"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin işçilərin əmək haqlarını avqust ayından bəri ödəyə bilməsi ilə bağlı mətbuatda gedən informasiyalara qurumun mətbuat xidməti rəhbərinin müavini Ələkbər Baxşəliyev münasibət bildirib.
O qeyd edib ki, mətbuatda yazıldığı kimi, işçilərin əmək haqlarının avqustdan verilməməsi doğru deyil:“Verilməyən sentyabr ayının əmək haqqıdır, o da bəzi işçilərdə qalıb.Gələn həftə həmin işçilərin qalıqları bağlanacaq, həm də oktyabr ayının maaşı veriləcək.
Sadəcə, bizdə bir az maliyyə çətinliyi yaranmışdı. Buna səbəb satdığımız enerjinin pulunun ödənilməməsi ilə bağlı idi”.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a açıqlamasında aldıqları enerjinin haqqını “Azərenerji”yə ödədiklərini deyib.
“Bizim aldığımız enerjinin pulunun ödənilməməsi yalandır. Bunu deyənlər bizimlə “Azərenerji” arasında münasibətlərə kölgə salmaq istəyirlər. Biz aldığımız enerjinin pulunu vaxtlı-vaxtında ödəmişik”.
“Turan” agentliyi müəyyən edib ki, vergi orqanları III rüb üzrə dövlət büdcəsinə vaxtında ödəniş tələb ediblər. Bununla bağlı “Azərenerji”nin bütün gəlirləri büdcə öhdəliklərinə xidmətə sərf edilib. “Azərenerji” digər problemlə üzləşib - əməkdaşlarına maaş verə bilmir. Oktyabrın yarısı arxada qalıb, amma şirkətin əməkdaşları avqust ayının maaşını ala bilmir.
“Deyirlər ki, bir qədər də dözün”, - “Azərenerji” ASC-nin əməkdaşlarından biri bildirib. “Azərenerji”də maaş böhranı ilə bağlı “Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, qurumun rəhbərliyi işçilərlə söhbətdə məsələyə görə “Azərişıq”ı ittiham edib.
İddia edilib ki, “Azərişıq” “Azərenerji”dən aldığı enerjinin pulunu vermədiyinə görə maaş böhranı yaranıb. Lakin işçilər araşdırma zamanı öyrəniblər ki, “Azərişıq” pulu ödəyib.
“Azərişıq”dan onlara bildirilir ki, həmin pul “Azərnereji”nin kreditlərinin qaytarılmasına sərf edilib.
Aytən ZƏHRA