Modern.az

Rusiyanın Xəzərdən İŞİD-i bombalaması Qərbə güc nümayişidir

Rusiyanın Xəzərdən İŞİD-i bombalaması Qərbə güc nümayişidir

8 Oktyabr 2015, 12:28


Oktyabrın 7-də Rusiyanın Xəzər dənizində yerləşən hərbi donanması İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Suriyadakı mövqelərini bombalayıb. Rusiyanın Suriya münaqişəsinə Xəzər üzərindən müdaxiləsi isə birmənalı qarşılanmır.

Maraqlıdır, Rusiyanın belə bir addım atması Xəzəryanı dövlətlər üçün nə vəd edir? Region dövlətləri hansı təhlükə ilə üz-üzə qala bilər?  

Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında deyib ki, Rusiyanın əsas məqsədi Xəzər dənizi üzərindən İŞİD-i bombalamaq deyil:

“Əsas məqsəd  bölgə dövlətlərinə, Qərbə güc nümayiş etdirmək idi. Yəni mənim ballistik, nüvə daşıyan silahlarım var. Həmin gəmilərin,  raketlərin böyük hissəsi sovet dövründən qalmadı.  

Hər 10  ildən bir həmin raketlərin yanacağı dəyişdirilməlidir. Əvvəla, yanacaq dəyişdirilməyib. Ona görə də raket son məsafəyə qədər gedib çata bilməz.  

Yolun yarısında hər hansı bir dövlətin üzərinə düşə bilər. Heç də əmin deyiləm ki, həmin raketlərə verilən koordinatlar tam dəqiqdir. Həmin raketlər də nəzərdə tutulan nöqtəni tam yüz faizliklə vurmur. Bu raketlər köhnə istehsaldır. Hədəfdən 100 metrə qədər yayına bilir”.  

“Xəzər dənizi üzərindən İŞİD-in bombalanması Xəzəryanı dövlət olaraq Azərbaycanı hansı təhlükə ilə üz-üzə qoya bilər” sualına cavab verən Qabil Hüseynli belə təhlükəni istisna etmir:  

“Düzdür, deyilənə görə, Rusiyanın İŞİD-i bombalaması Azərbaycan üzərindən həyata keçirilməyib. Amma Azərbaycanın sahil sularına yaxın bir yerdə olub.

Rusiyanın döyüş qüvvələrində olan silahlarının 100 faiz təhlükəsizliyinə inana bilmirəm. Bu cür uzaqdan silahlarla bir neçə ölkənin üzərindən uçan raketlərlə hədəfləri vurmaq birinci döyüş silahlarını sınaqdan keçirməkdir. Bu saat Suriya Rusiya üçün bir  poliqondur.  

Həmin poliqonda yeni arzularını, keçmişdə silahlı qüvvələrdə olan döyüş texnikasının hamısını sınaqdan çıxarmaqla  silahların saz vəziyyətdə olduğunu, hədəfi vura biləcəyini  öyrənir.

Ölkələrin üzərindən raketlərin buraxılması çox təhlükəlidir. Mənə elə gəlir ki, həmin ölkələr bu məsələyə etirazlarını bildirməlidir”.  

Namidə BİNGÖL  

 


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək