Bu günlərdə Azərbaycan mühacirət mətbuat və Xalq Cümhuriyyət dövrünün araşdırmaçısı Nəsiman Yaqublu Fransa və Polşada elmi konfranslarda iştirak edib. Bu səfər zamanı əsas məsələlərdən biri də Azərbaycan və Qarabağ problemi haqqında Avropa ölkələrinə daha dolğun məlumat çatdırmaq olub.
Nəsiman Yaqublu Modern.az saytına səfər təəssüratlarını bölüşərkən Parisin mərkəzi yerlərində Qarabağ həqiqətlərini təbliğ etdiklərini bildirib. Amma öncə Polşada çıxış etdiyi Prometey konfransından söz açan araşdırmaçı onun ölkəmiz üçün faydalı tərəflərindən də söz açıb:
“Hər il Polşanın paytaxtı Varşavada Şərqi Avropanı öyrənmə İnstitutu tərəfindən “Prometey” adlı konfrans keçirilir. Burada çağdaş dünyanın siyasi proseslərindən də bəhs olunur.
Bildiyimiz kimi, “Prometey” təşkilatını 1920-30-cu illərdə Fransa və Polşada məskunlaşan sovet mühacirləri yaradıblar. “Prometey”in əsas yaradıcılarından biri də Polşanın o zamankı prezidenti marşal Jozef Pilsutski olub.
Onun qoyduğu ənənə -yəni, prometeyçilərin hər il bir yerə yığışaraq öz ölkələrinin mövcud siyasi problemlərindən danışmaları indi də davam edir. Konfrans əsasən tarixi müstəvidə keçir. Biz iştirakçılar prometeyçilərin fəaliyyətini müzakirə etməklə yanaşı, o dövrün gərgin tarixinə də nəzər salırıq.
Qeyd edim ki, “Prometey” təşkilatının iki il bundan əvvəlki konfransı Məhəmməd Əmin Rəsulzadənin 125 illiyinə həsr olundu. Orada əsas məruzə ilə mən çıxış etdim. Konfransa dünyanın bir çox ölkələrindən tarixçi alimlər dəvət olunur.
Təşkilatın xüsusi “Prometey” jurnalında hər bir üzvün ildə bir elmi məqaləsi işıq üzü görməlidir. Mənim də ildə bir dəfə həmin jurnalda məqaləm çap olunur. “Prometey” konfransının ən yaxşı cəhəti isə ortaq tarixin yaradılmasıdır.
Çünki sovet rejiminin istibdadçı əməllərini əksər ölkələr götürdüyündən onları bir-birinə yaxınlaşdıran ortaq tarix var. Çox istərdim ki, “Prometey” konfransı növbəti illərdə Bakıda təşkil olunsun və mən də xarici alimləri bura dəvət edim. Biz orada çox isti münasibətin şahidi olmuşuq.
Artıq bizə zarafatyana “Prometey ailəsi” də deyilir”. Tarixçi-alim Fransada isə Qarabağ həqiqətləri istiqamətində əsaslı iş gördüklərini də əlavə edib:
“Fransaya səfərimizin əsas məqsədi Qarabağ problemi haqqında onları məlumatlandırmaq idi. Biz bu haqda ancaq danışmağı öyrənmişik. Lakin daha effektiv üsullardan istifadə etmək lazımdır. Məsələn, biz danışmırıq, sadəcə, erməni vəhşiliyini, Qarabağ həqiqətlərini özündə əks etdirən çoxlu sayda faktlar, sənədlər, fotolardan istifadə edərək onları Fransa cəmiyyətinə çatdırırıq. Yəni konkret iş görülür”.
Tarixçi alim Parisdə olanda “Facebook” səhifəsində maraqlı qeydlər edib:
“Parisdəyəm. Məşhur Eyfel qülləsinin yanında dayanıb Fransa ictimaiyyətinə əlimdə tutduğum “Qarabağ” qəzetini və Qarabağın ermənilərə aid olmadığını sübut edən arxiv sənədlərini paylayıram. Çoxlu sayda fransızı inandıra bilmişəm. Xəbər tutan erməni təmsilçiləri bundan bərk narahat olur. Ancaq bu fəaliyyətimi yenə davam etdirirəm...”
Elmin NURİ