Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında tapşırıq və tövsiyələrdən irəli gələn məsələlərin icrası məqsədilə Baş prokuror Zakir Qaralovun sədrliyi ilə oktyabrın 14-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib.
Modern.az saytı xəbər verir ki, müşavirədə Baş prokuror korrupsiya ilə mübarizənin kəsərliliyinin daha da artırılmasının vacibliyini xüsusi qeyd edib.
Müşavirədə məruzə ilə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarənin cari ilin 9 ayı ərzindəki fəaliyyətini təhlil edib. Bildirib ki, bu müddət ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 5108 müraciət daxil olub, həmin müraciətlər əsasən nəqliyyat, tikinti və bank sektoru sahələrini əhatə edib, həmçinin 224 şəxs barəsində 146 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Həmin cinayət işlərindən 87 şəxs barəsində 58 iş mənimsəmə və israf etmə, 48 şəxs barəsində 37 iş dələduzluq, 33 şəxs barəsində 19 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 9 iş rüşvət alma, 10 şəxs barəsində 6 iş isə rüşvət vermə, 9 şəxs barəsində 9 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı və 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə faktı ilə əlaqədar olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 98 milyon 571 min manat ziyandan istintaq müddətində 31 milyon 640 min manat və ya 32 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Əməliyyat müşavirəsində müvafiq idarələrin rəisləri hesabatla çıxış edərək korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılması ilə əlaqədar təkliflərini irəli sürüblər.
Müşavirədə dövlət başçısının göstərişlərinin icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib, korrupsiya hüquqpozmalarının daha çox baş verdiyi sahələrin araşdırılması, onların təhlili və qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə müvafiq işçi qrupların yaradılması, eyni zamanda müxtəlif sahələrdə mütəşəkkil və sistemli xarakter almış korrupsiya cinayətləri törətməkdə olan cinayətkar şəbəkələrin ifşa edilməklə üzvlərinin məsuliyyətə cəlb edilməsi barədə qanunla nəzərdə tutulmuş cinayət təqibi tədbirlərinin qısa müddət ərzində həyata keçirilməsi qərara alınıb.
Bundan başqa, korrupsiyaya qarşı mübarizədə inzibati və cəza tədbirləri ilə yanaşı, vətəndaşların ictimai nəzarətin həyata keçirilməsində aktivliyinin artırılması üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə konkret tapşırıqlar verilib.
Eyni zamanda, Prezident İlham Əliyevin verdiyi göstərişlərin səmərəli və keyfiyyətli icrasının təmin edilməsi məqsədilə Baş prokuror tərəfindən Bakı şəhəri, bütün rayon (şəhər) və ərazi hərbi prokurorlarına korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin və digər dövlət qurumları tərəfindən belə hallara yol verilməsinin qarşısının qəti şəkildə alınması üçün kəsərli təsir tədbirlərinin görülməsi, sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə daxil olmuş müraciətlərin dərhal Respublika Baş Prokurorluğunun rəhbərliyinə məruzə olunması, habelə tabe prokurorların və bütün prokurorluq əməkdaşlarının fərdi məsuliyyət hissinin artırılması ilə əlaqədar rəsmi göstəriş verilib.
Modern.az