Modern.az

Zəngəzur azərbaycanlılarının etno-mədəni həyatı

Zəngəzur azərbaycanlılarının etno-mədəni həyatı

7 Oktyabr 2022, 14:48

Zəngəzuru tanıyaq və tanıdaq!

Zəngəzur azərbaycanlılarının etno-mədəni həyatının, adət-ənənələrinin formalaşmasında yerləşdiyi bölgənin dağlıq və dağətəyi təbəti, etnokulturoloji zənginliyi, qonşu Naxçıvan, Qarabağ və Təbriz-Qaradağ mahallarının təsiri böyük rol oynamışdır. 

Zəngəzurda türk-müsəlman ruhu həmişə güclü olmuş və milli-mənəvi dəyrlərimizin əsasını təşkil etmişdir.

Zəngəzur ana vətəndən, Azərbaycan dövlətindən qoparılaraq, Ermənistan SSR-nin tərkibinə qatıldıqdan sonra ötən 70 ilə yaxın müddət ərzində Zəngəzur azərbaycanlıları mənsub olduqları böyük xalqın adət- ənənələrinə, milli-mənəvi dəyərlərinə sadiq qalmış, bu dəyərləri qoruyub saxlamış, inkişaf etdirmişlər.

Eyni zamanda, onu da qeyd etməliyəm ki, Ermənistan SSR-də erməni təzyiqi altında yaşamaq məcburiyyəti həm də Zəngəzur azərbaycanlılarında bir mütəşəkkillik duyğusu, özünü və özününküləri qoruma instikti  formalaşdırmış oldu. Məğlub olmamaq, əzilməmək, ayaqda qalmağı bacarmaq, öz milli kimliyini qoruyub saxlamaq üçün Zəngəzur azərbaycanlıları güclü olmaq zorunda idilər. Güclü olmağın yolu isə təhsildən, bilik və bacarıqdan, zəhmətdən, dürüstlükdən, qanunpərəstlikdən, mənəvi dəyərlərə sadiqlikdən keçirdi.

Bir faktı söyləmək kifayətdir ki, Zəngəzurun Ermənistan SSR-nin tabeçiliyində olduğu 68 il ərzində, ən çoxu, 30 ya 40 nəfər Zəngəzur azərbaycanlısı erməni qadını ilə evlənmişdir. Erməniyə ərə gedən azərbaycanlı qadın isə yəqin ki, yoxdur. Bu faktın özü Zəngəzurdakı azərbaycanlıların nə qədər yüksək milli təəssübkeşliyə malik olduqlarını,  mənsub olduqları xalqa, mənsub olduqları dinə və  mədəniyyətə nə qədər möhkəm bağlı, sədaqətli olduqlarını sübut edən amillərdən biridir.  Halbuki, erməni ilə evlənmək, yaxud erməniyə ərə getmək, necə deyərlər ermənilərlə qarışıb, qovuşmaq hər halda ordakı insanlara həm vəzifə tutmaqda, həm də iqtisadi cəhətdən, eləcə də ümumi inkişafın digər sahələrində böyük üstünlük verə bilərdi. Lakin Zəngəzur azərbaycanlıları qanlarını soysuz bir millətin qarışıq qanına qatmağı həmişə qeyrətsizlik hesab etmişlər və bu qeyrətsizliyi özlərinə rəva bilməmişdilər.

Qədim Sünik vilayətinin əhalisi təkallahlılığı qəbul edənədək müxtəlif dinlərə - bütpərəstliyə (ata, tibet öküzünə, qurda, qartala, daşa, ağaca sitayiş), atəşpərəstliyə (oda, işığa və günəşə sitayiş) və zərdüştiliyə etiqad edirdilər. Onu qeyd etmək lazımdır ki, zərdüştlik ilk tanrıçılıq dini kimi meydana çıxsa da, dünyəvi dinə çevrilə bilmədi, o cümlədən Zəngəzurda çoxsaylı tərəfdarlar toplaya bilmədi. Əksinə, xristianlığın və islamın gəlişinə qədər, bu yerlərdə atəşpərəstlik geniş yayılmışdı. 

Atəşpərəstliyin nişanələri bütün Qafqazda olduğu kimi, Zəngəzurda da indiyədək qalmaqdadır. Zəngəzurda elə bir hündür dağ yoxdur ki, orada pir, ocaq olmasın. Sisyan rayonunun Murxuz kəndində "Qırxlar piri", "Qala pir", Ərəfsə kəndində "Salvartı piri", Sofulu kəndində "Molla Qayıb bulağı piri", Şıxlar kəndəində "Hərəmlər piri",  İşıqlı dağın zirvəsində Dəva (Şəfa) piri, Qafan rayonunda "Pirhəmzə dağı ocağı", "Pirdavidan dağı ocağı", "Çiləxana piri", "Kurud kəndi yaxınlığında "Cidalı piri", Şəhərcik qəsəbəsində "Bəndər şahın piri", "Körpü qayası piri", Meğri rayonunun Nüvədi kəndində "Əbdül ata ocağı" piri, "Dağdağan piri", Əldərə kəndində "İyis piri", "Məşədi Oruc piri", Tey kəndində "Zeyvə piri" müqəddəs ziyarətgah sayılırdı.

Zəngəzurda mərhumu dəfn edən  axşam qəbrinin üzərində od qalayardılar. Bu da çox güman ki, atəşpərəstlikdən gələn bir ayin idi.

"Od haqqı", "Çıraq haqqı", "Ocaq qənim olsun" deyimləri, günəşə, aya salavat çevirmək adəti də Zəngəzurun əhalisinin atəşpərəstliklə bağlı genetik yaddaşında kodlaşmış inam və rituallar idi.

Zəngəzurda şaman kultu, tibet öküzünə, qurda, qartala, ata və s. onqonlara sitayiş buradakı insanların ulu əcdadlarının prototürklərlə bağlılığını göstərən bir başa dəlillərdir. Çünki at, tibet öküzü (yak), qurd və qartal Altay, Tibet türklərinin hələ eradan əvvəl sitayiş etdiyi müqəddəs sayılan canlılar idi. Bütün bunları, eləcə də şamanizmlə bağlı ayinlərin həyata keçirilməsi səhnələrini özünün daş sinəsində həkk edərək, daş yaddaşında saxlayaraq bu günümüzə gətirib çıxaran çox qiymətli tarixi abidə Sisyan rayonunun Urud kəndindəki orta əsr qəbiristanlığıdır. 

Din faktoru qərbi Zəngəzurda heç zaman güclü olmasa da, Zəngəzur müsəlmanları uzaq keçmişlərdən gələn adət-ənənələrə, öz inam və inanclarına həmişə sadiq qalmışlar.  1915- ci ildə Qərbi Zəngəzurda 17 məscid fəaliyyət göstərsə də, ermənilərin 1918- 20 - ci illərdə törətdikləri qırğın və talanlar zamanı yerli azərbaycanlı əhali tamami ilə etnik təmizlənməyə məruz qalmış, məscidlər isə yerlə yeksan edilmişdir. Sovet hökuməti dövründə Qərbi Zəngəzurda məscidlərin bərpası mümkün  olmamışdır.

Dini bayramlar, yas mərasimi islam dininin qaydalarına mümkün qədər əməl edilməklə real şəraitə uyğunlaşdırılaraq nisbətən sadələşdirilmiş şəkildə keçirilirdi. Yas məclislərini kənddə olan seyid, yaxud molla ağsaqqal kimi qabağa düşərək islam dininin buyruğunca, milli adət-ənənələrimizə uyğun olaraq yola verərdi.

(Zəngzurda xeyir-şər mərasimləri haqqında ayrıca məqalə hazırlamağı düşündüyümüzdən bu yazıda toylar və yaslar barədə danışmayacağ - Musa Urud)  

Böyüyə hörmət, uşağa qayğı, ədəb-ərkanın gözlənilməsi, tayfa, qohumluq, kirvəlik münasibətlərinin üstün səviyyədə qorunması, qadın azadlığının nisbətən geniş sərhədlərinin olması, ənənələrə sadiqlik Zəngəzur azərbaycanlılarının etno-kultural həyatının bünövrə daşlarını təşkil edən dəyərlər idi.

Görkəmli ədəbiyyatşunas alim, soy - kök etibarı ilə Zəngəzurun Şəki kəndinə bağlılığı olan  professor  Əziz Şərif  xatirələrində XX əsrin əvvəllərində Zəngzurun etno-mədəni həyatını təsvir edərək yazırdı: "Səfalı, axarlı-baxarlı, çəmənli-çeşməli Şəkidə hər kəs azad, dünyadan bixəbər yaşayar, qızlar, gəlinlər çadranın nə olduğunu bilməz, başında yaylıq, dodağında yaşmaq gəzər, dolanar, bulaqdan su daşıyar, hana qurar, xalı toxuyar, nehrə çalxalar, yayda biçin biçər, taxıl döyər, yuyar, qurudar, evin kişilərinə kömək edərdi. Bir sözlə desək, təbii həyat sürərdi".

