Dekabrın 5-də İqtisadi İnkişaf Nazirliyində süd məhsulları istehsal edən özəl müəssisələrin rəhbərləri ilə görüş keçirilib. Modern.az-ın məlumatına görə, görüşdə süd məhsulları bazarındakı mövcud vəziyyət, istehsalçılara dövlət dəstəyi tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
İqtisadi inkişaf naziri Şahin Mustafayev son illərdə ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, ərzaq məhsullarının istehsalı sahəsində də ciddi irəliləyişlərin olduğunu qeyd edib. Bildirib ki, artıq ölkəmizdə rəqabətqabiliyyətli və yüksək keyfiyyətli süd məhsulları istehsal olunur və istehsalın həcmi davamlı olaraq artır. Azərbaycanın özünü süd məhsulları ilə tam təmin etməsi reallığa çevrilməkdədir. Bundan sonra diqqət daha çox süd məhsullarının ixracının artırılmasına yönəldilməlidir.
Süd məhsulları istehsal edən müəssisələrin rəhbərləri isə çıxışlarında dövlətin istehsalçılara qayğısından, sahibkarlar üçün yaradılmış əlverişli işgüzar mühitdən razılıqlarını bildiriblər.
Görüşdə sahibkarlar tərəfindən süd məhsullarının istehsalının artırılması, ixracının genişləndirilməsi ilə bağlı səsləndirilən təkliflərin reallaşdırılması imkanlarının araşdırılacağı qeyd edilib.