1988-ci ildə milli-azadlıq hərəkatı məhz bu binanın yerləşdiyi Azadlıq meydanından başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet ordusunun vəhşi müdaxiləsi nəticəsində həlak olmuş şəhidlərin matəminə toplaşan yüz minlərin mitinqi də bu bina qarşısında keçirilib və həmin mənzərələr tarixin yaddaşına həkk olunub.
Bu gün - 17 noyabr Milli Dirçəliş günündə Azadlıq meydanına baş çəkib, 2 saatlıq müşahidə apardıq. Meydan demək olar ki bomboş idi. Həmsöhbət olmağa adam axtarsaq da, yolu meydandan keçən yox idi. Xeyli vaxt gözləyəndən sonra təsadüfən Azadlıq meydanına gəlib çıxmış bir nəfəri saxlayıb söhbətə tutmağa çalışdıq. Bu, özünə iş axtaran Sumqayıt sakini Füzuli Verdiyev idi.
Sovet dövründə taksi və avtobus sürücüsü işləmiş 57 yaşlı həmsöhbətimiz indi işsizdir. O, ötən günləri Modern.az-ın əməkdaşına belə xatirlatdı:
“1988-ci illərdə taksi sürücüsü işləyirdim. Millət ayaq üstəydi, haqqını tələb edirdi. Biz hamımız (Azadlıq meydanına gələn yolu göstərək) bura toplaşmışdıq. Bax o hissədə (indiki “Hilton” otelinin yanında) rus qoşunları dayanmışdı, biz isə əlimizdə bayraq onların üstünə gedirdik. Düzü biz gözləyirdik ki, atəş açacaqlar, amma biz yaxınlaşdıq, onlar atəş açmadı. Pənah Hüseyn, Sabir Rüstəmxanlı, Etibar Məmmədov, Nemət Pənahlı kimi siyasətçilər tribunadan cammata müraciət edirdilər. Mən Sumqayıtda yaşayırdım deyə, bura gəlib-getmək çox çətin idi. Elə gecələr olurdu ki, burda-meydanda qalmağa məcbur olurduq. Həmin vaxtlar gecə saat 12-dən sonra bayıra çıxa bilməzdin. Məni dəfələrlə tutub aparıb, səhər buraxıblar”.
Həmsöhbətimiz indiki gəncləri o günləri yada salmaq istəməməkdə qınadı. Dedi ki, gənclərə Azadlıq meydanında yaşanmış hadisələrdən danışanda qulaq istəmirlər.
“Təəssüf ki, “Hilton” otelinin adını çəkən kimi hansı məkandan bəhs edildiyini bilirlər, amma Azadlıq meydanı deyəndə yox. Halbuki, bu bizim tariximizdir, onu yaddan çıxarmamalıyıq...”.
Emil Rasim