Modern.az

Paşinyan KTMT-nin iclasında Azərbaycanla bağlı sərsəmlədi

Paşinyan KTMT-nin iclasında Azərbaycanla bağlı sərsəmlədi

Qərbi Azərbaycan

10 Yanvar 2022, 15:30

Yanvarın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderləri onlayn formada Qazaxıstandakı son olayları müzakirə ediblər.

Modern.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qazaxıstandakı olaylarda Qərbə işarə edərək, “rəngli inqilabların” qarşısını almaq üçün KTMT dövlətlərinin aralarındakı əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko isə “rəngli inqilabın” növbəti ünvanını – Özbəkistanı göstərib. Belarus prezidenti bu açıqlamasıyla bilərəkdən və ya bilməyərəkdən özü növbəti təlatümün düyməsinə basıb.

 

Ermənistanın baş naziri Nikol Paşinyan yaranmış fürsətdən istifadə edərək, Qazaxıstandakı son olaylarla İkinci Qarabağ müharibəsi arasında bu cür paralel aparıb:

“Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri yeni təhlükələrlə üz- üzə qala bilər”.

 

Beləliklə, Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərib.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyan sanki demək istəyib ki, “Ermənistan beynəlxalq terrorçularla üzləşəndə Siz bizə dəstək vermədiniz, qoşunlarınızı göndərmədiniz, Qazaxıstana isə dərhal reaksiya verdiniz, gələn dəfə bizim çağırışı da eşidin”.

 

“Əlbəttə, Paşinyanın növbəti sayaqlamasına fikir verməmək də olardı. Azərbaycan öz ərazisini azad etmək uğrunda savaşırdı, ordumuz üzərinə düşəni etdi. Paşinyan isə yenə “beynəlxalq terrorçular” haqqında nağıl danışmağa çalışıb. Buna baxmayaraq, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib. Diqqətli olmalıyıq. İrəvan Azərbaycanla sərhəddə, o cümlədən Qarabağ separatçılarının əli ilə gərginliyi artırıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət üçün bəhanə axtara bilər. Fikrimcə, Paşinyanın bugünkü sərsəmləməsinə rəsmi Bakı münasibət bildirməlidir ki, Ermənistanın dostları çaşıb təxribata uymasınlar".


KTMT-nin iclasında Belarus prezidenti Lukaşenkonun “Qazaxıstandan sonra Özbəkistana keçə bilərlər” sözlərinə diqqət çəkən E.Şahinoğlu deyir ki, bununla digər hədəfin də adı açıqlanıb.


"Bundan dərhal sonra Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov açıqlama verərək Özbəkistanın KTMT-yə qayıda biləcəyini bildirib. Kalaşnikov Qazaxıstandakı olaylara işarə edərək Daşkəndi təhdid etməyi də unutmayıb: “İndi onların (Daşkəndin-red.) başqa ümid yerləri olmadığından bunu istisna etmirəm”.

Bununla Daşkəndə demək istəyirlər ki, “bizimlə olmasan Qazaxıstanda olduğu kimi, Özbəkistanda da xaos və vətəndaş qarşıdurması olacaq".

Siyasi ekspertin sözlərinə görə, 17 il əvvəl Özbəkistanda Qazaxıstandakına bənzər olaylar - Əndican şəhərində olmuşdu.

"Özbəkistanın keçmiş prezidenti İslam Kərimov heç kimdən dəstək istəmədən etirazı yatırtdı. Doğrudur, bu zaman müxtəlif mənbələrə görə Qazaxıstanda olduğu kimi Özbəkistanda da yüzlərlə insan həlak oldu, bunun nə qədərinin radikal element, nə qədərinin dinc etirazçı olduğu indiyə qədər bəlli deyil. Hər halda İslam Kərimov Tokayev kimi Moskvaya müraciət edib ölkəsinin müstəqilliyini təhlükə altına atmadı. Ancaq indi Moskva Daşkəndi xərəbdar edir ki, Qazaxıstandan sonra Özbəkistanda da etirazlar və bunun ardınca silahlı toqquşmalar başlayacaq. Məqsəd Özbəkistanı da təşkilata üzv edib üzvlərin sayını çoxaltmaqdır.

Gələn xəbərlərə görə, Özbəkistan prezidenti Şövkət Mirziyoyev Qazaxıstan hadisələrinin fonunda polis və ordunun gücləndirilməsi istiqamətində addımlar atıb, yerlərdə məmurların fəaliyyətlərini nəzarət altına alıb. Özbəkistanda sosial problemlər Qazaxıstanda olandan az deyil. Ona görə heç nə istisna deyil. Bir ay əvvəl kimsə Qazaxıstanın qarışacağını və bu ölkəyə kənar hərbi müdaxilənin reallaşacağını proqnozlaşdıra bilməzdi".

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu