Noyabrın 11-də BMT-nin İşgəncə Əleyhinə Komitəsində Azərbaycan üzrə müzakirə dinləniləcək. Azərbaycan işgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan davranış və ya cəzalar əleyhinə Konvensiyanı ratifikasiya edən 158 ölkədən biridir və bu baxımdan da öz hesabatı ilə 10 müstəqil ekspertin müntəzəm baxışından keçmək öhdəliyinə malikdir.
Komitənin Azərbaycana məxsus nümayəndə heyəti ilə dialoqu Cenevrədə noyabrın 11-də saat 10:00-13:00 (Bakı vaxtı ilə 13:00 – 16:00) və noyabrın 12-də saat 15:00-18:00 keçiriləcək. Müzakirə edilməsi mümkün mövzular arasında: insan hüquqları müdafiəçiləri və onları təmsil edən vəkillərə qarşı cinayət təqibi; fikir, ifadə, toplaşma və birləşmə azadlıqları üzrə ifrat məhdudiyyətlər; məhkəməyədək həbsdə saxlanma zamanı işgəncələr; təkadamlıq kameralardan istifadə; həbs zamanı ölüm halları; beynəlxalq və yerli QHT-lərin qeydiyyatı barədə tələb; polis tərəfindən, xüsusilə nümayişlər zamanı həddindən artıq gücün tətbiqi; məhkəmənin müstəqilliyi; məişət zorakılığı; işgəncə qurbanlarının və ya onların ailə üzvlərinin hüquqlarının bərpası və kompensasiyanın ödənilməsi yer alır. Komitə yekun müşahidələrini dekabrın 9-da yayacaq.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu müzakirələrə qatılmaqdan imtina edib. O, Modern.az saytına açıqlamasında bunu etiraz kimi etdiyini deyib: “Azərbaycan dövlətinin hesabatı dinləniləcək. Amma şəxsən mən bilərəkdən getmədim. Çünki mən dəfələrlə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov ov və Şahbaz Quliyevlə əlaqədar müraciətlər etdim. Bildirdim ki, həmvətənlərimiz Ermənistan tərəfindən işgəncələrə məruz qalıb. Müraciət edərək bildirdim ki, Azərbaycan hökuməti humanistlik prinsipi nümayiş etdirərək erməni əsirlərinə qarşı çox yaxşı münasibətdədir, əsas da Andronik Qriqoryanı misal çəkdim. Ancaq ermənilər Dilqəm və Şahbazın başına çox müsibətlər gətirirlər. Mən onlardan xahiş etdim ki, bu cür halların qarşısının alınmasında bizə kömək etsinlər. Çox təəssüf ki, onlar mənə cavab vermədilər, mən də elə buna görə getmədim”.
Elçin Behbudov hətta illik hesabatı da göndərməyib:
“Tam məsuliyyətimlə deyirəm ki, bu münasibətin qarşılığında Azərbaycanla bağlı illik hesabatımı onlara göndərmədim”.
Gülşən RAUFQIZI