Modern.az

Elmira Axundova seçicilərlə növbəti görüşlərini keçirib-FOTOLAR

 Elmira Axundova seçicilərlə növbəti görüşlərini keçirib-FOTOLAR

Təhsil

17 Oktyabr 2015, 00:25

71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Elmira Axundova 16 oktyabr 2015-ci il tarixdə Masallı rayonunun Kalinovka və Lürən kəndlərində seçicilərlə görüş keçirib.

Modern. az xəbər verir ki, Saat 11:00-da Kalinovka kəndində başlayan görüşə ətraf kəndlər olan Hüseynhacılı və Öncəqaladan da insanlar gəlmişdi. Havanın çiskinli, yağışlı olmasına baxmayaraq görüşdə böyük izdiham yaşandı. Hətta xeyli sayda insan görüşü ayaqüstə sonuna qədər izlədi.

Elmira Axundovanın səlahiyyətli nümayəndəsi Orxan Xanbalayev görüşü giriş sözü ilə açdı, görüşə gələn hər kəsə təşəkkür edərək sözü Elmira Axundovanın vəkili, əməkdar müəllim Musa Quluzadəyə verdi. O da öz növbəsində Elmira Axundovanın tərcümeyi halından, yaradıcılığından, Milli Məclisdəki fəaliyyətindən, xalqa göstərdiyi xidmətlərdən geniş söhbət açdı. O qeyd etdi: “Ziyalı ailəsində dünyaya göz açan Elmira Axundova vətənpərvərlik ruhunda tərbiyə olunub. O, cavan yaşlarından jurnalistika sahəsinə atılaraq böyük nailiyyətlər əldə etmişdi. Vətənin ən çətin anlarında onun haqq səsi, erməni faşistlərinə qarşı etirazları Rusiya mətbuatının və “Azadlıq” radiosunun vasitəsilə bütün dünyaya yayılırdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev ona böyük etimad və rəğbət bəsləyirdi. Bunun nəticəsi idi ki, dünyaşöhrətli Heydər Əliyev onu hələ gənc yaşlarında “Şöhrət” ordeni ilə təltif etmişdi”.

Daha sonra görüşdə iştirak edən kənd sakinləri Məmmədov Mahir, Fərəcov Səxavət, Habil Qənbərov, Nazilə Tahirə və digərləri çıxış etdilər. Seçicilər qeyd etdilər ki, Elmira Axundovanın deputatlıq fəaliyyəti müddətində Öncəqala və Hüseynhacılı kənd məktəbləri tikilib, Kalinovka Xəstəxanası və məktəbi əsaslı təmir olunub, bir çox yollar düzəldilib, kəndlərə qaz çəkilib. Demək olar ki, bu beş ildə adı çəkilən kəndlərin ən ciddi ictimai problemləri həll edilib. Çıxış edənlərin hər biri seçicilərə göstərdiyi diqqətə görə Elmira Axundovaya təşəkkür etdilər.

Digər görüş isə həmin gün 15:00-da Lürən kəndində baş tutdu. Burada həm Elmira xanımın vəkili Musarza Mirzəyev, həm də professor Musa Quluzadə Elmira Axundovanın ictimai-siyasi və yaradıcılıq fəaliyyətindən bəhs etdilər.

Kənd sakinləri Tərlan Hüseynov, Fəxrəddin Şükürov, İltimas Nəzərov, Canəli Sadıxov, Gülnaz Talıbova, Həsənağa Məmmədov, Nurəddin Babayev və digərləri Elmira Axundovaya dəstək verdiklərini dilə gətirərək hər zaman kəndin

problemləri ilə maraqlandığı üçün ona təşəkkür etdilər. Həmçinin hal-hazırda tikilməkdə olan Lürən kənd həkim məntəqəsinin inşasına dəstək olduğu üçün də Elmira Axundovaya ayrıca minnətdarlıqlarını bildirdilər.

Hər iki görüşün sonunda deputatlığa namizəd Elmira Axundova görüşə gəldikləri üçün sakinlərə təşəkkür etdi. Özünün fəaliyyəti barədə onlara ətraflı məlumat verdi. O da sakinlərin fikrinə qatılaraq əsas problemlərin həll olunduğunu, amma indi vacib məsələlərdən biri kimi Masallıda müasir standartlarda inşa edilmiş məktəblərin və xəstəxanaların qaz təchizatının olmamasını qeyd etdi. Kəndlərdə görülən işlərə görə ölkə rəhbəri cənab Prezident İlham Əliyevə, həmçinin Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynova minnətdarlıq ifadə etdi.

Hər iki görüşün sonunda Elmira Axundova sakinlərdən seçkilərdə fəal olmağı, kimə səs verəcəklərindən asılı olmayaraq vətəndaş mövqeyi ortaya qoyaraq seçkilərə qatılmağı, dövlətçiliyimizə sadiq olmağı, müstəqilliyimizi qorumağı xahiş etdi.

Görüşlərdən sonra Elmira Axundova özünün Bədəlan kəndində yerləşən seçki qərargahında vətəndaşları qəbul edərək problemləri ilə yaxından maraqlandı.

 

 


 

Modern. az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər