Qədim Yunan filosofu Aristotelin bir kəlamı hər zaman yaddaşımdadır. Böyük alim deyirdi ki, insanlar bütün hallarda dosta möhtacdırlar. Lakin iki halda daha çox – bolluqda, bir yerdə yeyib-içib kef çəkmək üçün, bir də qıtlıqda, əlbir olub bir birinə kömək etmək üçün.
Həmkarım, dostum, özünə və sözünə həmişə ehtiram bəslədiyim Azad Müzəffərlinin “ÇapArt” nəşriyyatında yenicə çap olunmuş “İdrak süzgəcindən keçirdiklərim” (redaktoru və ön sözün müəllifi tanınmış şair və publisist Əli Nəcəfxanlıdır) kitabı barədə qısaca qeydlərimə niyə məhz Yunan filosofunun fikirləri ilə başladığımı kimə də olsa yəqin ki, Azadın özünə izah etməyə zərrəcə ehtiyac duymuram. Çünki, dəyərli kəlamda buyrulduğu kimi, yalnız iki halda deyil, ömrünün, taleyinin bütün məqamlarında nəinki, dostlarının, ümumən onu tanıyanların və özünün tanıdıqlarının yanında olub. Olub deyəndə, həmişə, elə indi də məhz bu cürdür. İlk kəlmədən, ikicə sözündən, gülüşündən, ya da qaşqabağından dərhal tutur ki, üəyindən nə keçir, nə fikirləşirsən, səni qayğılandıran, narahat edən nədir, hansı problemlə üzbə-üzsən, kimin, nəyin dərdini-kədərini yaşayırsan. Və təbii ki, bütün varlığı, imkanları ilə çalışır ki, səni bu problemlərdən, fikir-zikirdən uzaqlaşdırsın. Təəssüf ki, olduqca sadə, təbii xarakterli bu insanın həssaslığından, səxavət və sədaqətindən sui-istifadə edənlər də tapılır və belələri ilə başlanan yol elə yarıdaca qırılmalı olur. Qəlb Evində “daimi qeydiyyata” düşənləri bu statusdan Azad azad eləmir, qırıqların özü çıxıb gedirlər haralarasa.
Elə buradaca Azadın kitabında 142-ci səhifəni açıb “Ayaqlarım yerimək istəyir” hekayəsini oxumağınızı tövsiyə etməkdən özümü saxlaya bilmirəm. Eldar obrazının şəxsində müəllifin öz avtoportretini yaratdığını həssas və Azadı yaxından tanıyan hər bir oxucu dərhal müəyyənləşdirəcək. Hekayə-pritçada təsvir edilən kəmfürsətlərin də kimliyi müəllifi tanıyanlara və onun əhatəsindəkilərə gün kimi aydın olacaq. Yeyib-içmək məclislərində ardıcıllıqla və həyasızcasına Eldarı guya ki, hərifləmək xülyasından əl çəkə bilməyən Bəhrəmlə Sədrəddinin daim kimisə “yükləmək”, bulaşıq qabları dibinəcən sıyırıb mədələrini aldatmaqla gün keçirmək istəyi real cizgilərlə, obrazlı təhkiyə ilə oxucu diqqətinə çatdırılır. Bu cür insanların tipik obrazını çox ustalıqla yaradan müəllif bütün ətrafına sanki bir ədəbi bəyanat ünvanlayır – həmişə bir yerdə olaq, dərd-sərimizi bölüşək, səmimi çörək kəsək, amma bir xahişim var-heç kim qarşısındakını avam bilib hərifləmək fikrinə düşməsin. Hər şey açıq, şəffaf və qarşılıqlı etimad prinsiplərinə söykənsə həyat daha da gözəlləşər.
