Modern.az

Hindsayagi “Happy ending”

Hindsayagi “Happy ending”

7 Oktyabr 2015, 23:21

Bu gün Park Cinema İMAX kinoteatrında növbəti filmin premyerası baş tutdu. Premyeralar həftəsinə sözün əsl və hərfi mənasında “Xoşbəxt sonluq”la yekun vuruldu.

“Xoşbəxt sonluq” nə uşaq filmidir, nə də blokbaster. Bu, hind kinematoqrafçılarının Hollivudda və amerikansayağı çəkdiyi şən, romantik bir kino əsəridir. Filmin süjetində elə bir yenilik yoxdur – kiməsə vurulmaqdan, evlənib ailə qurmaqdan çox qorxan gənc yazıçı qısamüddətli əlaqələr üzrə püxtələşir. Təbii, nəhayət əsl sevdiyi insanı tapır. Bu dəfə də qız ona bənzəhyir – uzun müddətli münasibətlərdən çəkinir.

Bu həftə artıq üçüncü premyeraya dəvət olunan mətbuat nümayəndələri öncə gəzəl hind musiqisi sədaları altında bu ölkənin mətbəxinin təamlarından daddılar, sonra isə "Xoşbəxt sonluğ"u (Happy ending) seyr etdilər. Premyerada Hindistanın ölkəmizdəki səfiri də iştirak edirdi.

Rejissorlar Krişna D və Rac Nidimurunun ekranlaşdırdığı "Xoşbəxt sonluq"da baş rolu Bollivudun yaraşıqlı və məşhur aktyoru Saif Ali Xan oynayır. Onun yaratdığı Yudi obrazı məşhur yazıçı və "əbədi subay"dılr. Qadınbaz olan Yudi ciddi münasibətdən çox qorxur, "səni sevirəm" kəlməsinə isə dəhşətlə yanaşır. Amerikada yaşayan Yudi sevgililərini tez-tez dəyişsə də, heç kimə "səni sevirəm" demir. Qadınlar, restoranlar, əyləncələr biri-birini əvəz edir. Lakin Yudinin bu xoşbəxt həyatına bir gün son qoyulur. Məlum olur ki, kitabının nəşri və satışı ilə məşğul olan nəşriyyat onunla müqaviləni pozur və Yudinin qonorarı kəsilir...

Bu ərəfədə o, Hindistandan Amerikaya kitabının tanıtımı üçün gələn Açal adlı cazibədar yazıçı qızla tanış olur. Eyni nəşr evində onun rəqibi olan Açalın fırıldağını üzə çıxarmağa çalışan Yudi özü də hiss etmədən ona aşiq olur. Amma öncə Yudi canını bütün günü qır-saqqız olub ondan əl çəkməyən gənc amerikalı sevgilisindən qurtarmalıdır...

Komedik melodrama janrında olan film boyu qadın-kişi münasibətlərinə dair maraqlı məqamlar da üzə çıxır.

Qeyd edək ki, "ZEETV Rossiya" telekanalının prokata buraxdığı "Xoşbəxt sonluq" filmi ilk dəfə böyük ekranda məhz Azərbaycan tamaşaçılarına təqdim olundu. Kinotənqidçilər bu ekran əsərini Hollivudun "Çılpaq həqiqət" komediya filminin hind versiyası adlandırırlar. Filmdə baş rola "Bollivudun kralı" Şahruk Xan dəvət olunsa da, son anda rejissor fikrini dəyişərək, yaraşıqlı aktyor Saif Ali Xanı baş rola çəkib. Filmdə həmçinin gənc aktrisa İleana, Kalki Koeçlin, Ranvir Şori, Raxul Hat, Şivani Tanksale, Qovinda, Priti Zinta, Karina Kapur və başqaları çəkiliblər.

"Xoşbəxt sonluq" filminə Park Cinema ekranlarında baxa bilərsiniz.


F.Əliyeva

 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək