Azərbaycanda növbəti parlament seçkiləri noyabr ayının 1-də keçiriləcək. Mandat əldə etmək üçün seçkilərdə iştirak edəcək namizədlər arasında siyasi partiyaların xeyli sayda üzvü var. Ümumiyyətlə, partiyalar parlament seçkilərində neçə namizədlə təmsil olunmağı düşünürdülər və onlardan neçəsinin namizədliyi qeydə alındı?
Modern.az mövzu ilə bağlı siyasi partiyalardan açıqlama alıb:
Müsavat başqanının müavini Elman Fəttah bildirib ki, partiya parlament seçkilərinə 70-ə yaxın namizədlə qatılıb, onlardan yalnız 24-ü qeydə alınıb: “Digər namizədlər müxtəlif səbəblərdən qeydə alınmayıb və məsələ ilə bağlı partiya üzvləri tərəfindən Mərkəzi Seçki Komissiyasına müraciət edilib”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, parlament seçkilərində kəmiyyətə deyil, keyfiyyətə üstünlük veriblər. Bu səbəbdən də partiya parlament seçkilərinə 30 namizədlə qoşulub, onlardan 12-sinin namizədliyi qeydə alınıb: “Bunun da səbəbi namizədlərimizə bir sıra təzyiqlərin olması və imzatoplama prosesində onlara problemlərin yaradılmasıdır. AMİP-in artıq keçmiş sədri Yusif Bağırzadə və beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayevin də namizədliyi müxtəlif səbəblərdən qeydə alınmadı.
Onu da qeyd edim ki, partiyadan kənar, öz təşəbbüsü ilə Eldar Aslanov 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyini irəli sürüb və onun namizədliyi qeydə alınıb”.
Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli bildirib ki, partiya 28 namizədlə parlament seçkilərində iştirak etməyi planlaşdırırdı: “Ancaq məlum səbəblərə görə namizədlərdən yalnız 6 nəfərinin sənədləri qeydə alınıb.
Onu da qeyd edim ki, partiya üzvlərindən heç kim namizədliklərinin qeydə alınmamağı ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət etməyib”.
Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev qeyd edib ki, partiya parlament seçkilərinə 80-ə yaxın namizədlə qatılmağı nəzərdə tutub, amma müəyyən səbəblərdən namizədlərdən yalnız 29-u imza vərəqələrini toplayıb dairə seçki komissiyalarına təqdim edə bilib: “5 namizədimiz isə yığılan imza vərəqələrini sonuncu gün dairə seçki komissiyalarına təhvil verib, ancaq həmin gün heç bir əlaqəli şəxs olmadığından, sənədləri qeydə alınmayıb. 29 namizədimizin sənədləri dairə seçki komissiyalarına təqdim olunub, onlardan yalnız 17 nəfərinin namizədliyi qeydə alınıb”.
Vüsalə Qəzənfərqızı