Azad Müzəffərli ana dilimizin olduqca sədaqətli, vəfalı və prinsipial daşıyıcılarından biri, Böyük Türk qövmünün ürəyi ipəkdən də yumşaq, xarakteri poladdan da möhkəm nümayəndələrindəndir. Əməkdar jurnalist kimi çoxlarına örnəkdir. AzTV-də ən mühüm ictimai-siyasi və informasiya proqramlarının hazırlanmasında xidmətləri danılmazdır. Onun ən ciddi yazılarının, veriliş mətnlərinin ruhunda, məğzində həmişə publisistik çalarlar duymuşuq. Söhbətlərində də xoşagələn bir ritorika , məntiqi pafos onu həmkarlarından həmişə fərqləndirib. Sözün düzü, ürəyimdə ara-sıra onu qınayırdım ki, niyə bu insan öz fikir və duyğuları, fəlsəfi düşüncə və əməlləri ilə dünyanı ovcuna sığışdıra bildiyi halda öz daxili potensialını ədəbi yaradıcılıga da yönəltmir. Sən demə, oğlu Fuad (hazırda Kanadada ali təhsil alır) məndən qabağa düşəcəkmiş. Hələ uşaqkən atasından şipşirin nağıllar istəyən və Azadı müasir nağıl yaradıcılığına həvəsləndirən Fuad bir gün kişini divara dirəyəcəkmiş ki, tay-tuşların, qələm dostların dalbadal əsərlər yazır, ortaya qalın-qalın kitablar qoyur, bəs sən niyə tərpənmirsən.
“Nağıl “nağıl” deyilmiş” hekayəsində siz bu fikirlərin davamı ilə rahatlıqla tanış ola biləcək və nəinki bu hekayədə ümumən kitabdakı bütün yazılarda müəllifin bu və ya başqa ampulada, fəlsəfi müstəvidə öz obrazını necə ustalıqla, bədii priyomlarla yaratdığının şahidi olacaqsınız. “Aşıq toyu” hekayəsində doğma dilimizin saflığı uğrunda ürəyini də verməyə hazır olan müəllifin səmimi hisslərinin “Bahar çiçəyi” hekayəsində Turan-Türkay cütlüyünün məhəbbət Olimpinə doğru yürüşünün təfərrüatlarının incə, lirik duyğularla süsləndiyini açıq-aşkar görəcəksiniz. “Ana ürəyi” hekayəsində isə müəllif Vətənin istiqlaliyyəti uğrunda canından keçən oğulların və onların valideyinlərinin əbədiyaşar obrazını yarada bilmişdir.
Bu kitabda toplanan hekayələrdə personajların əksəriyyəti Azad müəllimin dostlarına olduqca tanış gəlir. Çünki müəllifin müşahidə radiusundan kənarda qalmaq mümkünsüzdür və yaxşı-pis cəhətlərinlə asanlıqla onun personajlarından birinə çevrilə bilərsən. Bu əsərin baş qəhrəmanı isə canında-qanında böyük Azərbaycan sevgisi yaşadan, bu dünyanın dərd-sərini öz zərif ürəyində yerləşdirməyi bacaran, sevginin, məhəbbətin yalnız mərd insanlara xas olduğunu sübuta yetirən müəllifin özüdür ki, var. Buna əmin olmaq üçün sadəcə Azad Müzəffərlinin kitabını başdan ayağa oxumaq yetərlidir.
Ədəbiyyat tənqidçisi olmadığımdan kitabdakı hekayələrin təhlilindən və “təftişindən” yan keçməyimi bildirməklə Azadın bu hekayələri “qəddarcasına” tənqid etmək barədə tapşırığını da təbii ki, yerinə yetirə bilmirəm. Sonda onu da deyim ki, Azad Müzəffərli telejurnalistikadan bədii yaradıcılığa doğru ehmallı, kövrək addımlar atmaqla nəsrimizə özünəməxsus, şipşirin notlar gətirəcək. Belədə oxucuların da, onu eşidən və seyr edən tamaşaçı və dinləyicilərin də bu imzaya hörməti qat-qat artacaq. Mən şəxsən bu qənaətdəyəm.