“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün maraqlı təkliflə çıxış edib. Prezident nazirlərə və ümumən toplantı iştirakçılarını xəbərdar edib ki, onlar öz qurumlarını xarici mebellə deyil, Azərbaycanda istehsal olunan keyfiyyətli mebellərlə təchiz etsinlər. Ölkə başçısı mebel istehsalçısı kimi misal olaraq Embawood-un adını da çəkib. O, məmurları yerli istehsalçıların məhsullarını almağa çağırıb.
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda rəqabətə dözümlü şirkətlər var.
“Prezidentin qeyd etdiyi kimi, Azərbaycanda yüksək keyfiyyətli məhsul istehsal edən şirkətlər var. Bunlardan biri də Embawood-dur. Bu şirkətin məhsulları yüksək keyfiyyətlidir. Embawood kimi mebel şirkəti ola-ola, biz niyə xaricdən mebel almalıyıq?”.
Ziyad Səmədzadə vurğulayıb ki, ölkəmizdə fəaliyyət göstərən şirkətlər üçün sağlam şərait yaradılmalıdır.
Aytən ZƏHRA