Modern.az

Prezidentdən Şuşa əməliyyatı barədə yeni AÇIQLAMA

Prezidentdən Şuşa əməliyyatı barədə yeni AÇIQLAMA

Aktual

3 Fevral 2022, 07:10

“İşğala qədər, yəni sovet dövründə Şuşanın Azərbaycan xalqı üçün, mən belə hesab edirəm, əhəmiyyəti onda idi ki, bu, qədim Azərbaycan şəhəridir, tarixi Azərbaycan şəhəridir və əsassız olaraq sovet hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə salındı. Yəni, bəli, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində idi. Amma onun tərkibində Şuşa şəhəri var idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi arasında, Büro üzvləri arasında o vaxt bir azərbaycanlı var idi. Doqquz, ya on büro üzvü idi, onlardan biri azərbaycanlı idi - Şuşa şəhərinin rəhbəri, o vaxt birinci katib deyildilər”.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.

 

Dövlət başçısı çıxışında deyib: “Yəni, mən hesab edirəm, Şuşanın bütün bu təbii gözəlliklərindən başqa Azərbaycan xalqının ürəyindəki yeri məhz onunla bağlı idi ki, bu, Azərbaycanın tərkibindədir, amma, eyni zamanda, süni yaradılmış qondarma qurum olan Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində idi və elə bil ki, Şuşanın bütün idarəetmə işlərinə ermənilər - Dağlıq Qarabağın mərkəzində oturan ermənilər cavabdehlik daşıyırdı.

 

Məhz ona görə Heydər Əliyev Şuşaya xüsusi diqqət göstərirdi. O vaxt orada bir çox müəssisələr yaradıldı və Xanın vəzirinin məqbərəsini sovet vaxtında ucaltmaq o qədər də asan məsələ deyildi.

 

İşğal dövründə isə Şuşaya xüsusi münasibət məhz bu ədalətsizliklə bağlı idi. Çünki mənim üçün Ağdamın da, Zəngilanın da, Qubadlının, Kəlbəcərin, Laçının, Füzulinin, Cəbrayılın da işğalı Şuşa işğalı qədər ağrılı idi. Ancaq Şuşa ilə bağlı edilən ədalətsizlik Azərbaycan xalqında Şuşaya xüsusi bir məhəbbət oyatdı. Bunu biz bilməliyik. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı. Məhz bizim milli rəmzimizi qaytarmaq, orada bayraq ucaltmaq bizim vəzifə borcumuz idi və müharibənin ilk günündən biz Şuşaya doğru gedirdik. İndi müharibənin gedişatı təhlil edilir, mən bir neçə dəfə bəzi məlumatları artıq ictimailəşdirdim, hamısını yox. Bizim apardığımız bütün əməliyyatların fövqündə Şuşanın azad edilməsi dayanmışdı və biz Şuşanı elə azad etdik ki, artıq düşmən öz müqavimətini dayandırmışdı.

 

Şuşanın azad edilməsi, artıq dediyim kimi, əməliyyat planı əsasında baş vermişdi. Hadrutdan sonra bizim aslanlarımız, qəhrəmanlarımız Şuşaya doğru meşələr, cığırlar aşaraq getmişdilər.

 

İndi “Zəfər yolu” adlandırdığımız yol yox idi. Şuşaya müxtəlif yerlərdən yaxınlaşaraq, biz hamımız yaxşı bilirdik ki, Şuşanın götürülməsi çox çətin məsələdir. Çünki orada böyük istehkamlar quruldu, biz artilleriya apara bilmədik, zirehli texnikanı apara bilmədik. Yəni, yüngül silahlarla, kim öz üzərində nəyi apara bilib, orada maksimum qumbaraatanlar var idi. Ermənilərin isə tankları, topları - orada güclü istehkamlar qurmuşdular.

 

Əlbəttə, Şuşadan əvvəl Daşaltı götürülməli idi. İndi Şuşaya gedən hər adam görür ki, əgər Şuşada sən nə dərəcədə hakim mövqeyə sahibsənsə Daşaltı da o qədər zərbə altındadır. Daşaltı götürüləndə əminlik daha da artdı. Şuşa uğrunda döyüşlər bir neçə gün davam etdi. Mən əmin idim ki, bizim əsgər və sabitlərimiz Şuşanı azad edəcəklər. Böyük fədakarlıq, qəhrəmanlıq göstərərək biz buna nail olduq. Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi. Çünki artıq noyabrın 8-də ermənilərin bütün müqaviməti tamamilə məhv edilmişdi. Ancaq ondan bir-iki gün qabaq artıq biz Şuşada idik, orada şəhər döyüşləri gedirdi.

 

Bu xəbəri alanda mən qürur hissi keçirdim. Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə borcumuzu yerinə yetirdik. Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər. On minlərlə, bəlkə də yüz minlərlə azərbaycanlı həyatdan narahat gedib - Şuşanı görmədən, azadlığı görmədən.

 

Eyni zamanda, əminlik hissi var idi, çünki müharibə hələ bitməmişdi. Düzdür, mən bilirdim ki, artıq müharibənin taleyi həll olundu. Ancaq müharibə hələ bitməmişdi. Ertəsi gün Şuşa, dediyim kimi, “İsgəndər-M” raketləri ilə bombalandı. Xoşbəxtlikdən orada heç bir xəsarət alan olmadı. Əmin idik ki, biz Ermənistanı axıra qədər məğlub edəcəyik. Eyni zamanda, həmin gün mən artıq fikirləşməyə başladım ki, biz müharibədən sonra Cənubi Qafqazdakı yeni reallıqları dünyaya qəbul etdirməliyik.

 

Ertəsi gün Ermənistan təslim oldu və biz, necə deyərlər, bu bayramı heç bir gün də qeyd etmədən fəal işə başladıq ki, orada möhkəmlənək, bütün mövqelərdə möhkəmlənək və artıq siyasi-diplomatik səylərimizi gücləndirək ki, dünya, aparıcı ölkələr bu reallığı qəbul etsinlər. Bu, bir qədər vaxt apardı. Amma buna da nail olduq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı