Modern.az

Əmanət

Əmanət

Təhsil

4 Noyabr 2015, 18:49

Bəşarət Məmmədli, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Taleyin işinə bax!... Bir insanın taleyində bu qədər oğurluq, talan yazıla bilərmi?!

Hansısa bir xəbərdən bu qədər təsirlənə biləcəyimi düşünməzdim... İnsan kimi bəxtsiz, şair kimi bəxtiyar Mikayıl Müşfiqin paytaxtdakı abidəsindən oğurluq edilib. Abidədən nə oğurlamaq olar sizcə?! Oğurluq hadisəsi Yasamal rayonu ərazisində yerləşən parkda baş verib. Mikayıl Müşfiqin abidəsinin ətrafında quraşdırılan elektrik şitlərindən 9 ədəd avtomat oğurlanıb. Elektrik şitləri heykəlin işıqlandırılması üçün quraşdırılıbmış.

İnsanın sağlığında adını oğurladılar, varını oğurladılar, sənətini, sözünü, istedadını oğurladılar (ruhdan salmaqla), səadətini, xoşbəxtliyini, nüfuzunu, hörmətini oğurladılar. Yenə tükənmədi və tükənmədiyini görüb həyatını oğurladılar, məhv etdilər...

Heç kimə əyilmədən, nifrət etmədən, lənət oxumadan getdi bu dünyadan... Qəlblərdə, könüllərdə yaşadı, tükənməz qaynaq, sönməz ilham kimi ruh verdi insanlara. Rəmzə çevrildi – lirika, fəlsəfi baxış, milli ruh, mərdlik, saflıq, qorxmazlıq, aydınlıq, nur və ziyalı rəmzinə...

O, 90 ilə yaxındır həyatda yoxdur, amma hamı onu görür, sevir və özünə doğma bilir. Hətta ehtiyacı olan da... Oğru da ondan oğurlamağa çalışır yenə. Bilir ki, o, öyrənib, alışıb oğurlanmağa. Bir başqası bağışlamaz, amma o bağışlayar.

Təzad və gülüş doğuran odur ki, onun abidəsinin üzərindən işıq avadanlığı oğurlanıb. Əslində onun işığa nə ehtiyacı var! Özü işıqdır, nurdur!

Həmin oğru kimdirsə, onsuzda bədbəxt və bəxtsiz insandır. Bədbəxtdir ona görə ki, bu gen dünyada oğurluqdan başqa bir iş tapmır. Bəxtsiz insandır ona görə ki, oğurluq eləməyə də uyğun bir yer seçə bilməyib. Oğurladığının mahiyyəti bir şey olmasa da, oğurluq elədiyi yerin dəyərinə görə anında bütün ölkəyə yayıldı bu xəbər.


Amma sevimli şairimizin yaradıcılığı kimi, abidəsi də bizə əmanətdir. Hamımıza... Elə həmin oğruya da. Ondan oğurlamaq yox, onu qorumaq lazımdır. O, özünü qorumadı, şair adını, ziyalı adını, azərbaycanlı kişisi adını qoruduğu üçün məhv edildi. Heç olmasa, indisə də onun hamımıza əmanət olan adını, yaradıcılığını, elə heykəlini qoruyaq, hörmət edək. Nəyə görəsə, kimə görəsə yox, sevərək qoruyaq...

“Qabusnamə”dəki bir əhvalat yadıma düşdü:

Bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir. Dostu ilə hamamın yaxınlığına qədər söhbət edə-edə bir yerdə gedirlər. Yolayrıcına çatdıqda dostu onunla sağollaşmadan başqa tərəfə gedir. Təsadüfən, bir oğru da həmin kişinin dalısınca oğurluq məqsədilə hamama gedirmiş. Birdən kişi geri baxır, oğrunu görür, lakin hələ alaqaranlıq olduğundan onu dostu zənn edir. Qurşağından dəsmala bağlanmış qızılları çıxarıb oğruya verərək deyir: “Al qardaş, bu əmanətdir, hamamda bunları oğurlayarlar. Mən hamamdan çıxandan sonra görüşərik, mənə qaytararsan”.

Oğru sevincək bükülünü alır. Baxır ki, qızıldır. Amma əmanət sözü onun qarşısını kəsir. Məsləyinə qarşı gedir. Kişi hamamdan çıxana qədər heç yerə getməyib onu gözləyir. Kişi hamamdan çıxanda oğru onu çağırıb deyir: “Qızıllarını al! Sənin əmanətin üzündən bu gün mən də işimdən avara oldum, bir şey əldə edə bilmədim”. Kişi deyir: “Bu nədir, əmanət nədir, sən kimsən?" Oğru deyir: “ Mən oğru bir adamam, sən hamamdan çıxana qədər bu qızılları tapşırdığın adam”. Kişi deyir: “Oğrusansa, bəs nə üçün mənim qızıllarımı aparmayıbsan?” Oğru deyir: "Əgər öz peşəmlə ələ keçirsəydim, sənə yazığım gəlməzdi, qaytarmazdım. Lakin sən bunu mənə əmanət kimi verdiyin üçün əmanəti oğurlamaq nanəciblik olar".

Amma düşünürəm ki, heç o oğrunu axtarmağa, tutmağa da ehtiyac yoxdur... Çünki bu, bir tale işidir. Həm Onunçün, həm də Bununçün...

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi