Azərbaycanda 2015-ci ilin fevral ayında baş verən devalvasiyadan sonra əhalinin böyük bir qismi kommersiya banklarındakı əmanətlərini sürətlə geri çəkməyə başlayıb.
Mərkəzi Bankın martın 1-ə açıqladığı məlumata görə, yalnız fevral ayında banklardan 1 milyard 288 milyon 500 min manat vəsait milli valyuta ilə geri çəkilib. Qeyri-rəsmi məlumata görə isə hazırda geri çəkilən məbləğin həcmi 6 milyardı adlayıb. Bu isə çox ciddi problem yarandığından xəbər verir.
İqtisadçı Natiq Cəfərli Modern.az saytına bildirir ki, mövcud şəraitin qiymətləndirilməsi zamanı əmanətlərin geri çəkilməsi gözləniləndir:
“Bu sirr deyil ki, fevral devalvasiyasından sonra kifayət qədər insan banklardakı əmanətlərini geri çəkib. Şərait bu cür oturuşubsa, deməli, bankların vəziyyəti biz düşündüyümüzdən də ağırdır”.
İqtisadçı qeyd edir ki, fevral devalvasiya ayı olduğu üçün geri çəkilən əmanətlərin həcmi də böyük idi:
“Ətraf ölkələrdə rublun və təngənin ciddi surətdə aşağı düşməsi prosesi gedirdi. Fevral ayı Azərbaycanda ekstra problemli ay oldu. Bundan sonra əhalinin bank sisteminə və manata olan inamı sıfırlandı.
Ortalıqda böyük bir rəqəmin olması, depozitlərin sürətlə geri çəkilməsi bank sisteminin özündə problemlərin daha da artacağından xəbər verir. Çünki banklar depozitlərdən istifadə edərək kredit portfelini formalaşdırır. Depozit olmadıqda kredit portfelinin formalaşmasında ciddi problem yaşanır. Kredit portfeli formalaşmadıqca, kommersiya banklarının gəlirləri azalır. Onsuz da bankların kifayət qədər problemləri var. Bunu bütün banklar etiraf edirlər.
Depozitlərin sürətlə əriməsi, insanlarda bank sektoruna güvənin azalması durumu daha da ağırlaşdıracaq. Bu səbəbdən də yaxın vaxtlarda bank sektorunda ciddi təlatümlərin baş verəcəyi ehtimalı yüksəlir. Bunun fonunda bankların bağlanması, yaxud təmərküzləşməsi sürətlənəcək, bəzilərinin birləşməsi və bazardan çıxması reallaşacaq.
Depozitlərin azalması dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda bank sistemi üçün neqativ haldır”.
Bank sistemində problemlərin olması ilə yanaşı, ölkədən külli miqdarda vəsaitin çıxarıldığı iddia edilir. Belə ki, ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı bildirib ki, xaricə qeyri-qanuni kapital axını həyata keçirilən 148 ölkə arasında Azərbaycan 17-ci sırada dayanır. Tədqiqat 2004-2013-cü illər arasında aparılıb. Bu illər ərzində hər il Azərbaycandan 9 milyard dollar dəyərində qeyri-leqal yollarla pul çıxarıldığı iddia edilir.
N.Cəfərli bildirir ki, çıxarılan vəsaitin hamısı heç də cinayət tərkibli deyil:
“Bir müddət öncə İran banklarına qoyulan embarqo üzündən Azərbaycan üzərindən əməliyyatlar aparılırdı. Bunun bir hissəsi məhz İranın vəsaitləri ola bilər. Eyni zamanda, Azərbaycandakı iş adamları da bir çox hallarda daxili və xarici vergidən yayınmağa çalışırlar. Bunun üçün qeyri-leqal metodlardan istifadə edirlər.
Təbii ki, məbləğin böyük bir hissəsi də Azərbaycanda korrupsiya yolu ilə qazanılmış vəsaitin çıxarılması yönündə atılmış addımlardır. Bu baxımdan bunun korrupsiya ilə, məmur biznesi ilə nə qədər əlaqəli olması araşdırılmalıdır. Çünki söhbət böyük bir məbləğdən gedir. Azərbaycan kimi kiçik ölkənin dünya ölkələri siyahısında 17-ci yerdə qərarlaşması neqativ hadisədir. Amma bir daha deyirəm ki, bütün məbləğin sırf korrupsiya ilə əlaqələndirilməsi də doğru deyil”.
Gülşən RAUFQIZI