Modern.az

Ermənistan “Qardaş yumruğu”ndan qorxur - Məşhur Ovannisyandan AÇIQLAMA

Ermənistan “Qardaş yumruğu”ndan qorxur - Məşhur Ovannisyandan AÇIQLAMA

Qərbi Azərbaycan

6 Dekabr 2022, 17:04

Türkiyə və Azərbaycan hərbçilərinin birgə “Qardaş yumruğu” təlimi Ermənistanda təşvişə səbəb olub.

Modern.az-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, hazırda hərbi ekspert qismində çıxış edən və 2020-ci il müharibəsi zamanından Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Arsrun Ovannisyan bildirib ki, Azərbaycan-Türkiyə birgə təlimləri öz təhlükəsini dəfələrlə göstərib.

“Bunun praktikada, xüsusən də 2020-ci ilin payızında şahidi olduq”, - deyə Ovannisyan qeyd edib.


“Hazırda hər bir belə əməliyyat nəzərə alınmalı və ciddi diqqət yetirilməlidir, çünki ilk dəfə deyil ki, düşmən tərəfin hərbi təlimləri Ermənistan üçün pis nəticələnir və böyük təhlükə yaradır. Həmçinin nəzərə alsaq ki, İran ətrafında cərəyan edən hadisələr kifayət qədər gərgindir, qəfil, gözlənilməz və hər cür hərəkətlərin inkişafını gözləmək olar”, - Ovhannisyan “Haykakan Jamanak” qəzetinə müsahibəsində deyib.
 

Erməni hərbi ekspert bildirib ki, Ermənistan istənilən şəraitdə müharibəyə hazır olmalıdır:

“Çünki 2020-ci il bizə aydın şəkildə göstərdi və sübut etdi ki, Azərbaycan bir neçə saat ərzində hücum nümayiş etdirə bilər. Ermənistan hökumətinin bu halda hansı səylər göstərməli olduğunu və necə davranacağını dəqiq söyləmək çətindir, lakin mənim fikrimcə, hökumət Ermənistanın təhlükəsizliyini mümkün qədər qorumaq üçün lazım olan hər şeyi edir".


“Mövcud hadisələr fonunda Ermənistan Rusiyaya və KTMT-yə arxalana bilərmi” sualına cavab olaraq Ovannisyan deyir ki, İrəvanın bununla bağlı dəqiq rəsmi cavabı var:

“Biz bu yaxınlarda baş nazir Nikol Paşinyanın KTMT-yə cavabının şahidi olduq. Qurumun sammiti zamanı Ermənistan KTMT bəyannaməsini və yardım layihəsini imzalamadı”.

Arsrun Ovannisyan deyib ki, o, hərbçi kimi münasibətlərin tənzimlənməsi üçün danışıqlar formatının tərəfdarıdır və buna meyllidir.

“Atışmaqdansa, danışıqlar aparmaq daha yaxşıdır, lakin biz silahı həmişə hazır saxlamaqdan əl çəkməməliyik”, - Ovhannisyan vurğulayıb.

Qeyd edək ki, dünən Azərbaycan Müdafiə Nazirliyi növbəti Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin başladığını elan edib. Məlumata görə, təlimlər Bakı, Astara, Cəbrayıl və İmişli rayonlarında - İranla sərhəddə keçirilir. Təlimlər Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin döyüş və xüsusi mühəndis texnikası, o cümlədən hərbi aviasiyası cəlb edilməklə təşkil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar