Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində “Azərbaycanda sahibkar qadınlar” mövzusunda növbəti dinləmə keçirib.
Modern.az xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Sahibkar Təşkilatları Milli Konfederasiyası, “Sahibkar Qadınlar” İctimai Birliyi və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı qeyd edib ki, Azərbaycanda qadınlar hökumətin ayırdığı güzəştli kreditlərindən tamhüquqlu şəkildə yararlanırlar: “Yüngül sənaye, kənd təsərrüfatı, xalq yaradıcılığı, təhsil, ticarət, xidmət sahələrində çalışan sahibkar qadınların sayı durmadan artır. 2014-cü il yanvarın 1-nə ölkədə fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün qeydiyyatdan keçmiş qadınların xüsusi çəkisi 99 min nəfər, yaxud 19 faizi olub. Fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların 60 faizi regionlarda, 40 faizi isə Bakıda fəaliyyət göstərir”.
Aynur Camalqızı bildirib ki, bu gün qadınların 50 faizə qədəri fəal əməklə məşğul olur: “Qadınların sayı kişilərdən 3 fəaliyyət növündə - səhiyyə, sosial xidmətlərin göstərilməsində 56,6 %, təhsildə 41,8% və istirahət, əyləncə və incəsənət sahəsində 25,6% çox olub. Hökumətin gender bərabərliyi və qadınların imkanlarının gücləndirilməsi sahəsinə ayırdığı maliyyə vəsaiti 2009-cu ildən bu günə kimi 120 mindən 1 milyon dollara qədər artırılıb. 2015-ci ilin məlumatına görə, ölkə əhalisinin ümumi sayının 50,2%-ni və ya 4 milyon 820 min nəfərini qadınlar təşkil edir.
Hazırda Milli Məclisdə deputatların 16%-ni qadınlar təşkil edir. Hüquq-mühafizə orqanlarında, elm, mədəniyyət, idman və digər sahələrdə qadınların sayı gündən-günə artır. 3 qadın nazir müavini var, Konstitusiya Məhkəməsinin 9 hakimindən 2-si qadındır. Xarici İşlər Nazirliyində çalışan 271 diplomatdan 181-i qadındır. Bir dövlət komitəsinin və bir dövlət komissiyasının sədri qadınlardır. Qadın dövlət qulluqçularının ümumi tərkibi 28%-dir. Elmin inkişafında qadınlar müstəsna rola malikdir.
Qadınlar ictimai sektorda da fəallaşıblar. 2010-2015-ci illərdə qadın qeyri-hökumət təşkilatlarına 331 layihəni dəstəkləmək üçün 2 milyon dollar ayırılıb”.
İctimai dinləmələrdə ölkədə fəaliyyət göstərən sahibkar qadınlar da çıxışlar ediblər və onlara yaradılan şəraitdən, Azərbaycandakı biznes mühiti, maliyyə-kredit vəziyyəti, uğurlar və çətinliklərdən bəhs ediblər.
5 mövzu üzrə, ayda bir dəfə olmaqla ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. Bu mövzular “Məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə”, “Qadınların siyasi iştirakçılığı”, “Sahibkar qadınlar”, “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması və gender bərabərliyi”, “Qadın mövzusu KİV və sosial mediada” sahələrini əhatə edir.
Vüsalə Qəzənfərqızı