Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün əsas gəlirləri 3 milyard 78,6 milyon manat həcmində olması planlaşdırılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 milyon manat və ya 0,7 faiz çoxdur.
M odern.az xəbər verir ki, bunu DSMF sədri Elman Mehdiyev bu gün Milli Məclisdə keçirilən “Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi” layihəsinin müzakirəsi zamanı söyləyib.Fond sədri qeyd edib ki, bu gəlirlərin 64,1 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək:
“Bunun da məbləği 1 milyard 972,2 milyon manat olmaqla, 2015-ci ilin proqnozlarından 22 milyon manat çoxdur.
Gələn ildə məcburi sosial sığorta haqları üzrə daxilolmaların 64,5 faizi, və ya 1 milyard 272 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Bu da 2015-ci ilin müvafiq göstəricisindən 20,9 milyon manat çoxdur.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən bu sahə üzrə daxilolmalar 53,5 milyon manat nəzərdə tutulub”.
Elman Mehdiyev vurğulayıb ki, növbəti ildə dövlət büdcəsindən ayırmalar, yəni transferlərin proqnozu 1 milyard 100 milyon manat nəzərdə tutulub:
“Bu da cari ilin təsdiq olunmuş proqnozu ilə eynidir. Digər gəlirlər üzrə daxil olmalar isə 6,4 milyon məbləğində proqnozlaşdılır”.
Elman Mehdiyev qeyd edib ki, DSMF-nin 2016-cı il üçün xərcləri 3 milyard 78,6 milyon manat səviyyəsində olacaq ki, bu da 2015-ci ilin göstəricisindən 22,3 milyon manat və ya 0,7 faiz artıqdır.
“Əmək pensiyalarının ödənişi xərcləri əhaliyə edilən ödənişlərin 97,12 faizini təşkil edəcək. 2016-cı ildə bu sahədəki proqnozlar bu ilə nisbətən 0,4 faiz, və ya 13,1 milyon manat artımla, başqa sözlə, 2 milyard 923,6 milyon manat həcmində nəzərdə tutulub.
Gələn il məcburi sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclər 2015-ci ilə nisbətən 11,3 faiz və ya 8,9 milyon manat çox olmaqla, 87,6 milyon manat məbləğində proqnozlaşdırılır. Digər xərclər isə 67,4 milyon manat həcmində nəzərdə tutulub”.
Onun sözlərinə görə, növbəti ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqları xərcləri 20 milyon manat olacaq:
“Sığortaolunanların sanatoriya və kurort müalicəsi, eyni zamanda sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclər 19,1 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2015-ci ilin eyni dövrü ilə eyni səviyyədədir.
DSMF Aparatının və filiallarının saxlanılması xərclərinin proqnozu gələn il üçün 27 milyon manat həcmində nəzərdə tutulub”.
Elman Mehdiyev əlavə edib ki, Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosasiyası arasında imzalanmış “Pensiya və Sosial Təminat” layihəsi üzrə kreditin qaytarılmasına 1,3 milyon manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri üçün 40 min manat vəsaitin ayrılması nəzərdə tutulub:
““Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi” layihəsinin təklif olunan variantda qəbulu ölkəmizdə əldə edilən iqtisadi potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların təminatına yönəldilməsinə imkan verəcək”.
Aytən Zəhra