“Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın oktyabrın 7-də öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qurupundan geri çağırmaq barədə qərarı bu təşkilatın Azərbaycana qarşı əsil mövqeyini ortaya qoydu”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qurupundan öz nümayəndəsinin geri çağrılması barədə qərarına münasibət bildirərkən deyib.
R.Əliyev bildirib ki, bu Avropa Şurası tərəfindən Azərbaycana qarşı yönəlmiş qarayaxma kompaniyasında növbəti bir addımdır.
“Bu ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında “Azərbaycanda demokratik təşkilatların fəaliyyəti” adlı hesabat müzakirə olunmuş və Azərbaycana qarşı heç bir hüquqi əsası olmayan qərəzli bir qətnamə qəbul olunmuşdu.
Avropa Şurasının baş katibi tərəfindən qəbul olunmuş qərar Avropa Şurasının üzv ölkələrə münasibətdə nə onun vəzifələri ilə nə də öhdəlikləri ilə bir araya sığmır.
Avropa Şurasının doğrudanda insan hüquqları ilə bağlı narahatçılığı varsa o birinci növbədə Avropanın özündə, Yaxın və Orta Şərqdə nələr baş verdiyinə diqqət yetirsə daha yaxşı olar.
Avropa siyasi inistutlarının o cümlədən Avropa Şurasının seyrici mövqeyi nəticəsində Qərbin məlum ərəb dövlətlərində yaratdıqları xaos, dağıntılar, vətəndaş müharibələrindən canlarını qurtararaq Avropaya pənah gətirmiş 100 minlərlə qaçqınların taleyi, onların elementar insan hüquqları heç kimi maraqlandırmır.
Qoy Avropa Şurası birinci növbədə bu insanların hüquqları barədə düşünsünlər.
Çox maraqlıdır ki, Azərbaycana qarşı olan qüvvələr adətən nəzərdə tutulan mühüm dövlət tədbirləri ərəfəsində fəallaşırlar. Qarşıdan Parlament seçkiləri gəlir. Bu qüvvələrin niyyəti əvvəlcədən seçki prosesinə, onun nəticələrinə kölgə salmaqdır. Ancaq bu cəhdlər əbəsdir.
Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Bu Azərbaycana qarşı yönəlmiş qüvvələr tərəfindən uydurulmuş qondarma bir məsələdir.
Azərbaycan müstəqil bir dövlət kimi daima öz vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması üçün bütün tədbirləri həyata keçirərək bütün sahələrdə sürətlə inkişaf edir. Azərbaycan bu yolundan dönməyəcək”.