Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hüquqşünas Əliməmməd Nuriyevin işəgötürmə zamanı xarici dilin müsabiqə şərtlərinə daxil edilməsi ilə bağlı iradlarına münasibət bildirib. Hüquqşünas problemin həlli üçün nazirliyin məsələyə müdaxiləsinin vacibliyini vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Modern.az saytına deyib ki, işin xarakterinə uyğun olaraq işə qəbul olunan şəxsdən xarici dil bilməsinin tələb olunması mümkündür:“Əmək Məcəlləsində işə qəbul olunmaq üçün xarici dil bilmənin tələb olunması şərti əksini tapmayıb. Bununla belə, məcəllənin 57-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasını əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir”.
Şöbə müdiri qeyd edib ki, əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilən Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir.
Əgər işçinin yerinə yetirəcəyi əmək funksiyaları onun bu və ya digər xarici dili bilməsinin vacibliyini nəzərdə tutursa, belə olan halda onun işə qəbul olunması zamanı görəcəyi işin xarakterinə uyğun olaraq xarici dili bilməsinin tələb olunması mümkündür. Əks hallarda işə qəbul zamanı xarici dil bilmənin əsas şərt kimi müəyyən edilməsi düzgün deyil”.
Gülşən RAUFQIZI