Modern.az

Deputatdan TƏKLİF: “İri sahibkarlara təmənnasız torpaq sahələri ayrılsın”

Deputatdan TƏKLİF: “İri sahibkarlara təmənnasız torpaq sahələri ayrılsın”

13 Oktyabr 2015, 18:13

“Ümumdünya iqtisadi böhranı fonunda kiçik dövlət olan Azərbaycanın öz daxili resursları hesabına vətəndaşlarının rifah halını yüksəltməyə, iqtisadi artım tempini ayaqda tutmağa, sosial yönümlü tədbirləri davam etdirməyə çalışması böyük uğurdur”. Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin 2016-cı ilin dövlət büdcəsinə həsr edilən iclasında millət vəkili Elmira Axundova deyib.

Onun sözlərinə görə, iqtisadi problemlərə görə əksər böyük dövlətlərin sosial layihələri dayandırmasının əksinə olaraq Azərbaycan hökumətinin sosial layihələri davam etdirməsi alqışlanmalıdır: “Gəlirlərin böyük hissəsi neftdən asılı olan dövlətimizdə neft gəlirlərinin aşağı düşməsinə baxmayaraq 2015-ci ilin 1-ci yarımilliyində ÜDM-un real artım tempi 5.7% təşkil edib. Qeyri-neft sahələrinin inkişaf dinamikası 9.2% olub, xüsusən kənd təsərrüfatında 7.3% artım qeydə alınıb.

Hər dəfə büdcə müzakirəsi zamanı qeyri-neft, yəni metallurgiya, tikinti materialları sənayesinin, həmçinin qida təhlükəsizliyi üçün yeyinti sənayesinin, heyvandarlığın, damazlıq işinin, aqrar sektorun inkişaf etdirilməsinin vacibliyini qeyd edirəm. Çünki fikir versək görərik ki, önümüzdəki il Dövlət Neft Fondundan transfert 6 milyard manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4.3 milyard manat azdır. Buna görə yenə vurğulamaq istəyirəm ki, qarşıdakı 5-10 il ərzində yuxarıda adını çəkdiyim sahələrə sürətli bir şəkildə keçid etməliyik. Bunun üçün də sahibkarlığı müxtəlif güzəştlərlə təşviq etməli, xüsusən kiçik və orta sahibkarlığı qorumalı, inkişaf etdirməliyik”.

“Həmçinin kənd təsərrüfatının inkişafı üçün su resursları az olan rayonlarımızda artezian quyularının qazılması davam etdirilməlidir. Keçən illər ərzində Masallıda torpaq suvarılması üçün bir neçə artezian quyusunun qazılmasına yaxından köməklik etdiyi üçün mən Meliorasiya və Su təsərrüfatı ASC-yə təşəkkür edirəm. Və çox arzu edərdim ki, gələcək illərdə də bu proses həm Masallı, həm də digər rayonlarımızda davam etdirilsin.

Müşahidə etdiyim bir mənzərə ondan ibarətdir ki, bir sıra rayonlarımızda geniş pay torpaqları əkilmədən saxlanılır. Bilirəm ki, bu istiqamətdə cənab Prezident tərəfindən çox ciddi tapşırıqlar verilib, iş planı hazırlanır. Çalışmalıyıq ki, boş torpaqların əkilib-becərilməsi tam təmin edilsin. Bu, ərzaq təhlükəsizliyi ilə bağlı zəmanəmizin ən ciddi məsələlərindən biridir. 

Ola bilər ki, həmin sahələr müəyyən güzəştlər müqabilində, pay torpağı sahibinə də münasib illik icarə haqqı ödəmək şərtilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərə və ya sahibkarlara verilsin. Bunu hər hansı bir rayonumuzda eksperiment kimi başlayıb sonradan digər rayonlara da tətbiq etmək lazımdır. Toxunmaq istədiyim digər sahə turizmdir. Belə ki, dünyanın bir çox dövlətlərində büdcə gəlirlərinin 70-80 faizini turizmdən gələn daxilolmalar təşkil edir. Azərbaycanın isə turizm potensialı çox zəngindir. Cənub, Qərb, Şimal bölgələrimiz, Abşeron yarımadasının özü əsl turizm zonalarıdır. Bu barədə çox danışılır, yazılır, lakin biz hələ də turizmi istədiyimiz səviyyədə inkişaf etdirə bilməmişik. Bunun səbəbi nədir? Hesab edirəm ki, ən əsas faktor qiymətlərin yüksək olması, təklif olunan xidmətin isə kiyafət etməməsi, özü də xidmətlərin və əyləncə növlərinin rəngarəng olmaması, alternativ turizm növlərinin inkişaf etməməsi, gözəl təbiətimizin çirklənməsi, ətraf mühitin, xüsusən əksər meşə və çimərliklərin zibillənməsi, reklam işinin düzgün təşkil edilməməsidir. Bir sözlə bu sahədə çatışmazlıqlar yetəri qədərdir. Nəzərə alsaq ki, hal-hazırda Yaxın Şərq dövlətlərində, Türkiyədə, hətta Avropa dövlətlərinin özündə vəziyyət mürəkkəbdir, biz turizm sahəsinə gərəkli diqqəti ayırsaq, bu sahə ilə sistemli şəkildə məşğul olsaq, tez bir zamanda ölkəmizə daha çox turist cəlb edə və iqtisadiyyatın bu növündən daha çox gəlir əldə edə bilərik”.

