filologiya üzrə elmlər doktoru, professor
Belçikalı Moris Meterlink (1862-1949) şair-dramaturq, esseçi, filosof, Nobel mükafatı laureatı kimi dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Moris Meterlink 1862-ci il avqustun 29-da Belçikada imkanlı ailədə anadan olmuşdur. Onun dünyaya gəldiyi ailədə peşə seçimi baxımından bir ənənə olmuşdur. Ənənəyə görə ailə üzvləri hüquqşünas ixtisasına yiyələnmişdir. Meterlink də hüquqşünas olmağı qərarlaşdırmışdı. O, Sent Universitetinin hüquq fakültəsində təhsil almış, buranı bitirdikdən sonra təcrübə keçmək üçün Parisə getmişdir. Burada Stefan Mal və Vilye de Lil-Adanla tanış olmuşdur. Bu tanışlıq onun gələcək həyatını dəyişmişdir. O, Parisdən Sentə qayıtdıqdan sonra atasının notariat kontorunda işləsə də, ancaq gələcək taleyini ədəbiyyata bağlamağa üstünlük vermişdir. Beləliklə, Moris Meterlink gələcək həyatını ədəbiyyata bağlamaqla heç nə itirmədi, əksinə qazandı. Bir çox yaradıcı insanlara nəsib olmayan xoşbəxtlik ona nəsib oldu. O, 27 yaşında fransız ədəbi mühitində “böyük istedad” kimi qəbul olundu. “Şahzadə Malen” əsəri dram əsəri kimi onu 27 yaşında məşhurlaşdırdı. Təsadüfi deyil ki, öz dövrünün tanınmış yazıçısı Oktav Mirbon 1889-cu ildə “Şahzadə Malen” əsəri ilə bağlı “Fiqaro”da çap etdirdiyi məqalədə yazırdı: “Mən bilmirəm Meterlink kimdir və hardandır; bilmirəm qocadır, yoxsa cavan, kasıbdır yoxsa varlı. Bir onu bilirəm ki, onun qədər tanınmayan, haqqında eşidilməyən ikinci şəxs yoxdur. Bir də onu bilirəm ki, o, şedevr yaradıb... Meterlink günümüzün ən möhtəşəm əsərini bizə bəxş edib”. (Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.5-6) Bu məqalədən sonra Moris Meterlink “Belçikalı Şekspir” adı ilə məşhurlaşır. Onun barəsində yazılmış məqalədə o, Şekspirlə müqayisə olunur. Bu cür müqayisə də onun şöhrətlənməsində az rol oynamır. Gənc dramaturqun bu cür məşhurlaşması onu notariat kontorundan uzaqlaşdırır. Və o özünün gələcək həyatını bədii yaradıcılığa həsr edir. Moris Meterlink məşhur olduğu dövrdə Sentdə yaşayırdı. Ancaq əsərləri Parisdə çap olunurdu. O, 1895-ci ilə qədər, yəni Parisə köçənə qədər “Çağırılmamış qonaq” (1890), “Korlar” (1890), “Yeddi şahzadə” (1891) və s. pyeslərini yazır. Moris Meterlink Parisə köçəndən sonra bir müddət esselər və traktatlar yazmaqla məşğul olur.
Moris Meterlink 1905-ci ildə “Göy quş” pyesini yazır. Və bununla da o, yaradıcılığının yeni bir zirvəsinə ucalır. O, yaradıcılığı ilə əbədi şöhrət qazanmaq zirvəsini fəth edir. Moris Meterlink 1911-ci ildə Nobel Mükafatına layiq görülür. O, “Təxəyyül zənginliyi və poetik fantaziyanın qüdrəti ilə diqqətçəkən pyeslərinə görə” Nobel mükafatı alır. Nobel mükafatı alarkən onun “çoxcəhətli ədəbi fəaliyyətini” də əsas götürmüşlər. Yəqin ki, şair-dramaturq kimi fəaliyyətinə də önəm verilmişdir.
Moris Meterlink müharibənin əleyhinə olmuşdur. O, müharibə əleyhinə mühazirələr aparmış, bununla da, bəşəriyyətdə sülh carçısı kimi diqqəti cəlb etmişdir. Onun I Dünya müharibəsindəki bu mövqeyi onu bir insan kimi xarakterizə edən cəhətlərindən biridir.
Moris Meterlinki Fransa Akademiyasına üzv qəbul etmək istəmişlər. Ancaq şərt ondan ibarət olmuşdur ki, o, Fransa vətəndaşlığını qəbul etsin. Ancaq Moris Meterlink bundan imtina etmişdir. Moris Meterlink bütün ömrü boyu müharibənin əleyhinə olmuşdur. O, II Dünya müharibəsi ərəfəsində Lissabona köçmüş, sonra alman faşizminə etiraz əlaməti olaraq, daha doğrusu, almanların Portuqaliya sərhədinə yaxınlaşmasını hiss edərək ABŞ-a mühacirət etmişdir. Moris Meterlink 1945-ci ildə “Janna Dark” faciəsini yazmış, 1947-ci ildə müharibədən sonra Fransaya qayıtmışdır.
Moris Meterlink ədəbi mühitdə “Xoşbəxt Meterlink” adlanır. Onun “Xoşbəxt” olmasını şərtləndirən bir sıra amillər içərisində təfəkkür şairi, böyük fikir sahibi, ədəbiyyatın ən işıqlı adamı olması da diqqəti cəlb edir. O, yaradıcılığında insanlara xoşbəxt olmağı aşılayır, təbliğ edir. Hətta yaradıcılığında bədbinlikdən nikbinliyə doğru dəyişdiyini sübut edir. Məsələn, “Çağırılmamış qonaq”, “Korlar”, “Tentajilin ölümü” pyesləri ümidsizliklə yazılsa da, “Göy quş”, “Monna Vanna”, “Beatris bacı” əsərləri nikbin ruhda yazılmışdır. Nikbin ruhda yazdığı əsərlərində inam, həyata bağlılıq, sevgi, həyatsevərlik yüksək səviyyədə ifadə olunur. Onun bədbinlikdən nikbinliyə doğru dəyişməsi barədə İ.İ.Meçnikov yazır: “...daxili evolyusiya keçib, dəhşətli bədbinlikdən həyatsevər nikbinliyə qədər” dəyişib. (Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.8)
Moris Meterlinkin belə bir fikri “Müdrik ol, onda hər şeydən əvvəl xoşbəxt olmağı öyrənəcəksən” onun yaradıcılığının əsasını təşkil edir. Bəzən onun düşüncə tərzini Şərq təfəkkürünə yaxın hesab edirlər. Məsələn, onun “Xoşbəxtlik – arzulamamaqdır”, “İnam və həyatı olduğu kimi qəbul edib sakit yaşamaq ruhi rahatlıq gətirir” fikrini Şərq təfəkkürünə, Şərq düşüncə tərzinə uyğun hesab edirlər. (Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.9)
Moris Metrlink 1949-cu il may ayının 6-da (bəzi mənbələrdə may ayının 5-də) Fransada dünyasını dəyişir. “Arıların həyatı” romanı, “Göy quş”, “Çağırılmamış qonaq”, “Korlar”, “Nişanlanma”, “Müqəddəs Antoninin möcüzəsi” pyesləri Moris Meterlinki Azərbaycan oxucusuna təqdim edə bilir. “Arıların həyatı” romanı yeddi hissədən ibarətdir. Birinci hissə “Arı pətəyinin önündə” adlanır. Yazıçı burada arıçılıq haqqında traktat, yaxud da vəsait yazmadığını bildirir. Ancaq bütün mədəni ölkələrdə belə vəsaitlərin olduğunu söyləyir. Eyni zamanda onun “Arıların həyatı” əsərinin elmi monoqrafiya, ya da yeni müşahidələr, tədqiqatçılar toplusu olmadığını da deyir. Ancaq iyirmiillik arıcılıq haqqında apardığı müşahidələr əsasında özəl səciyyəli, məhdud maraq dairəsinə aid olan bir əsər yazdığını diqqətə çatdırır. Yazıçı yazır: “Gəlin həyatın ehtişamını sirli – müəmmalı şeylərlə axtarmayaq. Ən adi şeylər ehtiramla doludur və biz hələ onlardan birini də düz-əməlli tədqiq etməmişik. Ona görə də mən yalnız faktlarla danışacağam. Onlar ya şəxsən mənim tərəfimdən yoxlanılmış, ya da apidologiyada tamamilə təsdiqləndiyi üçün yoxlamağa ehtiyacı olmayan faktlardır. Mənim işim ondan ibarətdir ki, faktları elmi, ancaq daha canlı formada təqdim edim, onları bir çox daha dərin və daha sərbəst düşüncələrlə əlaqələndirim və onlara dərslikdə, praktiki vəsaitdə, yaxud elmi monoqrafiyada olduğundan daha harmonik şəkil verim. Bu kitabı oxuyan adam arı təknəsini idarə etmək vərdişlərinə yiyələnməsə də, bu təknənin içindəkilər barədə gerçək, maraqlı, intim və dərin bilgilər əldə edəcəklər. Ancaq əlbəttə, hələ öyrənilməli olan şeylərin yanında bu, heç nədir. ( Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.13) Doğrudan da, bu dünyada öyrənilməli şeylər çoxdur. Elə arıcılıqla bağlı, onun təbiətinin gerçək dərinlikləri ilə bağlı öyrənilməli çox məsələlər var.
Yazıçıya görə, arıların ətrini, ruhunu, ab-havasını, sirlərini hiss etmək üçün arı təknəsinin içərisinə nüfuz etmək lazımdır. Bir çox kitablarda olan çatışmazlıq odur ki, nəticələr, irəli sürülən müddəalar, fikirlər “qeyri-səhih lətifələr toplusundan başqa bir şey deyil”. Çoxları yanlış fikirlərə, qabaqcadan hasil olunmuş yanlış fikirlərə istinad etməklə arıcılıqdan bəhs etmişlər. Ancaq yazıçı belə hesab edir ki, onun istinad nöqtələri, baxışları tamamilə fərqlidir.