Yəqin, biz indiyə qədər fərqinə varmamışıq ki, ölkədə hər dəfə seçki prosesinin getməsini daha çox hiss etdirən məqam İctimai Televiziyanın dövlət vəsaiti hesabına həyata keçirdiyi debat layihəsi olub. Hazırkı parlament seçkiləri situasiyasında qabarıq bir çatışmazlıq var ki, bunu da tele-debatsız gedən siyasi rəqabət ortaya qoyur.
Namizədlərin müxtəlif konfrans zallarında, oxucu bazası zəif olan ayrı-ayrı mətbuat orqanlarında apardığı təbliğat-təşviqat kampaniyası efirin imkanları, oradakı mübahisələrin effektivliyi qarşısında, əlbəttə, heçnədir; səsvermə hüququ olan insanların heç də hamısı üçün maraqlı auditoriya yarada bilmir.
Üstəlik, tele-debatlar yoxdur deyə, insan şüuru seçki ovqatına köklənə bilmir. Sanki ölkədə seçki yox, nəsə başqa bir adda proses başlayıb. Çünki siyasi rəqabət sükunət atmosferində getməməlidir. Bu qədər sakitlik, siyasi həyatın sosial-ictimai təbəqənin yaddaşından kənarda qalma tendensiyası-dayanacaqlarda, dükanlarda, xəstəxana, məktəb dəhlizlərində seçki kəlməsinin dilə gəlməməsi, ümumən seçkinin fəlsəfəsinə, mahiyyətinə adekvat deyil.
Digər tərəfdən, siyasi partiyaların maddi və siyasi baxımdan uzun illər yaşadığı efir problemi seçkilərdə bir baryer olaraq götürülürdü; tele-debatlar hardasa, reklam, cəmiyyətlə təmas nöqteyi-nəzərindən həmin partiyalar üçün seçkiyə qatılmaqda stimullardan biri idi. Bütün bu cəhətlərdən MSK-nı, seçki qanunvericiliyinə cavabdeh olanları tənqid edən siyasi partiyalara haqq qazandırmamaq mümkün deyil.
Üstəgəl, efir debatları həm vizuallıq, həm dinləmə, həm opponentlik məqamlarında namizədləri dəyərləndirməyin nisbətən asanlığı baxımından seçici kütləsini prosesə az və ya çox dərəcədə səfərbər edə bilirdi. Artıq namizədlər haqqında şəkillərin, şüarların, ictimai vəkillərin anlada bilmədiyi bir obrazı hər namizəd efirdə görünmək, səsini çıxarmaq, fikrini necə ifadə etməklə ortaya qoya bilirdi və elektoratda sabahkı günə verəcəyi qərara təsəvvür formalaşırdı.
Diqqət etmişiksə, bu debatlar daha çox yaşlı və evdar təbəqə tərəfindən izlənilirdi. Elə bu yerdə nəzərə almaq lazımdır ki, seçkidə aktivlik göstərən, başqa sözlə, səsini kimə verməsindən asılı olmayaraq, səsvermə məsuliyyətini daşıyıb, məntəqələrə axışan təbəqə də elə bu təbəqə idi. Onlar internet arxasında gün keçirən, ölkə həyatına vecsiz yanaşan gəncliyin laqeydliyini yamsılaya bilməyən, əksinə, hər günün, hər seçkinin yaxşı bir dəyişkənlik yaradacağına “bəlkələr”lə ümid edən, iki siyasi-iqtisadi formasiyanı görmüş və seçkinin necə keçirilməyindən asılı olmayaraq, keçmişlərdən stabil qalan intizam, məsuliyyət tərbiyəsini özündə daşıyan seçici kəsimidir.
Belə çıxır ki, Seçki Məcəlləsinə müvafiq həyata keçirilən qeyri-debat məsələsi prosesin ənənəvi fəal kəsiminin statistikasını aşağı salır. Seçici ucuz şoular, bəsit serialların yerinə qısa müddətdə qoya bildiyi vacib sosial-siyasi məsələlərə diqqət kəsilmək fürsətini də itirmiş olur. Paralel olaraq isə, səsvermə prosesi özü passivlik faktoru ilə qarşılaşma ehtimalı daşıya bilir. Nəzərə alsaq ki, seçkidə debutantlar da olacaq, o zaman ən yaxşı təsəvvür vizual imkanlarla, dinləmə vasitəsi ilə, rəqibinə yanaşma davranışlarının nümayişi ilə formalaşmalıdır.
Doğrudur, son illərin seçkiləri sübut etdi ki, debatlar robotlaşdırılmış şəkildə və söz imkanlarını vaxt məhdudluğu ilə boğan o qədər də maraqlı aparılmayan bir siyasi yarış imitasiyasına xidmət edir. Amma nə qədər belə görünsə də, debatların seçki ovqatını yaratmaq gücü məhdud xarakter daşımırdı.
Digər tərəfdən, əvvəlki seçkilərdə isbat olundu ki, bizdə debatlarda iştirak edən iddialıların bəzilərinin mədəni səviyyəsinin aşağı olması, həm debat formatının özünün əhəmiyyətinə kölgə salır, həm də cəmiyyətdə ikrahla qarşılanır. Son prezident seçkisində Araz Əlizadə-Cəmil Həsənli arasındakı kobud rəftarın dilə gətirilməsi mümkünsüz incəlikləri seçki arxivinin ən utanc faktları kimi qalacaq.
Ola bilsin ki, debat ənənəsinin pozulmasında hakimiyyət məhz elə bu məsələni hədəfləyib: nə şit görünən məddahlıq, nə saxta komplimentlər olsun, nə nanəciblik, söyüş, təhqir; Seçilmək istəyən ədəb-ərkanla hər bir vətəndaşın ayağına qədər getsin.
Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrin təcrübəsində də qara piarı ən kobud şəkildə alternativə qarşı çevirmək, şəxsi ləyaqətin aşağılanması metodları siyasi dəbdən düşmür. Bu mənada müvəffəqiyyət mücadiləsində kübarlığı itirmək, mədəni səviyyəsizlik məsələsi o qədər də dərd ediləsi məqam deyil. Dərd ediləsi məqam izahı nə olur-olsun, geniş auditoriyası olan efir məkanında, başqa sözlə geniş ictimai nəzərlər altında siyasi rəqabətin aparıla bilməməsidir. Çünki ayrı-ayrı bölgənin seçdiyi namizəd sonda bütünlüklə xalqı təmsil etməlidir, xalqsa parlamentin kandarına ayaq basana qədər millətin vəkillərini görməli, eşitməli və onun portretini aldığı təəssüratlarla əlindəki bioqrafik bilgilərin sintezi əsasında özü cızmalıdır...