Modern.az

Gürcüstanda bir kənd var və ya onun üç övladı haqqında bir neçə söz

Gürcüstanda bir kənd var və ya onun üç övladı haqqında bir neçə söz

Təhsil

14 Oktyabr 2015, 13:00

Həmid VƏLİYEV,

Bakı Dövlət Universiteti Beynəlxaql jurnalistika kafedrasının müdiri, professor,

Gürcüstan SSR-in əməkdar jurnalisti

Gürcüstanın indi Ermənistan deyilən məkanla sərhədində iri bir kənd vardır – Sadaxlı kəndi. Əhalisinin 99 faizi soydaşlarımızdır. Bu torpağın tarixi ilkin orta əsrlərə gedib çıxır. “Sadaxlı” sözü isə yay oxu ilə bağlı olan “sadaq” sözündəndir. Tarixdə gürcülərlə azərbaycanlıların dostluğu barəsində Sadaxlı ilə bağlı çoxlu faktlar vardır. Məsələn, Şərqi Gürcüstanın çarı II İrakliyə Sadaxlı Xudu babanın maliyyə yardımı göstərməsi  barəsində hətta film çəkilmişdir.

Bütün bunlar tarixi faktlardır və həmin məsələ ilə tarixçilər məşğul olurlar.

Sadaxlıların görkəmli adamlarının səsi-sorağı uzaq-uzaq ellərdən gəlir. Alimləri, həkimləri, mühəndisləri, müəllimləri, aqronomları…  var. Onlar keçmiş SSRİ-nin müxtəlif yerlərində ad-san qazanmışlar. İndi sadaxlılar dünyanın inkişaf etmiş ölkələrində də  yaşayıb yaradırlar. Əlbəttə, bütün bunlar ayrıca tədqiqiat obyektləridir. Yəqin ki, gəlcəkdə bu barədə də geniş söhbət açılacaqdır.

İndi isə məqsədimiz bu kənddə böyüyb boya-başa çatmış, bu kənddə ibtidai və orta təhsil almış, bu kənddən pərvazlanaraq ali təhsil dalınca getmiş və ömrünü bütünlüklə ən müqəddəs peşəyə-müəllimliyə həsr etmiş üç nəfər Sadaxlı yetirməsi haqqında söhbət açmaqdır. Bunlardan birini - fililologiya elmlətri doktoru, professor Pənah Xəlilovu humanitar elm sahələrinin, demək olar, bütün tanınmışları tanıyırlar. İkincisi-Xəlil Nəbiyev ömrü boyu riyaziyyat müəllimi kimi fəaliyyət göstərsə də, Sadaxlı kimi böyük bir kənddə orta məktəbin uzun illər direktoru işləmişdir. Üçüncüsü-Pənah Gülməmmədov Sadaxlıdan yetişən ilk coğrafiya müəllimi kimi tanınmışdır və bu gün də sıradadır. Pənah Xəlilovun və Xəlil Nəbiyevin 90 yaşı tamam olur. Pənah Gülməmmədov isə 85 yaşını doldurmaqdadır. Bu günlərdə sadaxlılar bir yerə toplaşacaq, daha doğrusu, yəqin ki, Marneuli rayonunda ən böyük sayılan mədəniyyət evimizdə bu üç nəfərin yubileyini qeyd edəcəklər.

Professor Pənah Xəlilov


Mənə elə gəlir ki, Pənah Xəlilov haqqında nəsə yazmaq, nəsə gözəl bir şey demək üçün  eloğlumuz, istedadlı jurnalistimiz, Azərbacaycan Respublikasının əməkdar jurnalisti İlyas Adıgözəllinin ötən il Bakıda nəşr olunmuş “Borçalının Sadaxlı dünyası” kitabında Pənah Xəlilovun çap olunmuş “Kimliyim, ömrüm, peşəm, qələm yadigarım” sərlövhəli yazısını mütləq oxumalıdır. Çünki burada müəllif özünün həyat yolunu vərəqləmiş, hər şeyi yerli-yerində vermiş, filologiya sahəsinin zirvəsinə çatmaq üçün keçdiyi çətin yolu təsvir etmiş, bu səviyyəyə qalxmaq üçün Mir Cəlal Paşayevə, Cəfər Xəndan Hacıyevə, Məmməd Arif Dadaşzadəyə, Həmid Araslıya, Əzəl Dəmirçizadəyə, Məmmədəli Şirəliyevə, Əlu Sultanlıya, Əliyar Qarabağlıya, Məmmədcəfər Cəfərova, Abdulla Qarayevə, Yusif Məmmədəliyevə və neçə-neçə başqalarına minnətdarlığını bildirir.

