsmə dözə bilməz. Günahı sürücülərdə görmək lazımdır. Ən birinci amil budur”.
Qurum rəsmisi deyib ki, heç bir ölkədə bu qədər yeraltı və yerüstü piyada keçidiləri yoxdur:
“Heç bir xarici dövlətdə əhalinin sayına, şəhərin yerləşməsinə görə bu qədər yeraltı və yerüstü keçidlər yoxdur. Biz məcburuq ki, bu sayı artıraq, çünki, bizim sürücülərdə sürücülük mədəniyyəti çox zəifdir. Hətta piyada zolaqlarında belə piyadalara yol vermirlər.
Xaricdə sürücü, piyada zolağına yaxınlaşan piyadanı görən kimi avtomobili saxlayır. Bizdə isə belə deyil. Bu səbəbdəndir ki, piyada zolaqlarının üstündə piyadaların vurulması qeydə alınır. Bizim sürücülər maşını piyada zolağının üstündə saatda 80-100 km-lə idarə edir. İlk növbədə sürücülük mədəniyyəti formalaşmalıdır. Səslənən fikirlər isə sonrakı məsələlərdir”.
Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda mikroavtobusun dəmir arakəsmələrə çırpılması nəticəsində 3 nəfər dünyasını dəyişib, 10 nəfər yaralanıb. Hadisə cəmiyyətdə böyük rezonansa səbəb olub.
Gülşən RAUFQIZI