Modern.az

Yağış da yağacaq, qar da düşəcək...

Yağış da yağacaq, qar da düşəcək...

10 Noyabr 2015, 15:45
Sərlövhəyə çıxarılmış cümlə heç də sinoptiklərin növbəti xəbərdarlığı kimi yozulmamalıdır. Bu, bir olan Allahın işi, təbiətin pozulmaz qanunudur ki, ilin istənilən fəslində, istənilən günündə göydən yerə nur ələnir, bərəkət səpələnir. Dünyanın bir çox yerlərində quraqlığın vurduğu ziyanın gətirdiyi fəsadları, bədbəxtlikləri hər kəs yaxşı xatırlayır. Hələ də ucqar kəndlərimizdə yağış həsrətində olanların “müsəllə” adlanan dini ayinlərə bel bağladığı, qurban kəsdikləri hamıya məlumdur. Nədən ki, ən azından yağış yağmasa, heç qamış da bitməz. 

Qamış demişkən, bir işi yarıtmayan, nadan adamlara söyüş əvəzi bəzən bu ifadəni də ünvanlayırlar – “boyuna qamış ölçüm”. Açması təxminən belədir ki, keçmişlərdə metrənin, digər ölçü vahidlərinin hələ meydana çıxmadığı vaxtlarda ölən adam üçün qəbir qazmağa gedəndə meyidin ölçüsünü götürməkdə sadəcə dümdüz, uzun və hamar qamışlardan istifadə edirmişlər. Su arxlarının, kanalların kənarlarında, bataqlıqlarda bitən bu bitki insana axirət günündə də gərək olurdu. İndi qamış həsir zənbil toxumaq, müxtəlif cür məişət əşyaları, sənət nümunələri hazırlamaq üçün də kara gəlir. Qamış da ki, quraqlıqda tez quruyur, sıradan çıxır. Ona görə də bu lazımlı bitkinin tez əmələ gəlməsi, boy atması üçün gərəkdir ki, vaxtlı-vaxtında yağış yağsın.

Yağır, qəşəng yağır. Son günlər ölkənin hər yerinə, xüsusən də qamışın bol olduğu Cənub bölgəsinə güclü yağışlar düşüb. O qədər yağıb ki, hər yeri su basıb, ev-eşik sahibləri əlləri dərgaha uzalı yağışın kəsməsini, suyun çəkilməsini gözləyirlər. Elə paytaxtda da vəziyyət bu cürdür. Rezin çəkmələr də köməyə gəlmir. Küçələri, meydanları basmış su maşınlara da boy vermir. Köhnəlib sıradan çıxmış kanalizasiya xətləri sel sularını çəkib apara bilmir. İnsanlar mənzillərinə dolmuş suyu təmizləyib qurtarmaqda çox çətinlik çəkirlər. 

Yay uzunu öz vəzifəsindən başqa digər işlərdən başı ayılmayanlar qışın qayğısını yazda çəkməyin, yazın problemlərini hələ qışkən həll etməyin üstünlüklərindən bəhrələnmək əvəzinə bugünlər telekanallara verdikləri müsahibələrdə bülbül kimi ötürlər. Cənub rayonlarından birinin səlahiyyətlisi nə desə yaxşıdır: “hər cür adekvat tədbir görürük. Tezliklə mənzillər, həyətlər sudan təmizlənəcək, əhali öz evlərinə qayıdacaq.” Görəsən bu “adekvat tədbir” nə deməkdir? Bəlkə bu adam bütünlüklə rayon ərazisinin üstünə böyük bir çadır çəkəcək, yoxsa ulu Tanrıya bir xahişnamə yazıb göndərəcək ki, daha buralara yağış yağdırmasın?! 

Demək çətindir, indi bəziləri ağlına yox, ağzına gələni danışırlar axı. Bir də ki, gərək birinci sözün daşıyıcısı olasan ki, dediyinə yiyə durasan. Qardaş, axı bu cür müsahibələrə köklənməkdənsə yaz-yay aylarında lil basmış kanalları, arxları, kanalizasiya xətlərini təmizlətdirmək lazım idi ki, göydən yağanı çəkib dənizə, göllərə, axmazlara daşısın. Daha camaatın həyət-bacası göllənməsin. 

Yağacaq, vallah yağacaq. Yağış da yağacaq, qar da düşəcək. Sonra arx qıraqlarında boylu-buxunlu qamışlar da bitəcək.

Qamış da ki, bilirsiniz də əvvəllər... Nə isə.

P.S. Qəbələdə yaşayan dostumun sözü yadıma düşdü. Mirhəsən müəllim həmişə deyir ki, yayda buralara gələndə özünlə mütləq pencək götür, qışda özün bilərsən. 

P.P.S. Yazıda adı çəkilən bitkinin – yəni qamışın öz işinin və yağışın öhdəsindən gələ bilməyən məmurların bioloji taleyi ilə heç bir əlaqəsi yoxdur.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi