Xarici diplomatlar Zəngilandadırlar - YENİLƏNİB + VİDEO

Xarici diplomatlar Zəngilandadırlar - YENİLƏNİB + VİDEO

10 Dekabr 2022, 11:45

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin dekabrın 10-da Zəngilan rayonuna səfəri başlayıb.
 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfər proqramında, iqamətgahı Bakıda və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri - səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Ümumilikdə 150-yə yaxın iştirakçını Bakı və Ankara şəhərlərindən daşıyan təyyarələr Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.
 

Diplomatlar, xarici ölkələrin səfirləri, hərbi attaşeləri və beynəlxalq təşkilatların təmsilçiləri əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Azərbaycan Respublikasına viza tələb olunan diplomatlara bu hava limanında ilk dəfə “ASAN Viza” sistemi vasitəsilə elektron viza rəsmiləşdirilib.


Diplomatik korpusun nümayəndələri səfər çərçivəsində Zəngilan və Qubadlı şəhərlərində bərpa və yenidənqurma işləri ilə tanış olacaq, həyata keçiriləcək layihələr barədə məlumat əldə edəcəklər.
 

***

Türkiyədə fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin, qardaş ölkənin bəzi dövlət qurumlarının əməkdaşları ilə birlikdə dekabrın 10-da Zəngilan və Qubadlıya səfəri başlayıb.


Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, xarici diplomatlar Türkiyənin Ankara şəhərindən təyyarə ilə Zəngilana yola düşüblər.


Ankaranın Esenboğa Hava Limanından yola salınan diplomatlar Zəngilan Beynəlxalq Hava Limanda qarşılanıb müəyyən edilmiş dislokasiya üzrə hərəkət edəcək, o cümlədən Qubadlı ərazisində olacaqlar.


Bir gün nəzərdə tutulan səfər çərçivəsində xarici qonaqlara Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin acı nəticələri, xalqımıza və ölkəmizə qarşı erməni vandalların həyata keçirdiyi bəşəri cinayətlər, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan rəşadətli Zəfər barədə həqiqətlər, həmçinin düşməndən geri alınan ərazilərimizdə aparılan fundamental quruculuq işləri barədə yerindəcə məlumat veriləcək.


Xatırladaq ki, Türkiyədə fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçiləri ilk dəfə cari ilin avqustun 26-da Qarabağa, o cümlədən Füzuli və Şuşaya səfər ediblər.

Bu səfər çərçivəsində xarici diplomatlar avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak ediblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə dəhşət davam edir: Daha iki zəlzələ