“Büdcədə qaçqınlara mənzil tikintisi üçün ayrılan vəsaitin azalmasına qətiyyən yol vermək olmaz. Bu insanlar özlərinin iş yerlərini, mülklərini itirib və onların bir çoxu acınacaqlı vəziyyətdə yaşayır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev deyib.
O qeyd edib ki, ikinci mühüm məsələ hərbi xərclərin ildən-ilə artırılması ilə bağlıdır:
“Müharibə etmədən çətin ki, torpaqlarımızı qaytaraq. Ona görə ordu gec-tez öz sözünü deməlidir. Büdcədə gəlirləri artırmaq üçün ən doğrusu özəlləşdirilən müəssisələrin sayının artırılması olardı. Bəzi təşkilatlara dotasiya ayırırıq, xaricdən alan borclarını dövlət ödəyir və onlar yaxşı halda 30-40 faiz vergi ödəyir. Niyə müvafiq qurumlar bununla bağlı addımlar atmalıdır?! Bunlar özəlləşdirilməlidir”.
Deputatın fikrincə, büdcəyə gəlir gəlməsi üçün təhsil və səhiyyə müəssisələri də özəlləşdirilməlidir:
“Ölkədə məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var. Bunu həll etmədən qanunsuzluqların qarşısını ala bilməyəcəyik. Sahibkar məmur özbaşınalığının qarşısının məhkəmə qərarı ilə alınacağına ümidli olmalıdır. Sahibkarlara normal şərait yaradılmasa, büdcəyə vəsaitin daxil olmasından söhbət gedilə bilməz. Ona görə də bu sistemdə islahat aparılmalıdır”.
Aytən Zəhra