Zəngəzur azərbaycanlıları milli bayramlarımızı, şənlik və yas mərasimlərini də milli adət-ənənəmizə uyğun, xalqımıza mənsub olan yüksək mədəni və mənəvi keyfiyyətlərlə həyata keçirirdilər.

Elçilik, nişan, toy mərasimləri, nikaha daxil olma və hətta rəsmi nikahdan başqa, - düzdür, bunu gizli edirdilər, - dini nikah kəsdirmə Zəngəzur azərbaycanlılarının min illərcə qoruyub saxladıqları ənənələrindən biri idi.

Onu da deyək ki, Zəngəzurda bir çox nüfuzlu seyidlər nəsli var idi. Sisyan rayonunun Urud kəndində Seyid Mirismayıl Ağanın ocağı, Şəki kəndində Seyid Mirhəbib ağanın ocağı, Qafan rayonunda Seyid Mirvəli ağa və Seyid Mirəyyub ağanın ocağı, Meğri rayonunda Seyid Mirhəbib ağanın ocağı, Laçın, Zəngilan və Qubadlıdakı seyid ocaqları belə müqəddəs ziyarətgahlardan idi. İnsanların bu ocaqlara inamı böyük idi. Müqəddəsliyə həmişə ibadət edirdilər, pənah gətirirdilər, arzularını, niyyətlərini tutub gəlirdilər. Seyidlərin ocaqlarında, pirlərdə  qurbanlar kəsərdilər.

İslam dini ilə bağlı bayramlar - Qurban və Ramazan bayramları Zəngəzurda Sovet hökumətinin məhdudiyyətləri çərçivəsində sadələşdirilmiş şəkildə həyata keçirilirdi. Qurban bayramına Zəngəzurun bir çox kəndlərində "İsmayıl Qurbanı" bayramı deyirdilər. İmkanı olan hər kəs bir qoç kəsib yeddi evə qurban payı göndərərdi. 

Oruc tutmaq adəti demək olar ki, yox idi. Yaşlı nəslin nümayəndələri, seyid ailələri, din xadimləri istisna olmaqla Zəngəzurun kəndlərində oruc tutmaq, namaz qılmaq o qədər də yayılmamışdı. Zəngəzur azərbaycanlıları Allahı, Peyğəmbəri, Quranı tanıyırdılar, qalan "xırdlıqarla" işləri yox idi. Təriqət nədi, bilməzdilər, sünni və şiə kimdir, fərqinə varmazdılar.

Dara düşəndə "Ya Əli, səndən mədəd" deyərdilər, İmam Hüseyinin cəddini köməyə çağırardılar, sərin su içəndə "Yezidə lənət" deyərdilər. Amma bu etiqad və inanclar folklor səviyyəsindən yuxarı deyildi.

"Novruz bayramı" Azərbaycanın hər yerində olduğu kimi Zəngəzurda da xüsusi təmtəraqla keçirilidi. Bayrama bir ay qalmış "Su", "Od", "Yel" və "Torpaq" çərşənbələri qeyd edilərdi. "Od" və "Torpaq" çərşənbədə mütləq tonqal qalanardı. Su çərşənbəsindan başlayaraq ta Novruz bayramı qurtaranadək  məhəllə-məhəllə toplaşaraq yumurta döyüşdürmək ənənəsi Zəngəzur gənclərinin sevimli məşğuliyyəti idi. 

 "Torpaq" çərşənbə - il axır çərşənbə Zəngəzurda xüsusi dəbdəbə ilə keçirilərdi, yeniyetmələr və  gənclər bu günə xeyli qabaqdan xüsusi hazırlaşardılar: kəndin ətrafındakı təpələrdən, çöllərdən  gəvən kolu toplayar, taxta, odun, çır-çırpı tədarükü görər, kənd şoferlərindən istifadəyə yararsız təkərləri alıb kəndin yanındakı təpələrin, qayaların başına qaldıraraq ilaxır çərəşənbədə yandırmaq üçün hazırlayardılar. "Torpaq" çərşənbəsində axşam hava qaralan kimi kəndin bütün həyətlərində, küçələrində, məhəllələrində, təpəliklərdə gur tonqallar qalanardı. Ailənin bütün üzvləri tonqalın ətrafına toplaşar, bir-birinə xoş sözlər deyər, arzularını bildirər, hər kəs 3 dəfə tonqalın üzərindən tullanardı. Sonra hamı süfrə ətrafında əyləşərək şam edirdilər. Hər kəs xoş sözlər danışmalı idi, çünki həmin gecə "qapı pusma" adəti də var idi. Torpaq çərşənbədə və Novruz bayramında yumurta boyanar, qovurqa qovrularddı. "Xıdır Nəbi" bayramında kirkirədə qovud çəkilərdi, anaların sandığı,nənələrin boğçası açılar, bayram nemətlərindən xonçalar tutulardı.

Novruz bayramında ailənin bütün üzvləri yuynur, təzə paltarlarını geyinir, kənddə hər kəs bir-birini təbrik edir, xonça bağlayıb yaşlı qohumların evinə bayramlıq aparardılar. Zəngəzurda Novruz bayramına "Cənab Əmirin qırmızı geyinib taxta çıxdığı Gün" deyirdilər, amma heç kim bilmirdi ki, bu Cənab Əmir kimdir,  haradan gəlib, niyə qırmızı geyinib və nə vaxt taxta çıxıb. 

Zəngəzur azərbaycanlılarının, eləcə də Ermənistan SSR-də 23 rayonun 261 yaşayış məntəqəsində yaşayan azərbaycanlıların maariflənməsində, ictimai- siyasi, sosial, mədəni həyatında “Sovet Ermənistanı” qəzetinin çox böyük rolu olmuşdur. “Sovet Ermənistanı” qəzeti Ermənistan KP MK-nın, Respublika Ali Soveti və Nazirlər Sovetinin orqanı idi. 1921-ci ildən çıxırdı. Əvvəllər “Rəncbər” (1921-22), “Qızıl Şərq” (1929-1937), “Kommunist” (1937-1939) adları ilə çıxıb. 1960-1980-ci illərdə gündəlik çapı təxminən 18-20 min nüsxə olurdu. Bu qəzetdə Zəngəzurdan olan görkəmli ziyalıların (Sabir Əsədov, İsrafil Məmmədov, Abdulla İbrahimov, Hidayət Orucov, Suren Şərifov və s.)   işləmələri, vaxtaşırı bölgəyə səfərləri, azərbaycanlılar yaşayan kəndlərin problemlərini öyrənib qəzet səhifələrinə çıxarmaları, həllinə nail olmaları, azərbaycanlı əhalinin hüquqlarının rayon və respublika səviyyəsində qorunmasına çalışmaları bu insanlara bir tərəfdən mənəvi dəstək olurdusa, digər tərəfdən onların ictimai-siyasi fəallığını artırırdı. Kənd yerində yaşayan müəllimlər və digər ziyalılar vaxtaşırı  bu qəzetdə təklif və məqalələrlə çıxış edir, öz bədii yaradıcılıq nümunələrini çap etdirirdilər. “Sovet Ermənistanı” qəzeti erməni senzorunun təsiri altında olsa da, ümumi şəkildə, yerli azərbaycanlıların maraqlarını kifayət qədər geniş təmsil edə bilirdi.

Qərbi Zəngəzur azərbaycanlıları Azərbaycan dilinin ən təmiz, ləhcəsiz formasını işlədirdilər,  ən aydın, ən səlis bir dildə danışırlar (Meğri şivəsi istisna olmaqla). Bu məktəblərdə tədris prosesinin, xüsusilə, dil və ədəbiyyat dərslərinin yüksək səviyyədə keçirilməsi ilə şərtlənirdi.

Zəngəzur azərbaycanlılarının mədəni həyatının zənginləşməsində Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının böyük rolu olmuşdur. Əslən Zəngzurun Maralzəmi kəndindən olan görkəmli ziyalımız, şair, publisist, dramaturq Hidayət Orucovun gənc yaşlarından başlayaraq  teatra  rəhbərliyi dövründə (1968--1984) və ondan sorakı illərdə demək olar ki, hər yay fəslində bu teatr Zəngəzura qastrola gəlir, kəndbəkənd gəzərək yüksək bədii səviyyəli, bir-birindən maraqlı tamaşalar göstərirdi.

Zəngəzur azərbaycanlıları Sovet dönəmində yaşadıqları müddət ərzində  Azərbaycanla  sıx bağlı olmuşlar. Düzdür, bu bağlılıq Azərbaycanın dövlət  siyasəti  səviyyəsində həyata keçirilmirdi, bu bağlılıq qohumluq əlaqələri ilə bağlı idi, bu bağlılıq mənəvi ehtiyacdan doğan bir bağlılıq idi və buna görə də Azərbaycanda  gedən mədəni, mənəvi inkişaf Zəngəzurda tez özünü büruzə verirdi.

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan etnik azərbaycanlıların həyatında da ciddi dəyişikliklər başladı. 

Məhz Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə yetmişinci illərin əvvəllərindən Dağıstanda, Gürcüstanda və Ermənistanda tez-tez Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilməyə başladı.

Bu proqram çərçivəsində respublikanın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri "vətənin qıraqda qalan yerləri"ndə yaşayan soydaşlarımızla görüşür, onların mənəvi tələbatlarının ödənilməsinə yardımçı olurdular.

Bu mənada Zəngəzur da istisna deyildi. Bakıdan, Ağdamdan, Füzulidən, Naxçıvandan Zəngəzura tez- tez teatr, konsert qrupları gəlir, kənd-kənd gəzərək, konsertlər, tamaşalar verirdilər.

Azərbaycanda istehsal olunmuş kinofilmlərin Zəngəzurun azərbaycanlı kəndlərinə gətirilməsi ötən əsrin 70-80-cı illərində adi hala çevrilmişdi.

1974-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi  Heydər Əliyevin birbaşa göstərişi ilə  Zəngəzuru Bakı ilə birləşdirən Sisyan-Bakı avtobus xətti açıldı. Sisyan rayonu ilə Bakı şəhəri arasında gündəlik avtobus marşrutunun açılması Sisyan və Gorus azərbaycanlılarının həyatında inqilaba bərabər bir hadisə idi. Çünki o vaxta qədər Qafan və Meğri azərbaycanlıları Bakı və Azərbaycanın bir sıra digər rayonları ilə Qafan - Bakı və Culfa-Bakı dəmiryolu vasitəsilə  birbaşa  əlaqə saxlaya bilirdilərsə, Sisyan və Gorus azərbaycanlılarının belə bir imkanı yox idi.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü olarkən də Zəngəzuru unutmamış, bu bölgənin geosiyasi əhəmiyyətini, gələcəkdə Azərbaycanın həyatında mühüm rol oynaya biləcəyini nəzərə alaraq Bakı ilə Naxçıvanı (gələcəkdə isə Türkiyəni) birləşdirəcək transregional avtomobil magistralının çəkilməsi barədə SSRİ Nazirlər Sovetinin qərarının verilməsinə nail oldu. Təəssüflər olsun ki, SSRİ-nin dağılması bu böyük strateji əhəmiyyətli qərarın icrasını yarımçıq qoydu.      

... Amma zamanda yarımçıqlıq yoxdur.

... Kim bilir, bəlkə də Ulu Öndər Heydər Əliyev azərbaycan xalqına  2003-cü il 1 oktyabr tarixli  müraciətində "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,- deyərkən həm də o zaman tikintisi yarımçıq qalmış Zəngəzur  dəmir yolu və avtomagistralının işə düşəcəyini nəzərdə tutmuşdu!!!

... Çox zaman siyasəti şahmata bənzədirlər. Bəlkə də ona görə ki, şahmat digər oyunlardan daha çox intellektual potensial, ağıl, çeviklik, uzaqgörənlik, ən əsası isə, iradə və psixoloji möhkəmlik tələb edir.

...Şahmatda və siyasətdə səhv etdin, uduzacaqsan.

...Ən az səhv edən müdriklərdir.

...Siyasətdə digər güclərdən və  alətlərdən daha çox müdriklik qalib gəlir.

...Şahmatda mahir və müdrik oyunçu birinci, yaxud ikinci gedişlə başlamasından asılı olmayaraq qalib gəlir...

...Eynən siyasətdə olduğu kimi....

...Cənab İlham Əliyev artıq neçənci illərdir ki, bölgədə və dünyada siyasi gedişini edir və qalib gəlir!

...Hər qələbə ədalətli sayılmaz....

...Yalnız güclü və ədalətli olan əbədi qalibdir!

...Ali Baş Komandan İlham Əliyev təkcə qalib gəlmir, həm də qrossmeyster dərsləri verir və doğma xalqına arxalanaraq qürurlu səsi ilə bütün dünyaya bəyan edir:

ZƏNGƏZUR AZƏRBAYCANDIR!!!

 

 

Musa Urud,

Millət vəkili

 

***

Həmçinin oxuyun:

Zəngəzuru tanıyaq və tanıdaq!  - Birinci məqalə

Zəngəzuru tanıyaq və tanıdaq! - İkinci məqalə

Zəngəzurla bağlı bilməli olduğumuz VACİB FAKTLAR

Ermənilər Zəngəzura necə köçürülmüşdü – TARİXİ FAKTLAR

Qərbi Zəngəzurun iqtisadi inkişafında azərbaycanlıların rolu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi