Ekspert: “İndi hamı “ağ çiçək sortu”nun həsrətindədir”
Süfrəmizi ikinci çörək adlandırdığımız kartofsuz təsəvvür etmək çətindir. Elə buna görə də bu ekzotik ərzaq buğda və düyüdən sonra dünyada ən çox istifadə olunan məhsullar sırasındadır. Bu gün kartof hər bir ailənin mətbəxində əvəzsiz qidadır. Statistikaya görə, 1985-ci ildə adambaşına ildə 28 kq kartof düşürdüsə, indi bu rəqəm 140 kiloqrama çatmaq üzrədir. Təxminən 4 dəfə artım baş verib. Ona görə də kartof ən vacib qida məhsullarından biri sayılır. Mütəxəssislər də qida rasionumuzda kartofun daha çox üstünlük təşkil etdiyini təsdiqləyirlər.
Modern.az əhali arasında apardığı sorğudan belə nəticəyə gəldi ki, bu ərzağın ikinci çörək kimi istifadə edilməsi onun doyumlu olmasından irəli gəlir. Paytaxt sakini Mərizə Nemətova kartofu çörəkdən sonra ikinci doyumlu ərzaq olduğunu deyir. Namiq Zamanov isə bu məhsulun ərzaq tamı kimi çox xoşladığını bildirir: “Bundan əlavə həm də çox doyumludur. Ətdən ucuz olduğu üçün hamı ala bilir. Həm də ki, demək olar ki, ətin tərkibinə olan bütün lazımi komponentlər var”.
Amma kartof həmişə indiki qədər populyar olmayıb. İlk dəfə kartofu Cənubi Amerika hinduları 14 min il bundan əvvəl becərməyə başlayıblar. Xristofor Kolumb Amerikanı 1492-ci ildə kəşf etdikdən sonra kartof ekzotik bitki kimi Avropaya gətirildi.
“Şeytan alması” və ya bəzək əşyası
Uzun müddət kartof az tapılan yemək növü hesab olunub və ancaq varlıların evində istifadə edilib. Hətta Rusiyada kartof saray xanımlarının özlərini bəzədikləri bir bitki olub. Sonradan kartof açıq sahələrdə əkilməyə başlayıb. Amma rus kəndliləri “şeytan alması” adlandırdıqları kartofu əkməkdən imtina ediblər. Kartofu ölkəmizə ilk dəfə 19-cu əsrin əvvəllərində Almaniyanın Vürtemburq krallığından Azərbaycana (indiki Xanlar və Şəmkir rayonlarına) köçürülmüş almanlar və Rusiyadan Azərbaycana (Yelizavetpol-Gəncə quberniyalarına), Lənkəran, Şamaxı və Quba qəzalarına sürgün edilmiş molokan dini təriqətindən olan rus kəndliləri əkiblər. Yerli əhali əvvəllər ”yer alması” adlandırdıqları kartofu (Cənubi Azərbaycanda indi də kartofa “yer alması” deyirlər) 20-ci əsrin əvvəllərində daha geniş becərməyə başladılar. Və bundan sonra kartof xalqın yemək rasionuna geniş daxil oldu.
Ölkə əhalisinin böyük hissəsinin kartofa olan tələbatını ödəyən Şəmkir, Tovuz və Gədəbəy rayonları olsa da, Cəlilabad, Astara rayonlarında ildə iki dəfə kartof yetişdirilir. Bunu Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev də təsdiqləyir. Onun sözlərinə görə, hər il ölkədə 66-67 min hektar kartof əkilir. Tələbatımız 400 min ton olsa da bundan təxminən 1,9 dəfə artıq təxminin 900 min tona yaxın məhsul əldə edilir.
Yerli məhsul hesabına tələbatımız ödənilməsinə baxmayaraq xaricdən də ölkəmizə məhsul idxal edilir. Son üç ayda xaricdən ölkəyə 16 min ton kartof gətirildiyini deyən şöbə müdiri ilin sonuna kimi bu rəqəmin artacağını da proqnozlaşdırdı. Onun sözlərinə görə, ölkə öz məhsulları hesabına tələbatı ödəsə də xaricdən kartof idxalının qarşısını almaq mümkün deyil. Çünki bunu ölkəyə iş adamları gətirir: “Məhsuldarlığı artırmaq üçün toxumçuluğun inkişafı ilə bağlı layihə işlənib. Hollandiyadan, Polşadan yeni kartof toxumları gətirilib ki, bu toxumlar artıq fermerlərə paylanıb. Artıq yeni toxumlar öz məhsuldarlığını göstərib. Belə ki, bu toxumlarla 10 ton kartof yetişdirmişik”.
Özümüz yeyək yoxsa heyvana verək
Ölkəyə gətirilən xarici kartofların keyfiyyətindən narazılıq edən nazirlik rəsmisinin sözlərinə görə, ölkəyə əsasən Türkiyə və İran kartofu idxal edilir. Bazarda bu kartoflara yer olmadığını etiraf edən S. Vəliyev onların əsasən yem, heyvandarlıq üçün nəzərdə tutulduğunun dedi:
“Elə vaxt olur ki, ölkəyə 10-20 min, hətta 50 min ton kartof gətirilir. Bəzi işbazlar xaricdən gətirilən kartofu Gədəbəy adı ilə bazara çıxartsalar da alıcıların əksəriyyəti bunu tanıyırlar. Belə kartofları istehlakçıların hamısı tanımalıdırlar. Rusiya və Belorusdan idxal olunan kartoflar palçıqlı olduğundan demək olar ki, bu məhsulu alıcıların hamısı tanıyır”.
“Marka” ya çevrilmiş “yer alması”
Kartofun keyfiyyəti, dadı onun əkildiyi torpaqdan asılıdır. Bu cəhətdən Azərbaycanda Gədəbəy rayonunda yetişdirilən kartof çox məşhurdur. Bu rayonda təqribən 180 ildir ki, kartof əkilir. Amma qışda və yazın əvvəllərində Rusiya, Türkiyə, Pakistan və İrandan gətirilən kartof “marka”ya çevrilmiş Gədəbəy kartofunu üstələyir. Xaricdən gətirilən kartof keyfiyyətsiz olmasına baxmayaraq yerli kartofdan ucuz olduğuna görə bazarlarda öz alıcısını tapır. Halbuki mütəxəssislər idxal kartofun mal-qara üçün yemlik olduğunu söyləyirlər. “Xarici” kartofun becərilməsində hansı kimyəvi gübrələrdən istifadə olunması da naməlumdur.
İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov da ölkəyə gələn kartof məhsulunun keyfiyyət göstəricisinin aşağı olduğunu deyir. Kartofun əsasən onun tərkibində olan nişastaya görə istehlak edildiyini deyən ekspertin sözlərinə görə, vaxtilə istehsal etdiyimiz Gədəbəy kartofunun keyfiyyət göstəricisinə görə analoqu yox idi: “İndi şəxsi təsərrüfatlarda tək-tük hallarda becərilən “ağ çiçək sortu”nun hamı həsrətindədir. Təəssüflər olsun ki, bu gün həmin növün kütləvi şəkildə əkilməsi mümkün deyil. Çünki bu sortun keyfiyyəti yüksək olsa da məhsuldarlığı aşağıdır. Keyfiyyətinə görə “ağ çiçəyim” sortuna yaxın olan “Telman” sortu daha çox əkilir. Amma hazırda aşağı sort kartof istehsal edirik”.
Gədəbəyin “markası” da keyfiyyətdən düşür
Ölkəmizin Gədəbəy, Şəmkir, Tovuz rayonları kartof markasına görə birinci yerdə olduğunu deyən mütəxəssis bu rayonlarda əla növ kartof yetişdirmək üçün münbit şəraitin olduğunu bildirdi: “İndi bir çox rayonlarda Cəlilabad, Masallıda kartof istehsalına daha çox fikir verirlər. Əslində biz faraş kartof istehsal edirik. Bu kartof da may ayının ortalarında əldə edilir və yalnız iki-üç ay müddətində saxlamaq mümkün olur. Bu növlər tez yetişdiyindən, tez də istehlaka gedir”.
Son illər ölkənin kartof məhsullarına olan tələbatını yerli istehsal hesabına ödənmədiyini söyləyən V. Məhərrəmov Gədəbəy, Şəmkirin və Tovuzun dağ kəndlərində istehsal olunan kartofun məhsuldarlığının ilbəil aşağı düşdüyünü deyir. O, keyfiyyətin aşağı düşməsini kartof sahələrinin azot gübrəsi ilə məhv edilməsi ilə əlaqələndirir. Həmin gübrənin boy artımı üçün nəzərdə tutulduğunu deyən ekspert çıxış yolu kimi bu gübrələrin kalium gübrələri ilə əvəz olunmasını təklif edir:
“Yumruların inkişafı üçün kalium gübrəsinə ehtiyac var. Ona görə də bu gübrədən istifadə edilsə məhsuldarlıq yüksək səviyyəyə çatar. Amma problem ondadır ki, fermerlər bu üsulu bilmirlər. Heç mütəxəssislər də bu barədə fermerlərə məlumat vermirlər. Elə ondan irəli gəlir ki, istehsal etdiyimiz kartofun məhsuldarlığı çox aşağıdır. Məsələn, ötən il hər hektardan 9 ton məhsul əldə edə bildik. Təsəvvür edin ki, fermer 3 ton toxum əkir amma 9 ton məhsul götürür. Bu da çox aşağı göstəricidir. Normal halda Gədəbəy, Şəmkir və Tovuz bölgələrində hər hektardan ən azı 25-30 ton məhsul götürülməlidir. Belə olan halda xaricdən məhsul idxal etməyə məcbur qalırıq. İdxal isə daha çox Türkiyə, İran, hətta Ərəb ölkələrinin hesabına ödənir”.
Kartofumuza da zəhər qatılır
V. Məhərrəmovun dediyinə görə, həmin ölkələrdən gətirilən kartof əsasən texniki sortlar olur ki, burada da yumruların həcmi böyük olur. Bunlardan da xammal kimi plastmas, spirt və kraxmal alırlar:
“Yumrular torpaqdan çıxarıldıqdan bir müddət sonra günəş altında göyərməsi üçün saxlanılır. Məqsəd isə bəzi zərərvericilərin məhsulu zay etməməsidir. Belə olan halda günəşin təsiri nəticəsində yumruda “salanin” deyilən zərərli maddə əmələ gəlir ki, bu maddənin təsirindən kartof yaşıl rəng alır və müxtəlif ziyanvericilər məhsula yaxınlaşa bilmirlər. Halbuki, sözügedən maddə insan orqanizmi üçün zəhərlidir.
Əgər insan həmin kartofu istehlak edərsə zəhərlənmə ilə nəticələnə bilər. Təəssüf olsun ki həmin kartoflar bəzi işbazlar üçün gəlir mənbəyinə çevrilir. Onlar belə məhsulu ucuz qiymətə alıb, baha qiymətə satırlar. Hazırda bazarda belə kartoflar olmasa da qış vaxtı belə kartoflar bazarda dolu olur”.
Belə kartofların heyvanları yemlənməsi üçün yararlı olduğunu deyən V. Məhərrəmov məhsulun insan orqanizmi üçün xeyrinin olmadığını söylədi.
Gültəkin Ələsgər