“Azərbaycanda yeniyetmələr üçün reabilitasiya mərkəzləri yaradılmalıdır”
Milli Məclisin iclasında büdcə müzakirələri davam edir. Modern.az xəbər verir ki, deputat Gövhər Baxşəliyeva əlillərə verilən müavinətlərin artırılmasını təklif edib. Onun sözlərinə görə, uşaq evlərinə əlil uşaqlar daha çox tənha qadınlar tərəfindən gətirilib verilir:
“Ailədə uşaq əlil olanda bəzən ata buna dözmyəib çıxıb gedir və qadın uşaqla tək qalır. Qadın bir neçə müddət bununla mücadilə edir, amma işlə uşağa baxmağı çatdıra bilmir və nəticədə övladını uşaq evlərinə verir, dövlətdən də müəyyən müavinət alır. Bu azlıq edir və imkan olanda əlil uşaqlara, əlil insanlara baxan ailə üzvlərinə verilən müavinəti artırmalıyıq və bunu nəzərə almalıyıq”.
Deputat Sumqayıt şəhərində olan yataqxanalar barəsində də danışıb: “Sumqayıtda 65 yataqxana var və əksəriyyəti 60-cı illərdə tikilib və müvəqqəti yaşayış üçün nəzərdə tutulub. Onların əksəriyyəti qəzalı vəziyyətdədir. Bunların yenidən tikilməsinə vəsaitin ayrılması indiki vəziyyətdə çətindir, amma onların əsaslı təmirinə vəsait ayrıla bilər.
Sumqayıtda digər regionlardan fərqli olaraq hündürmərtəbəli binalar üstünlük təşkil edir. Burada mənzillərin isidilməsi üçün alternativ yanacaq-dizel, odun, kömürdən istifadə mümkünsüzdür, ona görə binalara istilik sistemlərinin çəkilməsi vacibdir. Büdcədən bununla bağlı vəsait ayrılıb, amma bunun necə faizinin Sumqayıtın payına düşdüyü müəmmalıdır. Hökumət üzvlərindən xahiş edirəm ki, məsələ diqqətdə saxlanılsın”.
Deputat Sevinc Fətəliyeva Suraxanı rayonundakı problemlərdən danışıb.
Onun fikrincə, problemlərin həlli rayonun daxili imkanları səviyyəsində mümkünsüzdür və əlavə vəsaitə ehtiyac var: “Zığ və Hövsan qəsəbələrinə kanalizasiya xətti çəkilməlidir. Hövsanda su problemi həll olunsa da, Zığ qəsəbəsində bu problem hələ də qalır. Hər iki qəsəbədə əsas yolların asfalt örtüyünün yararsız olması problem yaradır.
Eyni zamanda, son günlər mətbuatda uşaqlara qarşı törədilən zorakılıq, intiharlarla bağlı xəbərləri izləyirik. Ailələr, xüsusilə də yeniyetmələr üçün reabilitasiya mərkəzlərinin yaradılması vacibdir. Bu cür mərkəzlər Avropanın bir sıra ölkələrində fəaliyyət göstərir və belə mərkəzlərin açılması üçün vəsaitin ayrılması yaxşı olardı”.
Deputat Məlahət İbrahimqızı bildirib ki, dünyada gedən ağır prosesləri, böhranı nəzərə alsaq, 2016-cı ilin dövlət büdcəsi mükəmməl hazırlanıb. O, artıq Avropanın bir çox ölkəsində “kəmər sıxma” əməliyyatı aparıldığını, ancaq Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini vurğulayıb:
“Ölkəmiz prezident İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti nəticəsində dünyada gedən neqativ proseslərdən yan keçir. İqtisadiyyatımızın inkişafı davam edir. Azərbaycanda işsizliyin aradan qaldırılması, təhsil və səhiyyə sahələrində aparılan islahatlara nəzər salsaq, ölkəmizin böyük nailiyyətlər əldə etdiyini görərik”.
Deputat Azərbaycanda qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verildiyini, kənd təsərrüfatının prioritet istiqamət kimi götürüldüyünü vurğulayıb. O, bütün bunların 2016-cı ilin büdcə layihəsində öz əksini tapdığını qeyd edib.
Aytən Zəhra