“Görüşdən ayrılarkən əsli-kökü işğal altındakı ərazilərdən olan hər bir Azərbaycan vətəndaşı bu gün bir-birinə “xudahafiz” yox, məhz bu sözləri - Ağdamda, Şuşada, Xankəndində görüşənədək,- deməlidir”- bu fikirlər Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova məxsusdur.
“Orta və xüsusən də böyüməkdə olan gənc nəslə bu məqamın açlışını dönə-dönə təbliğ etməliyik. Təbliğ etməliyik ki, Qarabağın torpağının zənginliyini və nəyə qadir olduğunu gənc nəsil də bilsin. Torpaq sevgisini hiss etsin, onu yaşasın...” .
Raqub Məmmədov çox ürəklə danışırdı. Çıxışında həmçinin, Azərbaycan muğamının dirçəldilməsi və beynəlxalq səviyyədə tanıdılmasında birinci xanım Mehriban Əliyevanın müstəsna xidmətlərinin olduğunu dilə gətridi. İcra başçısı sonda “Kötəl”in suyun içib muğamı daha böyük zirvələrə çatdırmaq üçün əlindən gələni əsirgəməyəcəyini”də dedi...
Həmin gün Ağdamın Quzanlı qəsəbəsində xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 55 illik yubileyi keçirilirdi. Möhtəşəm bir ssenariylə təşkilatçılar yaddaqalan bir tarix yazdılar. O tarixi ki, vaxtıylə Xan əmi, Seyid, Əbülfət və onlarca digər virtouz sənətkarlar yazmışdı.
Tədbirin ən maraqlı məqamı isə korifey sənətkar Arif Babayevin səhnəyə gəlişiylə başladı. Ustadımız sevimli tələbələriylə doğma torpaqda özlərini ürəkli hiss edirdi. İkinci, hətta üçüncü sürətləri açılmışdı sanki. Səs-səsə verib yüzlərcə həmyerlilərini sevindirdilər.
Mənsum İbrahimov demişkən, “yubiley bir bəhanədir. Məqsədimiz həmyerlilərimiz qarşısında hesabat verməkdir. Son on ildə Ağdamın qoruya bildiyimiz 28 faizlik ərazisində bəlkədə ilk dəfədir ki, bu tərkibdə çıxışlar olur.”
Ustad və komandası özlərini həqiqətən “İmarətdə” hiss etmişdilər. “Natavan” Qızlar Bayramında verdikləri konsert yada düşmüşdü. Səksəninci illərdə, Ağdamda Natəvan Qızlar bayramında məhz belə konsert verilmişdi...
Ustadımız Arif Babayevin çıxışını zal ayaq üstə alqışladı. Ustadımızın çıxışı isə ayrı bir aləm oldu. 78 yaşlı sənətkar Xanın, Seyidin layiqli davamçısı olduğunu bir daha isbat elədi.
Eyni zamanda “Ay Zaur” proqramının çəkilişləri aparılırdı.
Zaur Kamalın təqdimatına isə söz ola bilməz, hər söz yerində deyilirdi.
Beləcə, yüksək əhval ruhiyyədə tədbir davam etdi...
Tədbirdə səbəbkar Mənsum İbrahimov da çıxış edəsi oldu. Ustadımız haqda yüksək fikirlər söyləməklə ozü də bir parça oxudu.
Xalq artistləri Rəmiş (Rafiq Hüseynov), Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Cabir Abdullayev, Sevinc Sariyeva, Təyyar Bayramov, Səbuhi İbayev, Feyruz Səxavət, perspektivli xanəndə Elşad Aydınoğlu rəngarəng çıxışlarıyla tamaşaçıları Ağdamlı günlərə qaytarmışdılar. Müşaiyətçilərdə virtuoz ifalarıyla sevincə sevinc qatdılar.
Sonda hamılıqla “Qarabag şikəstəsi”nın ifa etmələri tədbirin zirvə nöqtəsi oldu və ekspromt hazırlanan bu parça hamının ürəyincə oldu. Tamaşaçılar məhz ayaq üstə Şikəstəni dinləməklə minnətdarlıqlarını bildirdilər.
Yeni “Çay evi”ində isə daha maraqlı söhbətlər oldu...
Bəli, Ağdam Rayon İcra Hakimiyyətinin “Xəzər” televiziyası birgə təşkilatçılığıyla növbəti dəfə tarix yazıldı.
Qalır bizlərin bu tarixi Ağdamda, “İmarət”də təkrar etməyimiz...