Pənah Xəlilov uzun illər Azərbaycan Dövlət Universitetində “SSRİ xalqları ədəbiyyatı” kafedrasına rəhbərlik etmişdir. Yeri gəlmişkən, demək lazımdır ki, yazdığı dərsliklər, çap etdirdiyi məqalələr belə bir kafedranın yaradılmasına əsas vermişdi. Özü demişkən, “keçmiş tələbələrimi başıma yığdım, onların şəxsində gənc kadrlar hazırladım. Özbəkistan və Gürcüstan respublikalarının universitetləri ilə kafedralararası mühazirə və tələbə mübadiləsini gücləndirdim. Respublikamızın milli kadra olan ehtiyacını ödməklə yanaşı, Dağıstan, Kabarda-Balkar respublikaları, sonra Gürcüstan Respublikası ehtiyacına görə də filologiya elmləri namizədi və doktorluğu üçün istedadlı kadrlar hazırladım”. Pənah müəllim elmi-tənqidi işini bir neçə istiqamətdə aparmışdır və bu işi indinin özündə də davam etdirir. Şerimizin və nəsrimizin klassiklərinin, gənclərin və yeniyetmələrin ədəbi prosesdə xidmətini işqlandıran yazılarının sayı 200-dən çoxdur. Yaxın və uzaq keçmişimizin-klassiklərimizin təbliği və tədqiqi sahəsində böyük işlər görmüşdür. Orta Asiya və Qazaxstanın türk xalqları ədəbiyyatı tarixini ali məktəb  səviyyəsində tədris obyektinə çevirib gənclərimizə sevdirmişdir. Ədəbi əlaqələrimizin tarixini öyrənmiş və onları bütün inkişaf tarixi boyunca ardıcıl işıqlandırmışdır.  Filologiya elmləri sahəsində apardığı tədqiqatların sayı-hesabı yoxdur. Qələmini tərcümə sahəsində də sınayan Pənah Xəlilov Servantesin məşhur “Don Kixot” əsərini, habelə “Herodot tarixi” kitabını dilimzə tərcümə etmişdir.

Pənah Xəlilovun fəaliyyəti geniş və çoxşaxəlidir. Son illərdə filologiya sahəsindən tarix sahəsinə böyük bir addım atmışdır.

Xidmətləri lazımi səviyyədə qiymətləndirilmişdir. Görkəmli alim Azərbaycan Respublikası Prezindetinin təqaüdünə layiq görülmüşdür.

Sadaxlıdan uzaqda – Bakıda yaşasa da, doğma yer-yurdunu unutmur.  İndiki şəraitdə gediş-gəlişin ağırlığı üzündən əlaqələri  zəifləsə də, özü demişkən, “könüldən-könülə yollar görünür”.

Bu gün anadan olmasının 90 illiyini qeyd etdiyimiz elm və təhsil  xadimimizə gəlin möhkəm cansağlığı arzulayaq.

