Paşinyan arvadını hərbi siyasətə qədər itələyib - Baş nazirə İTTİHAM

Paşinyan arvadını hərbi siyasətə qədər itələyib - Baş nazirə İTTİHAM

Qərbi Azərbaycan

7 Dekabr 2022, 14:44

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın siyasi fəaliyyətdə bəzən əndazələri aşdığına görə qınağa tuş gəlib.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Ermənistanda həm müxalifət, həm də iqtidar düşərgəsində Anna Akopyanın bir çox məsələlərə yersiz müdaxiləsindən narazılıqlar var. Qəzetin bununla bağlı dərc etdiyi məqalədə bildirilir ki, eks-prezidentlər Karen Dəmirçyanın, Levon Ter-Petrosyanın, Robert Köçəryanın, Serj Sarkisyanın həyat yoldaşları və ailələri dövlət siyasətinə bu qədər qarışmayıb, ictimaiyyətin diqqət mərkəzində olmayıblar.

“Nikol Paşinyan və ailəsi iqtidara gəldi, o, baş nazir olandan sonra arvadını ictimai xaosa, dövlət siyasətinə, hətta hərbi siyasətə o qədər itələdi ki, camaat anlamadı ki, bu qadın hansı sahəyə rəhbərlik edir və ya onun işi nədir”.

Məqalədə Anna Akopyanın tez-tez bahalı Avropa səfərlərinə çıxmağından, dövlət vəsaitini sağa-sola xərcləməyindən də bəhs edilib.

Eyni zamanda, onun İkinci Qarabağ Müharibəsi ərəfəsində hərbçilərin işlərinə müdaxilə etməsi, onlara yersiz əmrlər verməsi xatırladılıb, guya qadınlardan ibarət döyüşçülər dəstəsi yaratdığı qeyd edilib və buna görə lağa qoyulub. Müəllif Anna Akopyanın hərəkətlərini həm də görməmişlik kimi qiymətləndirib.

Məqalədə Ermənistanın keçmiş rəhbəri Karen Dəmirçiyanın mərhum həyat yoldaşının xatirələrinə də yer verilib.

“…Heç vaxt görünməyə çalışmadım, kölgədə qaldığım üçün heç vaxt özümü pis hiss etmədim. Və buna görə heç də peşman olmadım. Heç vaxt. Elmdə irəliləyə bildiyimə və namizədlik dissertasiyası müdafiə edə bildiyimə görə peşman deyildim. Mən həmişə insanlara lazım olanı etmişəm. Və mənə artıq heç nə lazım deyildi, çünki yanımda həyat yoldaşım, oğlanlarım, gözəl ailəm var idi”, - deyə Rimma Dəmirçiyanın xatirələrində söylədikləri fikirlər Anna Akopyana nümunə kimi göstərilib.


Erməni jurnalist yazır ki, Nikol Paşinyanın həyat yoldaşı heç olmasa bir az savadlı olmalı, keçmiş liderlərin arvadlarının davranışını öyrənməli və ictimaiyyəti onu tez-tez görməkdən, onun haqqında danışmaqdan xilas etməlidir:

“O, elə bir təəssürat yaradıb ki, sanki bu xanım dövlət idarəçiliyində baş nazirin rəqibidir. Bəlkə təsadüf deyil ki, ölkənin təhlükəsizliyi və idarə olunması ilə bağlı məsələlərdə ərindən əvvəl niyə onu günahlandırırlar?”, - deyə məqalədə Anna Akopyan ittiham olunub.
 

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq