Modern.az

Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edir

Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edir

5 Oktyabr 2022, 17:24

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentdəki “hökumət saatı” zamanı çıxış edərkən Azərbaycanın İrəvana təqdim etdiyi 5 prinsipdən danışıb.

Modern.az xəbər verir ki, nazir bu il martın ortalarında İrəvana verilən və Ermənistanla münasibətlərin tənzimlənməsinə dair 5 prinsipi xatırladaraq deyib ki, həm erməni xalqı, həm də beynəlxalq ictimaiyyət onlarla tanışdır.
 

"Bildirmişik ki, bu prinsiplərdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Bu dəfə Azərbaycanın təqdim etdiyi təkliflər bu prinsiplərə əsaslanır. Əlbəttə, elə məqamlar var ki, biz indi onları təhlil edirik və mütləq cavab verəcəyik", - Ermənistan XİN rəhbəri qeyd edib.
 

Onun sözlərinə görə, danışıqlar zamanı elə məqamlar yarana bilər ki, İrəvanın özü də sazişə daxil edilməsi üçün hansısa təklif versin.


XİN rəhbəri qeyd edib ki, 5 prinsip gündəliyi tam əks etdirmir. Ararat Mirzoyan bildirib ki, rəsmi İrəvan “Dağlıq Qarabağ”a dair öz baxışını Bakı ilə bölüşüb və bu məsələ aparılan danışıqların tərkib hissəsidir.


Nazirin sözlərinə görə, Xankəndi ilə Bakı arasında beynəlxalq dialoq mexanizminin yaradılması ideyası var.

“Hazırda müzakirələr gedir. Sözsüz ki, bizim öz yanaşmamız, Azərbaycanın da öz yanaşması var. Qarşılıqlı məqbul mövqeyə gələndə mütləq məlumat verəcəyik", - Mirzoyan söyləyib.


Xatırladaq ki, oktyabrın 4-də Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ABŞ dövlət katibi ilə telefon danışığı olub. Söhbət zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər