onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası.
Həkimə getmişdiniz, döşünüzdə mastopatiya olduğunu dedilər, həyəcanlandınız? Stressə düşməyin. Bilin ki, süd vəzinin 50-dən çox xoşxassəli xəstəliyi var, mastopatiya da onlardan biridir “Mastopatiya” termini süd vəzində klinik olaraq düyünlü bərkimə, ağrı, bəzən süd axarlarından ifrazat gəlməsi kimi əlamətlərlə xarakterizə olunan xoşxassəli patologiyalarda işlədilir. Klinik müayinələr nəticəsində qadınların 20 faizində, mammoqrafik, exoqrafik və histoloji müayinələr nəticəsində isə 50 faizində mastopatiya aşkar edilir.
Siz artıq süd vəzi xərçəngi (SVX) barədə kifayət qədər məlumatlısınız. Ötən söhbətlərimizdən SVX-nin risk faktorları arasında mastopatiyanın olmadığını bilirsiniz. Yersiz stressə düşməmək, əsassız həyəcan yaşamamaq üçün onu da yadda saxlayın ki, mastopatiya xərçəngönü xəstəlik deyil. Amma yenə də diqqətli olmaq lazımdır. Çünki SVX ilə xəstələnmənin yüksək faiz təşkil etdiyi ölkələrdə mastopatiyalar da geniş yayılmışdır. Bu səbəbdən bir sıra alimlər düşünürlər ki, mastopatiya süd vəzi xərçənginin əmələ gəlmə ehtimalını 1,5-2 dəfə çoxaldır. Mastopatiyanın atipiyasız (tipik) proliferativ formalarında SVX-nin əmələ gəlmə riski 1,5-3 dəfə, atipiyalı (qeyri-tipik) hiperplaziya və SVX ilə ailəvi ağırlaşma olan zaman 4-5 dəfə, carsinoma in situ və ağırlaşmış ailəvi anamnez olan zaman 8-10 dəfə və daha artıq çoxalır.
İndi gəlin bir çox qadınların şikayətləndiyi döş ağrılarının, daha doğrusu, mastopatiya xəstəliyinin kökünü araşdıraq. Az öncə dedik ki, mastopatiya süd vəzində düyünlü, yaxud diffuz bərkimələrin əmələ gəlməsi, ağrının olması, bəzən də gilədən ifrazatın gəlməsi ilə xarakterizə olunan patoloji prosesdir. Bu proses hormonal pozğunluqlar nəticəsində əmələ gəldiyi üçün dishormonal adlandırılır. Xəstəlik zamanı döşün toxumasında əmələ gəlmiş xarakter dəyişikliklər histoloji müayinə ilə aşkar edilir və bu nasazlıq süd vəzində birləşdirici toxuma, kista, axar və payların genişlənməsi kimi dəyişikliklərlə xarakterizə olunur. Həkim hansı komponentin üstünlük təşkil etdiyinə diqqət yetirərək yekun diaqnozu qoyur.
Təcrübə göstərir ki, mastopatiya əsasən intellektual əməklə (zehni fəaliyyətlə) məşğul olan, stress və psixoloji gərginlik keçirən qadınlar arasında geniş yayılıb. Əgər mastopatiyalı xəstələrin ümumi portretini çəkməli olsaq, görərik ki, həmin qadınların əksəriyyəti reproduktiv yaşdadır, aktiv sosial və cinsi həyatı var, ailəlidir, anamnezində əksəriyyəti abortla nəticələnmiş bir neçə hamiləlik olub, az uşaq doğub və az əmizdirib. Bu qənaətlərdən belə nəticəyə gəlmək olur ki, süd vəzilərinin vəziyyəti qadınların sosial, psixoloji və fiziki sağlamlığının güzgüsüdür.
Hə, əziz xanımlar. Mastopatiyanın 50-yə yaxın forması var. Nəzərə alın ki, onunla xəstələnmənin pik həddi 45 yaşdır. Müayinələr zamanı bu patologiyaya SVX ilə müqayisədə 200 dəfə çox rast gəlinir, yəni daha geniş yayılıb. Statistika göstərir ki, yaşı 30-dan yuxarı olan xəstələrin 20-60 faizində mastopatiyanın müxtəlif formaları aşkar edilir. Bu xəstəliyə ən çox reproduktiv yaşda (25 yaşından 45 yaşına qədər) rast gəlinir və bir çox hallarda aybaşıdan kəsildikdən sonra xəstəliyin bütün əlamətləri yoxa çıxır.
Onu da bilin ki, mastopatiyadan əziyyət çəkən yalnız qadınlar deyil. Bəzən kişilərdə də bu xəstəliyə rast gəlinir. O halda həmin patologiya ginekomastiya adlanır.
Təbii ki, alimlər xəstəliyin qarşısını almaq, onun birdəfəlik müalicəsinə nail olmaq üçün daim tədqiqatları davam etdirirlər. O baxımdan təbabət elmində aparılan araşdırmalar bəzi amillərə diqqət yetirməyin vacibliyini önə çəkir. Mastopatiya ilə SVX-nin müqayisəli təhlili nəticəsində aşkar olunan oxşarlıqlar dörd qrupa bölünür və bu iki xəstəlik arasında əlaqə olduğunu ehtimal etməyə imkan verir:
Mastopatiya ilə süd vəzi xərçənginin risk faktorları eynidir.
Mastopatiya və SVX-nin səbəbi və inkişaf mexanizmləri ümumi cəhətlərə malikdir. Hər ikisinin yaranmasınıda əsas rolu estrogenlərin nisbi və mütləq çoxluğu oynayır.
SVX ilə bağlı döş kəsilib götürüldükdən sonra morfoloji müayinə zamanı süd vəzinin toxumasında fibroz-kistoz dəyişikliklər aşkar olunur.
SVX xəstələri arasında epidemioloji tədqiqatlar aparıldıqda çox vaxt məlum olur ki, bu xəstələrdə əvvəllər mastopatiya olub.
Bunlara əsasən güman olunur ki, xoşxassəli xəstəlik kimi tanıdığımız mastopatiya bədxassəli prosesin inkişafında aralıq mərhələ ola bilər. Bir halda ki, xoşxassəli proseslərlə SVX-nin etioloji faktorları və patogenetik mexanizmləri eynidir, deməli, bu xəstəliklərin risk faktorları və inkişafının da ortaq cəhətləri çoxdur.
Hal-hazırda mastopatiya üçün spesifik olan risk faktoru yoxdur. Mastopatiya multifaktoral xəstəlik olmaqla həm genetik amillərdən, həm də ətraf mühit amillərindən asılıdır. Süd vəzilərində dishormonal xəstəliklərin inkişafında isə əsas rolu hipotalamo-hipofizar sistemin vəziyyəti oynayır. Qadının neyrohumoral sistemində baş verən dəyişikliklər hormondan asılı olan orqanlara, o cümlədən süd vəzilərinə təsir göstərir. Belə ki, yumurtalıqların steriod hormonları, prolaktin, qalxanabənzər vəzin hormonları döşdə proliferativ proseslərin aktivləşməsinə səbəb olur. Deməli, mastopatiyanın əmələ gəlməsinin səbəbi neyro-humoral amillərdir. Elə “neyro” sözündən məlumdur ki, bu xəstəliyə sinir sisteminin xəstəlikləri – stress, depressiya, nevrozlar səbəb ola bilər. Ona görə də özünüzü əsəbiləşməkdən, hirslənməkdən qoruyun. Bilirik, işin yorğunluğu, uşaqların dəcəlliyi, ailə qayğıları bəzən sizi hövsələdən çıxardır. Amma yenə də əsəblərinizi cilovlamaq öz əlinizdədir... “Humoral” faktor isə orqanizmin daxili mühitini bildirir ki, bunun da vəziyyəti bioloji aktiv maddələrin təsirindən, məsələn, hormonlardan asılıdır.
Qadınların əksəriyyəti mastopatiyalara ciddi əhəmiyyət vermir. Amma bilin ki, dishormonal hiperplaziya sizin sağlamlığınıza ciddi zərbə vura bilər, lazımi müalicənin vaxtında aparılmaması fibroz düyünlərin bədləşməsinə səbəb olar... Bilirsiniz ki, normal halda hormonların aylıq dövriyyəsi nəticəsində aybaşı qabağı döşlər şişir və postmenstruasyon mərhələdə involyusiya (geri inkişaf) baş verir. Hər hansı mənfi amilin təsirindən hormonal balans pozulur, nəticədə onlar ya normadan az, ya da çox ifraz olunur ki, bu da süd axarlarının genişlənməsinə, birləşdirici (fibroz) toxumanın və vəz toxumasının dəyişilməsinə səbəb olur. Bu halda menstruasiya önü dövrdə yaranmış xarakterik bərkimələr menstruasiyadan sonra da qalır.
Bizə elə gəlir ki, süd vəzinin toxumasında genetik zədələnmə olduqda risk faktorlarının təsiri nəticəsində döşdə xərçəng inkişaf edir. Əgər hüceyrələrdə genetik zədələnmə yoxdursa, o halda etnik risk faktorları mastopatiyanın müxtəlif formalarını yaradır.
Tədqiqatçıların əksəriyyəti süd vəzi toxumasındakı patoloji dəyişiklikləri onunla əlaqələndirir ki, menstruasiya siklinin sonunda sıfıra yaxınlaşmalı olan estrogenlərin miqdarı azalmır, əksinə yüksək qalır. Xəstəliyin başqa bir səbəbi isə hipofiz vəzində sintez olunan, süd vəzilərinin inkişafına səbəb olan, süd əmələ gətirən və analıq instinktini formalaşdıran prolaktinin ifrazının çoxalmasıdır. Prolaktin hormonu hamiləlik dövründə, süd vəzi laktogenezə hazırlaşan dövrdə xüsusilə vacibdir. Çünki o, süddə protein, karbohidrat və lipidlərin sintezini təmin edir. Laktasiya (uşaq əmizdirmə) qurtardıqdan sonra prolaktinin miqdarı hamiləlikdən əvvəlki dövrdə olan miqdaradək enir. Bu hormonun miqdarının hamiləlikdən və uşaq əmizdirmə dövründən kənar çoxalması isə mastopatiyanın inkişafına səbəb olur. Çox vaxt prolaktinin miqdarı davamlı olaraq deyil, latent formada, yəni gizli olaraq əsasən gecə vaxtları artır, buna görə də standart hormonal müayinə zamanı aşkar edilmir. Hormonun sekresiyasının belə qeyri-müntəzəm artması döşlərin şişməsinə, ödemli və ağrılı olmasına (xüsusilə menstrual siklin ikinci yarısında, yaxud menstruasiya qabağı), həmçinin vegetativ pozğunluqlara, miqrenə bənzər baş ağrılarına, ətrafların ödeminə, qarında ağrıya və meteorizmə səbəb olur. Bu kompleks aybaşı qabağı sindrom kimi xarakterizə edilir. Əlamətlər isə menstrual qanaxma başlandıqdan sonra çox vaxt itir. Prolaktinin normadan çox sekresiya olunması süd vəzilərinin xronik stimulyatoru olmaqla yanaşı mastopatiya əmələ gətirir.
Xanımlar, sizi yormamaq üçün bu dəfəlik söhbətimizi burda yekunlaşdıraq. Gələn söhbətimizdə mastopatiyanın risk faktorlarından söz açacağıq.