“2016-cı ilin büdcə zərfini oxuyarkən əmin olursan ki, cənab Prezidentin də dediyi kimi növbəti ildə sosial layihələr dayandırılmayacaq. Sosial paket azalmamaqla yanaşı 22 mln manat çoxalıb. Bu, cənab Prezident başda olmaqla hökumət komandasının professional fəaliyyətinin nəticəsidir. Həmçinin 12 şəhər və rayonumuzda 22 min nəfərdən çox müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub ki, bununla bağlı əlavə olaraq 50 mln manat vəsait növbəti ilin dövlət büdcəsi layihəsində proqnozlaşdırılıb. Şadam ki, bu ilk 12 rayon içərisində Masallı rayonu da var.

Ona görə mən müvafiq quruma təşəkkür edirəm. Digər bir mühüm sahə olan səhiyyədə isə 2016-cı ildə xərclər bölməsi 2015-ci illə müqayisədə 4.6 faiz azdır. Məncə bu amil sürətlə inkişaf edən, pozitiv mənada modernləşən səhiyyə sistemimizə uyğun deyil. İstərdim ki, digər bölmələr üzrə azalmalar hesabına səhiyyə sistemi xərclərinə toxunmayaq, əksinə səhiyyə işçilərinin əmək haqqında müəyyən artımlar etmək üçün vəsait nəzərdə tutaq.

Bildiyimiz kimi cənab Prezidentin tapşırığı əsasında 2018-ci ilə qədər bütün Qarabağ müharibəsi veteranlarının tam şəkildə mənzillə təmin edilməsi nəzərdu tutulub. Amma unutmayaq ki, bununla iş bitmir, daha sonra sıra Əfqanıstan, Çernobıl və digər əlillərə gəlir. Buna görə də dövlət bu qədər yükün altına girməməlidir. Mən belə bir təklif vermək istərdim ki, İcra Hakimiyyətləri böyük tikinti şirkətlərinə, iri sahibkarlara sahibkarlıq fəaliyyətləri üçün təmənnasız torpaq sahələri ayırsın, onlara güzəştlər edilsin.

Bunun müqabilində də həmin şirkətlər binalar inşa etsinlər və onların müəyyən qismini gəlir əldə etmək üçün özləri satsınlar, amma bir qismini də veteranların mənzillə təmin olunmasına yönəltsinlər. Hesab edirəm ki, bu yolla biz əlillərin mənzil problemlərini heç bir vəsait xərcləmədən həll edə bilərik”.

Qeyd etmək istədiyim digər mühüm məsələ ipoteka və ümumiyyətlə kredit verilişi ilə bağlıdır. Belə ki, vətəndaş bankdan 10 mindən çox kredit götürmək istədikdə banklar yalnız Bakı və ya Sumqayıt şəhərində yerləşən evin, mülkün girov qoyulmasını tələb edir. Buna görə də rayon camaatı, hətta böyük torpaq sahələri, iri mülkləri olan insanlar istədikləri krediti ala bilmirlər. Hesab edirəm ki, bu istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır. Xahiş edirəm növbəti ildə hökumət bu məsələyə də diqqət ayırsın.

“Həmçinin hesab edirəm ki, hökumət və biz, qanunverici orqanın nümayəndələri, bir sıra problemlərə daha müasir və sistemli yanaşma tərzi tapmalıyıq. Məsələn, ipoteka kreditləşməsi, sosial mənzillərin tikintisi, qəzalı evlərdən vətəndaşların köçürülməsi rayonlar üçün hələ də ən kəskin məsələ olan cavanların işsizliyi, kiçik sahibkarlığın qurulması və kreditlərin verilməsi əsasında ünvanlı sosial yardımın yeni modelinin işlənməsi və s. Bir sözlə əhalini ələbaxımlılıqdan uzaşlaşdırmağın vaxtı çatıb. Necə deyərlər, onlara balıq vermək əvəzinə, balıq tutmağı öyrətmək lazımdır. Cənab Prezidentin dünənki çıxışı da bizim hamımızı buna istiqamətləndirir. Ümumilikdə 2016-cı il büdcə zərfini müsbət qiymətləndirirəm, cənab Baş nazirə və onun komandasına təşəkkür edirəm və bu büdcə layihəsinin lehinə səs verəcəyəm”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək