Modern.az

Nardaranda uşaqlar niyə aksiyalara cəlb olunur? - SƏBƏBLƏR

Nardaranda uşaqlar niyə aksiyalara cəlb olunur? - SƏBƏBLƏR

2 Dekabr 2015, 13:44


Nardaran hadisələrilə bağlı yayılan videogörüntülərdə əsas diqqətçəkən məqamlardan da biri uşaqların icazəsiz aksilara qoşulması idi. Psixoloqlar və rəsmilər bu məsələdə uşaqların valideynlərini günahkar bildirlər.
Məsələyə münasibət bildirən uşaq hüquqları üzrə ekspert  Nazir Quliyev Modern.az saytına bildirib ki,  Nardaranda baş verən hadisələr onu göstərir ki, orada uşaqların təhsilə ehtiyacı var.

“Bu gün uşaq cinayət törədirsə və ya hüquq normalarını pozursa, bu, birdən-birə yaranan hal deyil. Bunun kökünü araşdırmalıyıq, məsuliyyəti isə tək valideyndə görmək düzgün deyil. Burada məktəbin, valideynin, cəmiyyətin, hamımızın məsuliyyəti var. Çünki, uşaq birdən-birə bu fikirlərə sahib olmur. Ciddi məsələlərdən biri də mediada aparılan təbliğatdır. Beynəlxalq normalarda göstərilir ki, media uşaqlarla bağlı məsələlərdə həssas mövqe tutmalıdır. Uşaqlarla bağlı hər bir məlumatı ictimaiyyətə açıqlamaq gələcək nəslin inkişafına mənfi təsiri göstərir”.

Nazir Quliyev deyir ki, Nardaran hadislərəinə cəlb olunan uşaqlarla sıx işləyib onları düşüncə tərzini normalaşdırmaq gərəkdir.

“Əgər biz burada basqı tədbirləri görsək, o uşaqları itirmiş olarıq. Bu baxımdan hesab edirəm ki, dini təsirlərin daha yüksək olduğu yerlərdə uşaqlarla bağlı maarifləndirmə işlərini gücləndirməliyik. Axı hər bir valideyn bacarıqlı və bilikli ola bilməz. Aidiatı dövlət qurumlarının vəzifəsi ondan ibarətdir ki, həmin ailələri müəyyənləşdirsin, onlarla işləmək lazımdır. Cünki belə ailələrdə uşaqların bir çox hüquqları pozulmuş olur. Təhsil hüququ pozulur və uşaqlar pisixoloji cəhətdən zorakılığa məruz qalır. Biz vətəndaş olaraq bu cür uşaqlara sahib çıxaraq, onların reablitasiyasına kömək etməliyik”.



Nazir Quliyev Naradaran hadisələrinə uşaqların cəlb olunmasını oradakı mühitlə əlaqələndirib.
“Həmin mühitdə valideynin düşüncəsi düzgün formalaşmır. Və buna görə də düşüncə tərzini dəyişmək lazımdır. Yalnız ondan sonra uşaqlarla işləmək daha rahat olar. Bunun üçün Nardaran kimi bölgələrdə iri miqyaslı layihələr həyata keçirmək lazımdır”.

Hüquq müdafiəçisi deyir ki, bu layihələr təhsilə həvəsləndirmə, valideynlərə müyyən biliklər vermək mövzusunda olmalıdır.
“Bu layihələr həm də tək Nardaran deyil, Azərbaycanın ehtiyac olan bəzi rayonlarında dahəyata keçirilməlidir”.

N.Quliyevin sözlərinə görə, Nardaran əhalisinin müsbət cəhətlərindən biri odur ki, kənd camaatı ağsaqqal sözü eşidir.

“Bunun üçün kənddə mütamadi görüş keçirmək və kənd camaatını məlumatlandırmaq, onlara hüquqlarını və vəzifələri haqda məlumat vermək lazımdır. Və sakinlərə tədris etmək lazımdır ki, qanunlarımız pozulmasın. Xoşagəlməz hadisələrin qarşısını almaq üçün ən gözəl vasitə təhsil mövzusunda geniş tədbirlər və layihələr həyata keçirməkdir”.

Məsələyə münasibət bildirən psixoloq Elnur Rüstəmov isə belə deyib: 

“Yeniyetmə yaş dövründə olan uşaq gündə bir fikrə düşür. Bunun səbəbi isə onun şəxsiyyətini axtarmasıdır. Təhsildən yayınan uşaq yaranan boşluğu başqa yol seçərək doldurmağa başlayır. Buna görə valideynlər diqqətli olmalıdır. Yeniyetməni təhsildən uzaqlaşdırmayın, əgər uzaqlaşırdırırsızsa o zaman ona məşğuliyyət verin.

Yeniyetmənin seçəcəyi başqa bir yol müəyyən qruplara qoşulmaqdır. Bundan isə dini qruplar məharətlə istifadə edir. Son vaxtlar ölkəmizdə baş verən hadisələr isə bunun göstəricisidir. Mən tək bu hadisəni nəzərdə tutmuram, ümumiyyətlə uşaqları belə hadisələrdən uzaq tutmaq lazımdır. Başa düşürük bu bizim dinimizdir və əqidəmizdir.

Uşaqları dərsdən yayındırmaq onun bədbəxliyidir. Niyə öz övladınızı bilə-bilə cinayətkar edirsiniz?

Əgər uşaq təhsilini davam etdirsə, özünü dərk edəndən, şəxsiyyəti formalaşandan sora dini bilikləri genişlənəcək. Və beləliklə sağlam düşüncəli gənc yetişmiş olar. Belə gənclərin dini inancı o birilərinə nisbətdə güclü olur. Yoxsa uşaqlıqdan onu dindar edərək, təhsildən yayındırmaq gələcəyin cinayətkarını yetişdirmək deməkdir. Nardaranda uşaqların psixologiyasının zəifliyindən istifadə edən mənfi qrup rəhbərləri onları yönəldə bilərlər. Bu baxımdan o uşaqları belə hadisələrdən uzaq tutmağın ən gözəl vasitəsi isə təhsilə yönəltməkdir. Və uşaqda təhsilini davam etirməsi üçün onda müəyyən həvəslər oyatmaq lazımdır. Təhsilə yönələn uşaq belə hadisələrdən sığortalanmış olur”.

Emil Rasim

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi