Oktyabrın 10-da YAP-ın 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədi Rüstəm Xəlilovun rayonun Qaratəpə və Əhmədabad kəndlərinin seciciləri ilə görüşləri keçirilib. Böyük qələbəliklə keçən hər iki görüşdə ayrı-ayrılıqda 300 nəfərədək seçici iştirak edib.
Qeyd edək ki, Milli Məclisin deputatı Rüstəm Xəlilov bu kəndlərdə seçicilərin böyük sevgisi ilə qarşılandı. İzdihamla keçən görüşləri YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev açaraq seçiciləri salamladı və tədbirə belə təntənə ilə qatıldıqları üçün onlara minnətdarlığını bildirdi.Sonra deputatlığa namizəd Rüstəm Xəlilov çıxış edərək çıxışında kənd camaatına belə yüksək seçki əhval-ruhiyyəsində olduqları üçün minnətdarlığını bildirərək ölkədə, o cümlədən Sabirabadda gedən iqtisadi-sosial tərəqqidən danışdı və bu inkişafın davamlı olacağını qeyd etdi. O Sabirabad camaatının ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinə sadiq olduqlarını, dövlətimizin inkişafına daim töhfə verdiklərini bildirməklə onları əmin etdi ki, Sabirabad rayonu bundan sonra da inkişaf edəcəkdir.
Rüstəm Xəlilov bildirdi ki, qazanılan sanballı nailiyyətlərlə yanaşı, hələ də həllini gözləyən müəyyən məsələlər var və bunu möhtərəm Prezidentimiz də dəfələrlə bəyan edib. Bu da təbiidir. Çünki inkişaf davamlı prosesdir. Zaman dəyişir, insanlar dəyişir, cəmiyyət dəyişir. Dəyişikliklər isə hər dəfə yeni şərtlər meydana gətirir, yeni şərait ortaya çıxarır. Əsas odur ki, bu problemlərin həlli istiqamətində lazımi tədbirlər görülür. Bir ölkədə, bir cəmiyyətdə inkişafı şərtləndirən əsas amillər siyasi iradə, davamlı islahatlar və xalqın həyata keçirilən siyasətə dəstəyidir.
Azərbaycanda bu şərtlərin hamısı mövcuddur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının ən yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Bu, həm də o deməkdir ki, lazımi siyasi iradə dövlətimizin başçısı tərəfindən ortaya qoyulub.
Deputatlığa namizəd bildirdi ki, bununla yanaşı, Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret Dövlət Proqramları həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən Dövlət Proqramlarının bu gün ortaya çıxardığı uğurlu nəticələr bir daha sübut edir ki, məqsədyönlü şəkildə, effektiv aparılan islahatlar bütün sahələrin paralel inkişafını təmin edib.
Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Bu dəstək Azərbaycanda möhkəm əsaslara söykənən sabitliyin, inkişafın təminatçısıdır. Çünki sabitlik, vətəndaş həmrəyliyi, xalqla iqtidar arasında birlik olmasa, heç nəyə nail olmaq mümkün deyil. Bunu son dövrlərdə bizə yaxın və uzaq coğrafiyada baş verən hadisələr, vətəndaş müharibələri, siyasi qarşıdurmalar bir daha göstərir. Azərbaycan isə bu hadisələrdən məhz xalqın özünün seçdiyi hakimiyyətə güclü dəstəyi və dövlətimizin başçısı tərəfindən həyata keçirilən düşünülmüş, ardıcıl siyasət nəticəsində yan keçib.
Əminəm ki, qarşıdakı dövrlərdə də Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətlə yoluna davam edəcək və daha böyük nailiyyətlərə imza atacaqdır.
Rüstəm Xəlilov seçki platformasından danışaraq bildirdi ki, əgər növbəti dəfə də onu dəstəkləsələr o rayonun inkişafı və abadlığı üçün bir deputat kimi bundan sonra da inamla çalışacaq.
Rüstəm Xəlilov seçicilərə bildirdi ki, mövcud inkişafa nail olmağımızda ulu öndər Heydər Əliyevin nurlu ideyaları ilə silahlanmış və möhtərəm Prezidentimizin Sədri olduğu YAP-ın da böyük rolu vardır. Məhz bu səbəbdən də hər bir seçci YAP-ın namizədinə dəstək verməklə yeni inkişafa, sosial-rifaha səs vermiş olur. İnanıram ki, siz müdrik seçicilər bu amilləri həmişə olduğu kimi, bu dəfə də nəzərə alaraq YAP-ın namizədlərinin qələbəsini təmin edəcəksiniz.
Görüşlərdə çıxış edənlərdən rayon Ziyalılar Cəmiyyətinin sədri Böyükağa Həmidov, rayon Ağsaqqallar Şurasının sədri Şərif Məmmədbəyov və digər seçicilər Rustəm Xəlilovu bir insan kim, bir ziyalı kimi, yüksək dəyərləndirdiklərini və onun ötən illərdəki deputat fəaliyyətindən razı qaldıqlarını ifadə etdilər. Onlar əmin olduqlarını bildirdilər ki, Sabirabad seçiciləri yenə də YAP-ın namizədini dəstəkləyəcəklər.
1 noyabr parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası YAP Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsində mütəşəkkilliklə davam edir.
Modern.az