Xəlil Nəbiyev


Yuxarıda dediyim kimi, Xəlil Nəbiyevin də 90 yaşı tamam olur. Bu sakit təbiətli, saçını balalarımızın təlim-tərbiyəsində ağardan, ömrünü şam kimi əridən Xəlil müəllimin Gürcüstanda və onun hüdudlarından kənarda da böüyk hörməti vardır.  Səliqə-sahmanlı, böyüklə böyük, kiçiklə kiçik, habelə son dərəcə prinsipial və obyektiv olması ona nüfuz qazandırır. Yaxşı bir nəsildəndir Xəlil müəllim. Kəndin ali təhsilli ilk riyazıyyatçısıdır. Ali təhsili başa vurduqdan sonra təyinatını özünə doğma saydığı Sadaxlı orta məktəbinə almışdır. O günlərdən 50 ildən çox keçir. Xəlil müəllim yenə də doğma məktəbində bu ocağın hərarətinə isinib, nəfəsini onun nəfəsinə qataraq yaşayır. Şəfərli, mənalı, hamıya örnək olan bir ömür sürür. Sadaxlı orta məkətbində dərs hissə müdiri və direktor işləmişdir.  Səviyyəli müəllimlərin, işgüzar kollektivin formalşamıasında xidmətləri misilsiz olmuşdur. Xəlil müəllim səbrli, hərtərəfli bilikli insan kimi tanınmış və şagirdini inandıra-inandıra öyrətmişdir. İnsan münasibətlərini dərindən bilməsi onu el-oba arasında nüfuz sahibi etmişdir. Xəlil müəllimin 90 illik yubileyi günündə olmuş, lakin hələ də bir çoxlarının bilmədiyi bir əhvalatı burada danışmaq istərdim.

1958-ci il oktyabrın axırlarında yolum məktəbimizə düşmüşdü. Direktor, həm şagirdlərin, həm də bütün kənd əhalisinin sevimlisi, mənim də xüsusi ehtiram bəslədiyim Xəlil Nəbiyev işlərimlə maraqlandı. Hər şeyi yerli-yerində danışdım.

Xüdahafizləşmək məqamı gələndə Xəlil müəllim dedi:

-Uğurlarına sevinirəm. Məktəb şagird təşkilatının sədri, komsomol  komitəsinin katibi, divar qəzetinin redaktoru olarkən nizam-intizamın möhkəmləndirilməsində,  dərsə  davamiyyətin gücləndirilməsində,  mənimsəmə faizinin yüksəlməsində böyük iş görürdün. Səni kollektivimizdə görmək istərdim. Pioner və komsomol işini yaxşı bilirsən. Pioner baş dəstə rəhbəri vəzifəsi boşdur. Maaşı 410 manatdır. Xeyli puldur. İstəsən noyabrın 1-dən gəlib işə başlaya bilərsən. O biri işlərinlə məşğul olmağa da şərait yaradarıq.

- Xəlil müəllim, təklifinizə görə təşəkkür edirəm,-dedim- anamla, qardaşlarımla məsləhətləşib fikrimi bildirərəm.

Məsələdən hali olan anam sevindi, qadaşlarım da etiraz etmədilər. Rayon komsomol komitəsinin bürosu məni Sadaxlı orta məktəbinin pioner baş dəstə rəhbəri vəzifəsinə təsdiq etdi, Marneuli rayon xalq maarif şöbəsinin müdiri Şaxəli Məmmədov qərar əsasında əmr imzaladı və 1958-ci il noyabrın 1-dən rəsmən əmək fəaliyyətinə başladım.

İşə ciddi girişdim. Xəlil müəllimin iştirakı ilə üçüncü-səkkzinci siniflərdə ən fəal şagirdləri pioner dəstə rəhbəri seçdik. Bundan sonra pioner otağında onlarla söhbət apardım, görəcəkləri işi izah etdim, pioner toplantılarının keçirilməsi qaydalarını öyrətdim, bütün pionerlərin məktəbə qırmızı qalstukla gəlmələrinin vacibliyini söylədim. Onu da dedim ki, pioner dəstə rəhbəri sinifdə nizam-intizama, səliqə-sahmana, dərsə davamiyyətə cavabdehdir, bu məsələlərlə bağlı bütün işlərdə sinif rəhbərinin köməkçisidir. Siniflərdə divar qəzetlərinin azı ayda bir dəfə çıxmasına şəxsən nəzarət edəcəyimi bildirdim. Ertəsi gün divar qəzetlərinin redaksiya heyətlərini, redaktorlarını seçdik. Bunlar əlaçı, təşəbbüskar, diribaş, bir az da qorxmaz uşaqlar idi. Divar qəzetərində qorxmaz uşaqların olmasına ehtiyac vardı, çünki tənbəllərin, intizamı, pioner adını pozanların tənqidi qorxmazlıq və cəsarət tələb edirdi. Görüləcək işləri əks etdirən, həyata keçirilən tədbirlərin qeydiyyatı aparılan əla tərtibatlı albomlarımız vardı. Can-başla işləyirdim, sinif rəhbərləri də bizə yardım göstərirdilər. Çox təcrübəli pedaqoq, nəcib və mehriban insan olan direktor Xəlil müəllim bizə əlindən gələn köməyi əsirgəmirdi.

