“Bir neçə gün öncə Prezident İlham Əliyevin doqquz ayın yekunları ilə bağlı geniş və əhatəli çıxışı 2016-cı ilin dövlət büdcə layihəsinin birbaşa səsə qoyularaq qəbul olunmasına kifayət edir”.
Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin plenar iclasında, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O, prezidentin həm dünyada, həm ölkədə gedən hadisələri, həm beynəlxalq, həm də ictimai-siyasi vəziyyəti əhatəli şəkildə şərh etdiyini, bu çıxışdan sonra müzakirələrə ehtiyac qalmadığını qeyd edib:
“Prezident İlham Əliyev 2016-cı ilin büdcəsinin gələcəkdə necə formalaşması, hansı istiqamətlərə xərclənməsi, iqtisadiyyatımızın hansı sferalarına diqqət yetirilməsi, neftin qiyməti ilə bağlı, xüsusi olaraq ictimaiyyəti maraqlandıran bütün məslələrə münasibətini bildirdi. Bundan sonra əlavə fikir söyləmək istəmirəm”.
Deputat 2016-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin artırıldığını və bunun vacib məsələ olduğunu vurğulayıb:
“Təhlükəsizlik və müdafiə məsələsi vacib şərtlərdəndir. Bu sahəyə diqqət biraz da artırılsa, daha məqsədəuyğun olar. Ətrafımızda baş verən hadisələr, təhdidlər, ayrı-ayrı terror qruplarının qarşısının alınması üçün Azərbaycan hüquq-mühafizə orqanları ciddi-cəhdlə çalışır və ölkəmizdə prezidentimizin rəhbərliyi altında böyük bir ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycan bir sabitlik adasıdır. Onun qorunması və daha da möhkəmlənməsi üçün büdcədən bu sahələrə vəsaitlərin biraz daha çox ayrılmasına ehtiyac var”.
Daha sonra deputat parlament seçkiləri ilə əlaqədar həmkarlarına qanunvericiliyə riayət etmələrini bildirib.
O, müzakirələri dayandırmağı vurğulayıb. YAP rəsmisi bildirib ki, bununla da hökumətə büdcəni nəzərdən keçirməyə imkan yaratmaq lazımdır.
Aytən Zəhra