Bu günlərdə Gürcüstanın Telavi və Rustavi şəhərlərində Azərbaycan – Gürcüstan Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində layihə təkliflərin müsabiqəsinin başlanması ilə əlaqədər məlumatlandırma sessiyaları keçirilib. Tədbir Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlığı Proqramları, Şərq idarəedici qurumu ilə birlikdə baş tutub.
Modern.az xəbər verir ki, tədbirlərə Azərbaycanın və Gürcüstanın bölgələrindən müsabiqədə iştrak etmək niyyətində olan təşkilatların nümayəndələri qatılıblar. Sessiyalarda proqram üzrə qrant alınmasının qaydaları, xüsusiyyətləri və texniki tələbləri barəsində ətraflı məlumat verilib.
Məlumat günləri Oktaybrın 1-də Telavi (Kaxetiya), sabahısı gün isə Rustavidə baş tutub. “Old Telavi” otelində keçirilən tədbirdən sonra Azərbaycan və Gürcüstan jurnalistləri üçün mətbuat konfransı da təşkil olunub. Mətbuat konfransında jurnalistlərə Azərbaycan -Gürcüstan üzrə Ərazi Əməkdaşlığı Proqramı haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, hədəf ərazilərinə ümumi uzunluğu 480 km olan Azərbaycan-Gürcüstan dövlət sərhədi boyunca yerləşən aşağıdakı rayonlar (inzibati ərazilər) daxildir. Azərbaycan: Gəncə -Qazax, Şəki-Zaqatala, Gürcüstan: Kaxeti, Kvemo-Kartli.
Ərazi əməkdaşlıq proqramı üç əməliyyat məqsədləri əsasında icra olunacaq:
I. İqtisadi və sosial inkişafın dəstəklənməsi üçün birgə layihələr vasitəsilə sərhəd bölgələrində yerli icmaların həyat şəraitinin yaxşılaşdırılması, sərhəd mahiyyətli və ümumi maraq kəsb edən digər məsələlər.
II.Ətraf mühit, məşğulluq, ictimai səhiyyə və digər sahələrdə ümumi problemlərin həlli.
III.Mədəniyyət, təhsil və idman sahələri.
Mətbuat konfransında çıxış edən EaPTC Programının rəhbəri Aleksey Sekarev qeyd edib ki, ərazi əməkdaşlığı proqramının məqsədi yerli rəsmi qurumlar, icmalar və vətəndaş cəmiyyəti təşkilatları arasında birgə sosial və iqtisadi inkişaf problemlərinin həlli üçün müştərək həllərin tapılmasına köməklik edən transsərhəd əlaqələrin gücləndirilməsidir:
“Proqramın hədəf aldığı bölgələrin iqtisadi, sosial və ətraf mühit təhlili onu göstəriri ki, Azərbaycan və Gürcüstan sərhədyanı rayonları arasında ərazi əməkdaşlığı proqramı milli regional inkişaf proqramlarının ayrı‐ayrılıqda həll edə bilməyəcəyi üç növ vəzifənin səmərəli şəkildə öhdəsindən gələ bilər: Proqrama ayrılacaq Aİ maliyyəsinin təxmini məbləği Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlığı Proqramında təyin olunub və 1,35 milyon Avro təşkil edir.”
Mətbuat konfransından sonra Gürcüstan və Azərbaycan jurnalistləri arasında fikir mübadiləsi aparılıb. Diskussiya zamanı tərəflər gələcəkdə birgə işlərin aparılmasını zəruri hesab etdiklərini qeyd ediblər.
Qeyd edək ki, sentyabrın 18-də Azərbaycan-Gürcüstan Ərazi Əməkdaşlıq Proqramının çərçivəsində layihə təkliflərin müsabiqəsi açıq elan edilib.
Əziz Manaflı