Qəzetlərlə əlaqəmi daha da genişləndirdim. “Zarya Vostoka”, “Şərqin şəfəqi”, “Axalqazrda komunisti” (“Gənc kommunist”) və “Molodoy stalinets”də tez-tez jazılarım dərc olunurdu.

İctimai işlərdə fəallığım məktəb rəhbərliyinin diqqətindən yayınmadı. Pedaqoji şuranın iclasında ünvanıma təriflər eşitdim. Lakin bütün bunlar məni arxayınlışdırmır, əksinə, daha yaxşı işləməyə ruhlandırırdı.

Bir dəfə Xəlil müəllim məni kabinetinə çağırdı, əyləşməyə  yer göstərdi, özünəməxsus aramla dedi:

- Pioner baş dəstə rəhbəri kimi işindən razıyam. Deyirlər, pioner işi görünməyən işdir, guya kimin yaxşı, kimin pis işlədiyini müəyyənləşdirmək mümkün deyil. Sən isə sübut edirsən ki, pioner işi yaradıcı işdir, görünən işdir, bu sahədə uğur qazanmaq olar. İndi səni çağırmaqda məqsədim var. Müəllim və şagird komsomol komitəsinə katib seçməliyik. Çox götür-qoydan sonra sənin namizədliyin üzərində dayanmışıq. Komsomolçular arasında nüfuzun var, onların bir çoxu komsomol sıralarına sən katib olarkən qəbul edilmişdir. İndi pioner baş dəstə rəhbəri kimi komsomola layiq olan pionerləri də yaxşı tanıyırsan.

Xəlil müəllim susdu.

Ani sükutu mən pozdum:

- Xəlil müəllim, komsomolçu müəllimlərlə işləmək çətin olmazmı?

- Narahatlığa əsas yoxdur. Cavan adamlardır. Komsomolda xeyli stajları var. ÜİLKGİ nizamnaməsini bilirlər. Bir də ki, lazım gəlsə, kömək edərik...

Bir neçə gündən sonra məktəbimizin birləşmiş komsomol komitəsinin katibi seçildim. Elə həmin gün büro üzvləri arasında iş bölgüsü apardım.

Yeni, 1959-cu ilin ilk günləri idi. Direktor məni kabinetinə çağırtdırdı. İçəri girən kimi, Xəlil müəllim, həmişə olduğu kimi, yenə də mülayimliklə:

- Tanış ol, rayon komsomol komitəsindəndir,-dedi.

Əlimi uzatdım. Gələn özünü təqdim etdi:

- Levon Sarkisyan!

Xəlil müəllim dedi:

- Məktəbimizdə pioner təşkilatının işi ilə tanış olmaq istəyir.

Sarkisyan azərbaycanca direktorun dediklərinə lovğa-lovğa düzəliş verdi:

- Tanış olmağa yox, yoxlamağa gəlmişəm. Yoxlamanın nəticələri rayon komsomol komitəsinin büro iclasında müzakirə ediləcək.

Erməninin özünü həyasızcasına aparması xoşuma gəlmədi, dediklərinə dözə bilmədim:

- Bilmirsinizsə, öyrənin: işlə tanış olmaq həmin işi yoxlamağın bir yoludur.

Erməninin tərsliyi tutmuşdu. Azərbaycanca dediklərimizin bir çoxunu lazımınca başa düşmədiyindən sözlərin qol-qılçasını sındıra-sındıra rusca danışmağa başladı.

- Ya tuda priyexal proveryat pionerskaya rabota. Davay dokument.

Hiss elədim ki, bu adam yoxlamağa gəldiyini bilir, amma nəyi yoxlayacağından bixəbərdir. Ayağım yer almışdı, erməni öz-özünü dolaşdırmışdı. Bu cür səriştəsiz yoxlayıcılardan, yoxlama adı ilə adamları qorxutmağa çalışanlardan zəhləm gedirdi. Öz aləmimdə onu buraya göndərənləri, xüsusilə  də rayon komsomol komitəsinin azərbaycanlı olan birinci katibini qınadım və üzümü “müfəttişə” tutaraq sərt dilləndim:

- Yoldaş Sarkisyan, yoxlayacağınız problemlərə dair suallarınız varmı?

Erməni başa düşdü ki, daş qayaya rast gəlmişdir.

Gözləri döyükürdü. Mən isə cavab gözləyirdim. Levon susurdu. Başını əlləri arasına alıb durmuşdu. Nəhayət, dilə gəldi:

- Yoxlama prosesində sualları tərtib edərəm.

Etiraz etdim:

- O cür yaramaz! Siz oradan suallarla gəlməli, Rayon pionerlər evindən məsləhətlər almalı, burada suallar əsasında işin vəziyyəti ilə tanış olmalı, bu sahədə təcrübəniz varsa, -belə təcrübənizin olmasına inanmıram,-yoxlama prosesində əlinizdə olmayan bəzi suallara cavab tapa bilərdiniz. Beləliklə, mən sizi səlahiyyətsiz “müfəttiş” hesab edirəm və belə bir adama bizim pioner təşkilatı haqqında heç bir sənəd göstərməyəcəyimi bildirdim. Bu barədə raykomun birinci katibinə telefonla məlumat verəcəyəm.

Bu erməni ilə daha kəskin danışa bilərdim. Özünü tamamilə itirmişdi. Susmağın qızıl olduğunu deyəsən, anlamışdı. Danışmaq, sən demə, gümüş deyil, paslı dəmir imiş.

Vəziyyətinin son dərəcə pis olduğunu görən “müfəttiş” yalvarıcı səslə Xəlil müəllimə müraciətlə:

- Yoldaş direktor, man raykomda işa taza duzalmışam,-dedi.- Bu manim, birinici proverkamdı. Balka starşı pionervayatiya deyəsiniz, dokumentləri göstərsin, baxıb gedim.

Xəlil müəllimin prinsipiallığını çox görmüşdüm. Bir də gördüm.

- Levon, yaxşısı budur, gedəsən və hazırlaşıb  gələsən...

Erməni “müfəttiş” yenidən gəlmək ümidi ilə getdi və bir daha gəlmədi. Rayon komsomol komitəsi bizi unutmamışdı. Məsələmiz də gündəlikdən düşməmişdi. Günlərin bir günündə  gənc bir xanım gəldi. Azərbaycanlı idi. Nəzərdən keçirməli olduğu məsələlərə dair suallar da gətirmişdi. İşimizlə tanışlıqdan razı qaldığını bildirdi. Büro iclasında müzakirələr canlı keçdi, çıxış edənlər işimizi bəyəndiklərini bildirir, təcrübəmizin digər məktəblərin pioner təşkilatlarında yayılmasını təklif edirdilər. Levon Sarkisyan da büro iclasında idi. Təşkilatımız haqqında deyilən gözəl, ürəkaçan sözlər onun qəlbinə xəncər kimi sancılırdı. Amma içəridən qovrula-qovrula susurdu, çünki başqa əlacı yox idi...

Bəli, 50 il bundan  əvvəl Xəlil Nəbiyev belə  direktor idi.  İşçisini heç kəsin ayağına verməzdi. Erməniyə isə heç güzəştə getməzdi.

Gəlin onu da anadan olmasının 90 illiyi münasibəti ilə təbrik edək və  möhkəm cansağlığı arzulayaq!

