Abid TAHİRLİ
Nə Ara Gülər , nə onun sənəti , nə də sənətkarlığı haqqında yazmaq niyyətim yox idi. Sözün düzü , onun fotolarında qeyri-adi heç nə görmürdüm, sadəcə sıradan şəkillər. Bəlkə də bu münasibətə səbəb hələ 1988- ci ildən tanıdığım və müsahibə götürdüyüm (bax: “Odlar yurdu “ qəzeti , noyabr 1988 ,№22) dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Diqqəti , onun möhtəşəm fotoları, digər tərəfdən Ara Gülərin “erməni olmaq üstünlükdür”- kimi cılız , cəfəng və əsassız düşüncələri olmuşdur. İstər Türkiyə, istərsə də Ermənistan mətbuatında isə Ara Gülərin az qala Türkiyə fotoqrafçılığının banisi, “İstanbulun gözü” deyə- təmtəraqla təqdim edilməsi məni həmişə təəccübləndirmişdir.
Bəli, Ara Gülərin çox sayda foto-sərgiləri keçirilmiş, onlarla nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür. Lakin Gülərin bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti R.T. Ərdoğan ailəsində çəkdiyi şəkillər yumşaq desək, çox zəif alınmışdır. Diqqət edin, Prezident əlindəki kitabı vərəqləyir, körpə nəvələri, kitab dolablarının arasında (?), döşəmədə (?) kitablara baxırlar. Bəlkə Ara Gülərin kitab tozundan, onun körpələrdə yarada biləcəyi fəsadlardan xəbəri yoxdur, deyə bilmərəm. Lakin Prezidentin nəvələrinin kitab dolablarının əhatəsində, o şəkildəki kimi gün keçirmədikləri fikri ilə yəqin ki, hər kəs razılaşar. Kimin çəkdiyini bilməsəm də , Ara Gülərin Prezident ailəsi ilə birlikdə süfrə arxasındakı foto daha uğurlu alınmışdır..Rza Diqqətinin dünyanın ən qaynar nöqtələrindən, səngərlərindən, döyüş meydanlarından , əsrarəngiz təbiətdən, ən müxtəlif xalqların həyatından, məişətindən, insanların qeyri- adi hallarından çəkdiyi fotolara həyəcanla , heyrətlə, heyranlıqla tamaşa edirsən. Silahdaşının İsrail əsgəri tərəfindən vurulduğu an səngərdən fəryadla sıçrayan Yasər Ərəfatın hədəqəsindən çıxan qəzəbli gözləri, hiddətdən şişən damarları Rza Diqqətinin obyektivində əbədiləşmişdir.
Onun fotodan sənətə çevrilən bu cür əsərlərinin sayı on minlərlədir. Rza Diqqəti dünyanın yüzlərlə informasiya agentliyi ilə əməkdaşlıq edir, dəfələrlə “ İlin ən yaxşı fotoqrafı” beynəlxalq mükafatına layiq görülüb, dünyanın müxtəlif ölkələrində foto- albomları buraxılıb, onlarca beynəlxalq foto- sərgisi keçirilib.
Türkiyə mətbuatının “İstanbulun gözü” , son vaxtlar isə “Cumhurbaşkanı Erdoğan'ın fotoğraflarını çeken fotoğraf sanatçısı Ara Güler sosyal medyada yerden yere vurulan” Ara Gülər kimi xarakterizə etdiyi Ara Gülərin sənəti də, şəxsiyyəti də , ona olan münasibət də çox mətləblərdən xəbər verir. Bütün bu pərakəndə qeydlərdən sonra əziz dostum, tələbə yoldaşım, istedadlı həmkarım Kayseridəki Ərciyəs Universitetinin dosenti, ermənişünas alim Qafar Çaxmaqlının erməni məsələsinə dair dəyərli məqalələrini bir daha xatırladım.