ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu yeni layihəyə start verib. Qarabağ Fondu Vaşinqtonun tanınmış New World Radiosu (www.wust1120.com) ilə muqavilə imzalayaraq ABŞ tarixində ilk dəfə olaraq Azərbaycanın mədəniyyəti, incəsənəti və musiqisinə həsr olunmuş “Qarabağın səsi” adlı həftəlik proqramın yayımlanmasına başlayıb. Bu barədə Modern.az saytına Qarabağ Fondundan məlumat verilib.
Bu proqram vasitəsi ilə Qarabağ Fondu Fredericksburg, Virginia, Baltimore və Maryland əyalətlərini əhatə edərək ümumilikdə 5 milyonluq auditoriyaya Azərbaycan mədəniyyətini tanıdacaq. Bu radio proqramda tanınmış ekspertlər, mədəniyyətşünaslar və ictmai xadimlər Azərbaycan mədəniyyəti, musiqisi, mətbəxi və muğamı haqqında ətraflı məlumat verəcək və müzakirələr aparacaqlar. Proqramda həmçinin Azərbaycan xalq mahnıları, muğam və klassik musiqilər səsləndiriləcək. “Qarabağın Səsi” radio proqramı iki hissədən ibarət olacaq, proqramın birinci hissəsi İngilis, ikinci hissə isə Azərbaycan dilində yayımlanacaq.
ABŞ-da yaşayan hər kəs proqrama canlı yayımla aşağıdakı telefon nömrəsi ilə qatıla bilər : 712-432-6620. “Qarabağın Səsi” radio proqramını həmçinin Qarabağ Fondunun veb saytına daxil olaraq dinləmək olar (www.karabakhfoundation.org).
Xatırladaq ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri hökümət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
Modern.az