Pənah Gülməmmədov


Pənah Qurban oğlu Gülməmmədov 1930-cu ildə anadan olmuş, 1952-ci ildə Sadaxlı orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Pedaqoji İnistitutunun coğrafiya fakültəsinə qəbul edilmişdir. Ali təhsilini başa vuran kimi bir müddət Dmanisi rayonunun Qızılkilsə kənd orta məktəbində dərs demiş, sonra isə Sadaxlıdaki 1 saylı orta məktəbdə işləməyə başlamışdır. Maarif əlaçısıdır. Hərtərəfli bilik sahibidi. Şəxsi kitabxansına gəlincə, bəlkə də, heç kəsin kitabxanası onunku  qədər zəngin deyil. Hələ sovet dövründə Azərbaycanın nəşriyyatları ilə əlaqə saxlayır,  çap edəcəkləri kitabların siyahsını alır və bu kitablara əvvəlcədən sifariş verirdi. Hətta dostlarından bəziləri zarafatla deyirdilər ki, hələ çapdan çıxmamış kitablar belə Pənah müəllimin kitabxanasında vardır. Sovet dövründə Gürcüstanın Azərbaycan məktəblərində də Gürcüstan SSRİ-in coğrafiyası fənni tədris olunurdu. Pənah müəllim həmişə bu sahədə çətinliklərlə rastlaşdığından, dərsliyin olmamasından şikayətlənirdi. Heç yadımdan çıxmır, 70-ci illərin əvvəllərində Gürcüstan SSR-in coğrafiyası kitabı Azərbaycan dilinə tərcümə edilirdi. Bu işlə bilavasitə mən məşğul olduğuma görə dörd nüsxədən ibarət əlyazması hazırladım və birini ayrıca bir qovluqda Pənah müəllimə bağışlayanda elə bil ona dünyanı bağışladılar.

Pənah müəllim coğrafiya dərsinin tədrisində son dərəcə böyük təcrübə sahibidir. Yarım əsr zarafat deyil! O, Amerikanın, Avropanın, Afrikanın, Asiyanın, Avstraliyanın həm fiziki, həm də iqtisadi coğrafiyasını, necə deyərlər, beş barmağı kimi bilir və bu qitələrin ölkələrinin coğrafiyası ilə bağlı o qədər maraqlı faktlardan istifadə edir ki, təkcə şagirdlər deyil, kəndin cavanları və hətta yaşlıları da onun dərslərinə böyük maraqla qulaq asırdılar.

Əlbəttə, bunlar yaxşıdır, müəllim gərək tədris etdiyi fənni əla bilsin və bildiklərini şagirdlərinə, onu dinləyənlərə lazımi səviyyədə çatdırsın.

Bizə elə gəlir ki, Pənah müəllimin coğrafiya dərslərindən ən maraqlısı şagirdlər üçün Sadaxlıya həsr olunmuş dərsdi.

Pənah müəllim gözəl başlayır dərsinə: “Dünya xəritəsinə Sadaxlının adı düşmür. Onun qoynunda doğulan insanların ürəyində isə bu obanın öz yeri, öz adı var. Yer üzünün fiziki-iqtisadi coğrafiyası, mavi səma, astronomiya ilə bağlı uzun illər o qədər danışmışam ki, bu dəfə söhbətim Sadaxlı haqda olacaq. Görəsən, öz elimiz barədə nə bilirik? Sadaxlı Dağ Borçalısı ilə Aran Borçalısı arasında yerləşən gözəl guşədir. Kitablarda bu yerlər Gürcüstanın güneyində Aşağı Kartli düzənliyi adlanır...”

Pənah müəllim Sadaxlının coğrafiyası haqqında danışır, bu diyarın Qara dəniz səviyyəsindən 194 metr hündürlükdə yerləşməsindən söhbət açır. Burdakı yerlərin adlarının türk toponimləri olduğunu nəzərə çarpdırır: Təveytə çayı, Bənövşə çayı, Böyük Şiş, Bala Şiş, Quyruğun təpəsi və s.

Əlbəttə, Pənah müəllim dərsində dedikləri ilə şagirdlərində bu yerlərin adları barəsində lazımi təsəvvür yaratmaqdı, lakin eyni zamanda o, dərs dediyi uşaqlarda bu yurda məhəbbət hissi aşılayır. Bir faktı da deməyi unutmur ki, Sadaxlının iki-üç kilometrliyində yerləşən Zopdan çıxarılan mərmərdən Moskvametropoliteninin tikintisində istifadə olunmuşdur. Bu, özü də tarixi faktdır.

Bu gün 85 illik yubilyeni qeyd etdiyimiz Pənah müəllimə möhkəm cansağlığı arzulayır və coğrafiya dərslərində bu və ya digər məntəqəni, bu və ya digər okeanı, dənizi, gölü, çayı göstərmək üçün istifadə etdiyi çubuğu əlindən düşməsin deyirik.

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək