Modern.az

ABŞ universitetlərinin idarə edilməsı

ABŞ universitetlərinin idarə edilməsı

13 Oktyabr 2015, 15:56


Birinci hissə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın (23 oktyabr 2013-cü il) və bu Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiqi (19 yanvar 2015-ci il) təhsilimizin inkişafında mühüm addım olaraq tarixə düşdü. Hər iki dövlət sənədində əsas məqsədlərdən biri kimi təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması nəzərdə tutulur. Bu da təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir. Strategiyada inkişaf etmiş ölkələrin təcrübəsi nümunə götürülərək təhsildə idarəetmənin ictimailəşməsi prosesinin sürətlənməsi önə çəklib. "Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir".

Azərbaycan Respublikasının təhsil naziri hörmətli Mikayıl Cabbarov öz müsahibələrinin birində qeyd etmişdir ki, müasir dövrümüzdə insanlar, daha geniş çevrədə dövlətlər və nəhayət, bəşəriyyət bir şeyi aydın dərk edib ki, təhsil fenomeni dünyanın yeni inkişaf trendlərini müəyyən edir. Bu, dünən də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

İdarəetmənin vahid və hamının qəbul etdiyi bir tərifi yoxdur. Ancaq bir məsələ aydındır: bu bir strukturdur, hüquqi münasibətlərdir, hakimiyyət formasıdır, vəzifə və məsuliyyətdir, qərar qəbuletmə formasıdır və əlbəttə, hesabatlılıqdır. İdarəetmənin administrativ qərar qəbuletmədən fərqi isə ondadır ki, idarəetmə administrativ qərar qəbul etmədən əvvəl gəlir və siyasəti müəyyənləşdirir. Sonrakı mərhələdə artıq administrasiya işə düşür. Bu proses eynilə ali təhsil müəssisələrində də baş verir.

//muallim.edu.az/arxiv/2015/35/b35-2.jpgAli təhsilin idarə olunması ölkədən ölkəyə fərqlənir. Burada əsas rolu ölkənin (eləcə də universitetin) ümumi tarixi, müstəqillik tarixi, yerləşdiyi region, milli xüsusiyyətləri, milli-mənəvi dəyərləri oynayır. Məhz bu müddəaları nəzərə alaraq ali təhsilin idarə olunmasının ABŞ təcrübəsinin oyrənilməsi fikrimizcə maraqlı olardı, xüsusilə də ali təhsil sahəsində çalışanlar üçün.

ABŞ ali təhsilinin bu gün dünyada oynadığı lider rolunu nəzərə alaraq (Nobel laureatlarının təxminən yarısının ABŞ-dan olması, dünyanın 10 ən yaxşı universitet sıralanmasında əsasən ABŞ universitetlərinin olması buna bariz nümunədir), ABŞ universitetlərində idarəetmənin xüsusiyyətlərini, xüsusilə də universitetin əsas idarəedicisinin - universitet prezidentlərinin (rektorlarının) işinin xüsusiyyətləri haqqında məlumat vermək yerinə düşərdi.

ABŞ universitetlərinin rektorlarından (prezidentlərindən) söz düşəndə onları akademik sahənin "qurbanları" adlandırırlar. Onlar günün 24 saatını, həftənin 7 gününü tələbələrin sonu bitməyən arzu-təklifləri, akademik keyfiyyətin yüksəldilməsi, universitet büdcəsinin balanslaşdırılması, universitetin imicinin yüksəldilməsi, yerli və federal hökumətlə əlaqələrin normallaşdırılması işinə həsr edirlər.  Məhz bu cür idarəetmə ABŞ universitetlərini digər ölkə universitetlərindən fərqləndirir. Bu fərqli xüsusiyyətlər nədir?

1) Ali təhsilin əmək bazarının ehtiyaclarına istiqamətlənməsi, xüsusilə işəgötürənlərin gözləntilərinin, tələblərinin ödənilməsi, 2) Tələbələrin seçdikləri ixtisaslar üzrə lazımi bilik və bacarıqlara yiyələnmələri üçün hər cür şərait yaratmaqla bərabər, onlara iş tapmaq üçün, karyera qurmaları üçün lazımi səriştələrin aşılanması. Hər bir universitetdə universitet strukturunun əsas bir bölməsi kimi karyera mərkəzləri bu sahədə əvəzsiz fəaliyyət göstərir. 3) Tələbələrin universitet idarəedilməsində əsl söz sahibi olmaları və demokratik təhsil mühitininn olması, 4) Müəllim-tələbə münasibətlərinin yüksək formada olması və s.

ABŞ ali təhsilinin idarə olunmasının əsas fərqləndirici cəhəti bir də idarəetmənin rəngarəngliyidir. Hər bir idarəetmə forması həmin təşkilatın unikal tarixini və tələbatlarını özündə əks etdirir. İdarəedən qurumlar (Qəyyumlar Şurası, Universitet Senatı, Məşvərət Şurası, Tələbə İdarəetmə Assosiasiyaları və s. ) mərkəzləşdirilmiş deyil, avtonomluq prinsipinə söykənir. 1966-cı ildə Amerika Universitet Professorları Assosiasiyasının, Amerika Təhsil Şurasının və Universitet və Kolleclərin İdarə Şuraları Assosiasiyasının birgə razılığı ilə demokratik idarəetmənin prinsipləri qəbul edilmişdir. ABŞ ali təhsilində idarəetmə nə qədər demokratik olsa da, bütün idarəedənlərin bir ümdə vəzifəsi var: işlədiyi müəssisənin maraqlarını qorumalı, cəmiyyətdə ona bir inam yaratmalı, keyfiyyətli təhsil verən bir tədris ocağı imici formalaşdırmalıdır.

İdarəetmədə iştirak edən hər bir qurum - ayrı-ayrı fərdlərdən tutmuş şuralara qədər hamı bir-birinə hesabatlı durumdadır, aşağı qurum yuxarı qurum qarşısında sözün əsl mənasında cavabdehlik, məsuliyyət daşıyır. 

Hamıya məlumdur ki, ali təhsil müəssisəsində əsas idarəedən şəxs onun rəhbəridir - rektordur. Amerika universitetlərində onlara "prezident", bəzi ştatlarda "kansler" (chancellor)  deyilir. Bu şəxs Universitet Qəyyumlar Şurasının müəyyən etdiyi siyasəti yerinə yetirir. Universitet prezidentinin rolu ondan yuxarıdakı quruma - Qəyyumlar Şurasına təkliflər verməkdir və o həmin Şura qarşısında cavabdehlik daşıyır. 

XX əsrin əvvəllərinə qədər universitetin idarə edilməsində universitet əməkdaşlarının, professor-müəllim heyətinin rolu nəzərə alınmırdı. 1915-ci ildən başlayaraq idarəetmədə professor-müəllim heyətinin iştirakının prinsipləri Amerika Universitet Professorları Assosiasiyası tərəfindən işlənib hazırlandı və həmin vaxtdan hər bir universitet üzvü akademik qərarların qəbul edilməsi üçün təkliflər verə bilər. Tələbələrin idarəetmədə iştirakı ştatlardan asılı olaraq bu və ya digər dərəcədə fərqlənir. Bəzi ştatlarda (məsələn, Kaliforniyada) tələbənin idarəetmə şuralarının üzvü olması qanunla tənzimlənir.

Əfqan ABDULLAYEV,

filologiya elmləri doktoru, professor

Ardı var...

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək