“Vahid Əzizin ad günü noyabrın 23-dür. Yəni, bu gündü. Biz isə ad günü, yubileyi olanları öncə ”Ədəbiyyat qəzeti” vasitəsilə təbrik edirik. Qəzetin son sayı ötən həftənin beşinci günü çıxıb. Hələ anadan olmamış, ad günü gəlməmiş bir adamı nə adla təbrik edək?!”.
Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Fikrət Qoca şair Vahid Əzizin AYB haqqında şikayətinə cavab olaraq bildirib.
Qeyd edək ki, bu gün 70 yaşı tamam olan şair Vahid Əziz “Aznews.az”a açıqlamasında üzvü olduğu Azərbaycan Yazıçılar Birliyini ona qarşı laqeyd olmaqda suçlayıb. Vaxtilə AYB-in katibi olmuş şair indi adi zəng və “Ədəbiyyat qəzet”ində təbrik belə, görmədiyini deyib.
Şair Fikrət Qoca isə Vahid Əzizi mütləq təbrik edəcəyklərini vurğulayıb:
“Həm də o, yubileyi ilə bağlı sənədlər verməyib. Gərək materiallar verəsən, yaxud da ki, haqqında məqalə yazılsın. Bunlar da yox idi. Redaksiya ilə maraqlanmışam. Dedilər ki, “biz tələsmədik, gələn beşinci gün qəzet çıxacaq, biz də onda təbrik edəcəyik”. Bu adam dünyaya gəlsin, sonra təbrik edək də. Bu adam 70 il dözüb, indi bir həftəni dözə bilmir?! Doğulmamışdan qabaq mən niyə təbrik edim?! Mənim borcum deyil ki, zəng vurub hər kəsin yerinə təbrik edim. Amma dövlət idarəsi olaraq Yazıçılar Birliyinin və katibliyin təbriki olacaq. Hamımızın adından Vahid Əzizi təbrik edəcəyik”.
Tanınmış şair müsahibəsində birliyin rəhbərlərindən də gileylənib. "“Ədəbiyyat” qəzetinin nizamnaməsinə görə yubileyi olan hər bir yazıçı, şair orada təbrik olunmalıdır. Mən Qarabağ müharibəsi veteranıyam. Mən erməni gülləsinin qarşısında oturanda onlar haradasa kabab yeyib. bığlarını yağlayırdılar. Həmin vaxt – vətənin dar günündə Anar, Fikrət Qoca keflə məşğul idilər. Qorxudan Azərbaycandan qaçıb Türkiyədə gizlənmişdilər. Amma mən döyüşürdüm, xidmət edirdim".
Fikrət Qoca Vahid Əzizə cavab olaraq bunları deyib:
“Görünür şikayət etmək üçün bəhanə axtarırmış. Bu adamın bəhanə axtarmağa, bəhanə ilə məşğul olmağa hövsələsi var. Sizə deyim ki, onun şeirlərinə ilk rəy yazıb təqdim edənlərdən biri də mən olmuşam”.
Elmin NURİ