Modern.az

Avtobuslar kimi sürücülər də xaricdən gətirilsin TƏKLİF

Avtobuslar kimi sürücülər də xaricdən gətirilsin TƏKLİF

16 Oktyabr 2015, 12:05


Kartla işləyən yeni nəqliyyat vasitələri “BakuBus”lar gətirildikdən sonra hər kəs artıq istədikləri yerə rahat çatacaqlarını ümid edirdi və bu əbəs deyildi. Çünki marşrut avtobuslarının əvvəlki sürücüləri planı doldurmaq niyyəti ilə hər yerdə saxlayır, nəqliyyat vasitəsini təhlükəli idarə edir, birdən-birə əyləci basır və insanlara narahatlıq yaradırdılar.

Yeni avtobuslar gətirildikdən sonra paytaxt sakinləri onların köhnələrdən yalnız görünüşü və kartla işləmələrinə görə fərqləndiklərini müşahidə ediblər. Fərq bir də sürücülərin fərqli vahid geyim formasında olmasıdır. Avtobus dəyişib, forma dəyişib, amma sürücülərin davranışları, idarəetmə qaydaları dəyişməyib. Onlar avtobusları yenə də əvvəlki qaydada idarə edirlər.

Təsadüfi deyil ki, bu yaxınlarda Səbail rayonu 20-ci sahə ərazisində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 və 6 saylı marşrut xəttində olan avtobuslarının xaos yaratdığı qeyd edilərək həmin ərazidən çəkilən foto yayımlandı.   “Bakubus” MMC-nin mətbuat xidmətinin rəhbəri Elçin Rufullayev Modern.az-a bildirib ki, onlar avtobusları xaricdən alsalar da, sürücüləri xaricdən gətirməyiblər:

“Onlar əvvəllər başqa marşrutlarda işləyən bizim vətəndaşlarımızdır. Amma sözsüz ki, onlara təlim keçirilib. Təəssüf ki, bu cür hallar yaşanır. Ona görə sərnişinlərdən xahiş edirik ki, belə hallarla rastlaşan zaman həmin marşrutun nömrəsi, yaxud sürücünün adını bizə desinlər”.  

Bununla bağlı bir neçə zəng olduğunu deyən Elçin Rufullayev qeyd edib ki, həmin sürücülərin bəziləri xətdən uzaqlaşdırılıb, bəziləri cəzalandırılıb:

“İstəməzdik ki, belə hallar olsun. Çox təəssüf ki, bəzən qarşılaşırıq. Xahiş olunur ki, bizə əhatəli məlumat verilsin, operativ hərəkət edək. Amma bu cür faktları bütün sürücülərə də şamil etmək olmaz.

Ümumiyyətlə, sürücülərimiz gündəlik spirtli içkiyə görə həkim nəzarətindən keçirlər. Bununla əlaqədar sürücülərdə içki promili aşkarlanırsa, onlar işdən uzaqlaşdırılır. Sərnişinlərin şikayəti olarsa, bu araşdırılır və doğru olarsa, sürücülərin bəziləri xətdən çıxarılır, təlimlərə cəlb olunur, bəzilərinə töhmət verilir”. 

Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub