Son günlər Nardaran qəsəbəsində baş verən xoşagəlməz hadisələr toplum olaraq bizləri yenidən düşünməyə məcbur etməlidir. Ölkədə “Nardaran sindromu”nun təkrarlanmaması üçün nə etməliyik? Əlbəttə, dövlətin güc strukturları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə heç kim şübhə etmir. Lakin Nardaran probleminin güc struktuları vasitəsilə həll etmək də bir yerə qədərdir. Qəsəbədə təhlükəsizlik tədbirləri başa çatandan sonra hüquq-mühafizə orqanları da Nardaranı tərk edəcəklər. Yaxşı, bəs, ondan sonar necə olacaq, yenə də 2002-ci ildə olduğu kimi əlimizi qulağımızın dibinə qoyub yatmalıyıqmı?!
Düşünürəm ki, biz Nardaran - Bakının bu qədim və xüsusi adət-ənənələri ilə hər zaman diqqət çəkən qəsəbəsini CƏHALƏTdən, MÖVHUMATdan, TƏHSİLsizlikdən xilas etmək zorundayıq. Biz bir qrup din pərdəsi altında sığortalanaraq soydaşlarımızı bizdən qoparan ekstremistlərin bir daha Nardarana girişinə “yaşıl işıq” yandırmamalıyıq. Bunun üçün ən gözəl vasitə - ideologiya AZƏRBAYCANÇILIQdır.
Azərbaycan xalqının gözəl adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik-psixoloji xüsusiyyətlərini özündə yaşadan və birləşdirən AZƏRBAYCANÇILIQ Nardaranın xilas yoludur. AZƏRBAYCANÇILIQda hər şey var - demokratiya, din, ibadət, inam, təhsil, dövlətçilik, Vətənə sevgi, tolerantlıq, multikulturalizm və s…
Azərbaycançılıq iki təməl ideyanı - "Dövlətçilik" və "Vətənpərvərliyi" özündə birləşdirir. Müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran, təkcə, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağdakı aqressiv erməni separatçılığı ilə bağlı deyildi. Həmin dövrdə bütövlükdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası cücərməkdə idi və bu, ayrı-ayrı bölgələrdə də özünü göstərirdi. Amma nə baş verdi ki, Azərbaycan dağılmaq təhlükəsindən xilas oldu? Bəli, o baş verdi ki, Heydər Əliyevin AZƏRBAYCANÇILIĞI ümummilli ideologiya olaraq irəli sürdü. Məhz, AZƏRBAYCANÇILIQ Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu.
2000-ci il iyunun 22-də Azərbaycanlıların Ümumrusiya Konqresinin təsis yığıncağında çıxış edən Prezident Heydər Əliyev deyirdi ki, biz öz mənşəyimizi, öz milli mənşəyimizi və dini mənşəyimizi heç vaxt unutmamalıyıq:"Bəli, əcdadlarımız İslamı hələ ilk yarandığı dövrlərdə qəbul etmişlər. İslam bir çox yüzilliklər ərzində xalqımızın həyatının mənəvi əsası olmuşdur. Biz başqa dinə tapına və ya onu qəbul edə bilmərik. Yeri gəlmişkən, çoxları təəccüblənir ki, Azərbaycanda üç konfessiya (islam, xristianlıq və yəhudilik nəzərdə tutulur - N.N.) belə dostcasına fəaliyyət göstərir. Biz, məhz, belə xalqıq, təkrar edirəm, biz başqa dinlərə dözümlüyük, lakin bununla bərabər, milli adətlərimizin, milli mərasimlərimizin ən mühüm mənbələrindən biri olan öz dinimizi unutmamalıyıq".
Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. O, 13 avqust 2001-ci ildə verdiyi məlum bəyanatında (Şeyxülislam Hacı Allahşükür Paşazadə qəzetlərin birində təhqir olunmuşdu - N.N.) ölkədəki demokratiyadan sui-istifadə edənlərə müraciətlə deyirdi: "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər, insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud, onları qəsdən təhrif edirsə, əgər, vəziyyət o dərəcəyə çatırsa ki, hətta, Azərbaycanın dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu, bizi narahat etməlidir. ...Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik, edəcəyik də. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır".
Akademik Ramiz Mehdiyev 9 noyabr 2007-ci il tarixdə, "Azərbaycan" qəzetində çap olunan ("Azərbaycan" qəzeti, 9.11.2007., səh-2.) "Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi" adlı məqaləsində yazır ki, "azərbaycançılıq" anlayışı milli siyasi diskursda, nisbətən, yaxın vaxtlardan işlədilir: "O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə, xüsusilə, geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünürük ki, indi "azərbaycançılıq" artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər".
Tarix elmləri doktoru, professor Əli Həsənov "Heydər Əliyev və milli dövlətçilik təlimi - azərbaycançılıq" məqaləsində (Xalq qəzeti. 2010, 9 may, N 100. səh-3,4.) yazır ki, 1993-cü ildən Ulu öndərin siyasi rəhbərliyə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının - dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi dairələrin gündəliyinə çıxarıldı:"Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək, onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, Heydər Əliyevi müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi hesab etmək olar. Azərbaycançılıq ideologiyası, məhz, Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi. Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın - bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin söykəndiyi milli birlik platformasına çevirdi".
Əli Həsənovun məqaləsindən belə nəticə çıxara bilərik ki, Azərbaycan kimi zəngin, çoxmillətli bir dövlətdə dini fanatizm və etnik millətçilik ziyanlı fəsadlara yol aça bilər. İki böyük dövlətin qonşuluğunda yerləşən, bu dövlətlərin təsir altına salmaq istədiyi toplumu, yalnız, özündə vətənçiliyi, xalqçılığı ehtiva edən azərbaycançılıq ideyası ilə birləşdirmək mümkün idi. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış dahi siyasətçi Heydər Əliyevin uğurlarının kökündə, məhz, azərbaycançılıq ideyası dayanırdı. O, dağılmış dövləti, zədələnmiş milli birliyi azərbaycançılıqla bərpa etdi, möhkəmləndirdi. Xalq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən xarici və daxili qüvvələri zərərsizləşdirdi.
Professor Səlahəddin Xəlilovun "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" kitabı Ulu öndərin ideyaları əsasında formalaşan müasir azərbaycançılıq təliminin elmi-nəzəri və ideoloji bir sistem kimi şərhinə həsr olunmuşdur. Müəllif Ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkədə formalaşmağa başlayan milli inkişaf strategiyasının ideya-siyasi əsaslarını təhlil edir, azərbaycançılıq ideyasının birləşdirici rolunu elmi əsaslarla araşdırır. Əsərin başlıca ideyası bundan ibarətdir ki, bəşəri dəyərlərin qiymətləndirmə meyarlarının milli sədləri aşdığı qloballaşma şəraitində bir millətin məfkurəsi olmaq etibarilə, yalnız, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan dövlətinin deyil, bütün dünyada yaşayan azərbaycanlıların, habelə, bir neçə nəsil ölkəmizdə yaşamış və buranı öz vətəni sayan etnik və milli azlıqların maraqlarını ifadə edən müasir azərbaycançılıq konsepsiyasını müstəqil dövlətimizin strateæi inkişaf xətti kimi ilk dəfə dahi Heydər Əliyev irəli sürmüşdür.
Əsərdə azərbaycançılığın əsasları kimi, söhbət təkcə, milli dildən, dindən, adət-ənənədən, mədəni-mənəvi dəyərlərdən, habelə, bu dəyərlərin normativ hüquqi aktlarla təsbit olunmasından getmir. Müəllifin mövqeyi belədir ki, bu milli sərvətlərin ayrı-ayrılıqda öyrənilməsi, dəyərləndirilməsi, sadəcə, qorunub saxlanması azdır, bu dəyərlər ictimai miqyasda, Vətən miqyasında, məhz, dinamik bir proses kimi saxlanılmalı və inkişaf etdirilməlidir.
AZƏRBAYCANÇILIQ dilindən, miliylətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi Vətən naminə həmrəyliyə, vahid amal uğrunda birliyə dəvət edir. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürüdür.
Bu ideyaların davamçısı Prezident İlham Əliyev də Bakıda keçirilən "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında Azərbaycanda hökm sürən yüksək tolerantlıq mühiti barədə fərəhlə söz açmışdır. Azərbaycanı səmavi dinlərin birgəyaşayış məkanı, çoxmillətliliyi ölkəmizin əvəzedilməz sərvəti hesab edən Prezident İlham Əliyev bu gün dini inancları bütün siyasi proseslərdən uca tutan milli ruhlu bir nəsil yetişdirilməsi, zəngin mənəvi aləmə malik azərbaycanlı obrazının dünyaya tam dolğunluğu ilə tanıdılması üçün bütün bilik və bacarığını sərf etməkdə, dini konfessiyalar arasında heç bir qüvvənin sarsıda bilməyəcəyi məhəbbət və sədaqət körpüləri qurmaqdadır. Belə də olmalıdır. Çünki "öz tərkibində, təkcə, etnosları deyil, hətta məzhəbləri, dini konfessiyaları vahid mənəvi məkanda birləşdirəndə yaranır azərbaycançılıq ideyasının təkrarsızlığı, milliliyi, bəşəriliyi".
Bütün bunlar bir daha sübut edir ki, AZƏRBAYCANÇILIQ ideyasının qəlblərlə yanaşı, həm də beyinlərə nüfuz etməsinə çalışmalıyıq.
Niyaz NİFTİYEV